• Təqvim

  • Maraq



Yeni asfalt örtüyü vurulan Daş Salahlı kəndindəki Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüş olub

Fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan "Arkoz Qazax Sement Zavodu” MMC (əvvəlki adı "Qazax Sement Zavodu” MMC) Azərbaycanın iri sement istehsalçılarından biri olaraq illərdir ki, böyük layihələrə imza atır. Zavod fəaliyyəti dövründə öz xeyirxah əməlləri ilə hər zaman seçilir, rayonda görülən işlərə öz töhfəsini verir. Bunu zavodun yerləşdiyi Daş Salahlı kəndində həyata keçirdiyi sosial layihələr, çoxsaylı işlər söyləməyə əsas verir. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçasının və 3 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi dediklərimizin bariz nümunəsidir. Bundan başqa, pandemiya dövründə ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatların çatdırılması söylədiklərimizin əyani sübutudur. 

Xeyirxah əməllərini davam etdirərək öz ənənəsinə sadiq qalan "Arkoz Qazax Sement Zavodu” MMC şəhid ailələrinə, qazilərimizə hər zaman diqqət və qayğı göstərir. Zavodun rəhbərliyi və kollektivi daim şəhidlərimizin xatirələrini əziz tutaraq ehtiramla anır. Bu qayğının nəticəsidir ki, bu gün zavodda 11 nəfər şəhid ailəsinin üzvü çalışır. 

Ötən yazılarımızda Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması barədə məlumat vermişdik.

İyulun 31-də Qazax rayonunun Daş Salahlı kəndində Şəhidlər Xiyabanına çəkilmiş yeni yola və aparılmış abadlıq işlərinə yerində baxış keçirilib, eyni zamanda, şəhid ailələri ilə görüş olub.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, tənqidçi, ədəbiyyatşünas, professor Rüstəm Kamal, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert Natəvan Dəmirçioğlu, "Arkoz Qazax Sement Zavodu” MMC-nin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar, təhsil işçiləri, kənd sakinləri, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, igid Vətən oğullarına olan sonsuz ehtiram ifadə olunub. 

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına yasin oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla anılıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, qonaqları və şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri şəhidlərimizə Allahdan rəhmət, ailələrinə bir daha səbir diləyib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. 


İcra başçısı Zavodun fəaliyyətə başladığı ilk gündən kənddə bir çox layihələrə imza atdıqlarını, bunun bariz nümunəsi olaraq kənddə Körpələr Evi-Uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulmasını, pandemiya dövründə şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatların çatdırılmasını göstərib. 


Rayon rəhbəri qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısının nəticəsidir ki, onlar da öz növbələrində bu cür xeyirxah əməllərə imza atırlar. Bu nümunəvi təşəbbüsünə görə şəhid ailələri və kənd sakinləri adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə təşəkkürlərini çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib.


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. “Bu gün bu müqəddəs məkanda, and yerimiz, ziyarətgahımız olan xiyabanda şəhid ailələri ilə bir yerdə olmaq hər birimiz üçün qürurvericidir. Biz şəhidlərimizin ruhundan güc alırıq, onlarla hər zaman fəxr edirik. Onların Azərbaycan xalqı və dövləti üçün gördüyü işləri heç zaman unutmuruq və unutmayacağıq. Şəhidlərimizin canlarından keçməsi sayəsində bu gün bizlər bu xoş anları yaşayırıq”, - deyən millət vəkili Səməd Seyidov şəhid ailələrinin, qazilərimizin onun üçün əziz və doğma insanlar olduğunu söyləyib. Millət vəkili ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından söz açaraq həmin qayğının Qazax rayonunda rayon rəhbərliyi tərəfindən olduğu kimi icra edildiyini söyləyib. "Arkoz Qazax Sement Zavodu” MMC-nin Daş Salahlı kəndində həyata keçirdiyi layihələri, xüsusilə də şəhidlərimizin adı ilə bağlı gördükləri işləri yüksək qiymətləndirən S.Seyidov bir millət vəkili olaraq zavodun rəhbərliyinə minnətdarlığını bildirib. 


Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb, bugünkü tədbirdə iştirak etməkdən, şəhid ailələri ilə olan görüşdən məmnunluq hissi duyduğunu, şad olduğunu söyləyib. Millət vəkili Qazaxa hər səfəri zamanı bir yeniliyin, abadlığın, quruculuğun şahidi olduğunu vurğulayıb. “Hər bir vətəndaşın, dövlət məmurunun borcudur ki, daim şəhid ailələrinin yanında olsun, dərdlərinə şərik çıxsın. Şəhidlərimizin ailəsi bizim doğma ailəmizdir”, - deyən millət vəkili bugünkü görüşün də məhz bu amala xidmət etdiyini qeyd edib. 


"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov çıxışı zamanı tədbir iştirakçılarını və şəhid ailələrini salamlayıb, Vətən naminə canını fəda edən şəhidlərimizlə qürur duyduğunu bildirib. İ.Pirməmmədov ziyalılar adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə doğma kəndi olan Daş Salahlıda gördükləri işlərə görə minnətdarlığını bildirib. 


Kənd ağsaqqalı, təqaüddə olan müəllim Nemət Əliyev çıxış edərək "Arkoz Qazax Sement Zavodu” MMC-nin kənddə gördüyü genişmiqyaslı işlərə görə Daş Salahlı kənd sakinləri, ağsaqqalları, ziyalıları adından minnətdarlığını çatdırıb.


Salahlı kənd sakini Asif Mehtiyev "Arkoz Qazax Sement Zavodu” MMC-nin kənddə gördüyü işlərdən söz açaraq bunun bariz nümunəsini övladlarının evi yanan zaman gördüyünü, zavod rəhbərliyi tərəfindən onlara dəstək göstərildiyini, yanmış evin yenidən qurulduğunu söyləyib. 


Kənd ağsaqqalı, təqaüddə olan müəllim Tofiq Cəfərov da ölkə və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından söz açaraq razılığını ifadə edib. Zavod rəhbərliyinin şəhidlərimizə verdiyi dəyərin bariz nümunəsi olaraq xiyabana gələn yolun asfaltlanmasını göstərib və buna görə təşəkkür edib.   


"Arkoz Qazax Sement Zavodu” MMC-nin əməkdaşlarından, şəhid övladı İlham Alıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, zavod rəhbərliyinin səmimi ürək sözlərini çatdırıb. Zavodun rəhbərliyi olaraq hər zaman dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə göstərdikləri qayğını əldə rəhbər tutaraq onların yanında olduqlarını qeyd edib. Bir qazaxlı olaraq zavodun Daş Salahlı kəndində həyata keçirdiyi soial layihələrdən, gördüyü nümunəvi işlərdən qürur duyduğunu vurğulayıb. 


Çaylı kənd sakini, aşıq Camoy Qurbaov çıxış edərək torpaqlarımızın azadlığı yolunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, Azərbaycan xalqı var olduğu müddətcə igid Vətən oğullarının daim qəlblərdə yaşayacağını söyləyib.    

 

Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert Natəvan Dəmirçioğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Dövlətimizin, ölkə başçısının şəhid ailələrinə, qazilərə göstərdiyi qayğının Qazax rayonunda yüksək səviyyədə hiss olunduğunu bildirib. Birinci Qarabağ müharibəsində iştirak etmiş bacısı Vəfa Dəmirçioğlunun timsalında həmin qayğını əyani şəkildə gördüyünü vurğulayaraq, şəhərin mərkəzində Şəhidlər Xiyabanının qarşısında bacısının adını əbədiləşdirən bulağın inşasına görə ailəsi adından bir daha rayon rəhbərliyinə minnətdarlığını bildirib. 


Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək şəhidlərimizin adı ilə bağlı bir tədbirdə iştirak etməkdən qürur hissi keçirdiyini bildirib. “Şəhidlər ölmürlər, onlar daim qəlblərdə yaşayırlar. Nə qədər Azərbaycan var şəhidlərimiz də daim yaşayacaq”, - deyən A.Nəbiyev şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhları qarşısında baş əydiyini söyləyib.  

Şəhid ailələri ilə səmimi söhbət əsasında keçən görüşün sonunda xatirə şəkli çəkdirilib.    

GOYEZEN.AZ



Facebook-da paylaş