"Arkoz Qazax Sement Zavodu” MMC vətəndaşların etdikləri müraciətə hər zaman həssaslıqla yanaşır
Bu gün əminliklə deyə bilirik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır. Bu, hər bir dövlət məmuruna nümunədir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Qazax rayonunda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyi də ölkə Prezidenti İlham Əliyevin, eləcə də rayon rəhbərliyinin vətəndaşlara göstərdikləri qayğını əldə rəhbər tutaraq sakinlərin etdikləri müraciətlərə hər zaman həssaslıqla yanaşır. Həmişə xeyirxah əməlləri ilə fərqlənən zavod bu gün də öz ənənəsinə sadiq qalır. Daş Salahlı kəndində yeni məhəllə adlanan ərazidə yaşayan 60-a yaxın ailənin məişət suyu ilə bağlı probleminin aradan qaldırılmasında zavod öz köməyini əsirgəməyəcəkdir. Belə ki, zavoda gələn su xəttindən həmin ailələrə su verilməsi üçün lazımi addımlar atılacaqdır. İyulun 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və "Arkoz Qazax Sement Zavodu” MMC-nin əməkdaşları Daş Salahlı kəndində olub, sözügedən məhəllədə yaşayan həmin ailələrlə görüşüblər. Rayon rəhbəri "Arkoz Qazax Sement Zavodu” MMC-nin hər zaman olduğu kimi, bu gün də kənd sakinlərinin müraciətlərinə biganə qalmadıqlarını, onların su ilə bağlı probemlərinin aradan qaldırılmasında öz töhfələrini verdiklərini söyləyib və bu nümunəvi addıımlarına görə zavodun rəhbərliyinə minnətdarlığını bildirib. Məlumat üçün qeyd edək ki, Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr Evi-Uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilib. Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin əsaslı şəkildə yenidən qurulması, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evinin əsaslı şəkildə təmir olunması, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsi üçün yeni evin inşa edilməsi zavodun həyata keçirdiyi sosial layihələrdir.
Facebook-da paylaş