Gənclər Vətən müharibəsi şəhidi kiçik gizir Röyal Mədətovun ailəsini ziyarət ediblər
Döyüş yoldaşları tərəfindən
"Qara qartal” ləqəbi verilən kiçik gizir Mədətov Röyal Şahin oğlu 28 yaşında Şəhidlik zirvəsinə ucaldı. Vətən müharibəsi başlayanda ölümün gözünə
dik baxaraq torpaqlarımızın azadlığı uğrunda vuruşdu, döyüş yoldaşları ilə
birlikdə adını xalqımızın qəlbinə və hərb tariximizə qızıl hərflərlə yazdırdı. Mayın 14-də ölümündən sonra
göstərdiyi igidliyə görə "Azərbaycan Bayrağı” ordeni, "Vətən
uğrunda”, "Şuşanın azad olunmasına
görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad
olunmasına görə”, "İgidliyə görə”,"Füzulinin azad olunmasına görə”
medalları ilə təltif olunmuş şəhid kiçik gizir Röyal
Mədətovun cənnətdəki növbəti doğum günü qeyd olundu. İgid
Vətən oğlunun yaşasaydı 30 yaşı tamam olacaqdı... Mayın 16-da "Qazax
Gənclər evi” sosial xidmət müəssisəsinin bir neçə əməkdaşı və könüllüsü igid Vətən oğlunun doğulub boya-başa
çatdığı Hüseynbəyli kəndində olub, şəhidimizin ailəsini ziyarət ediblər. Şəhidimizin
anası Zərifə Cəlilova ilə görüşən gənclər qəhrəman şəhidimizlə fəxr edib qürur
duyduqlarını söyləyiblər. İllər ötsə belə Röyal Mədətov kimi oğullarımızın daim
qəlblərdə yaşayacaqlarını bildiriblər.
Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. "N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamladəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur. Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər.
Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 28
yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında
göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O,
ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli
Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə”,
"Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları, 5 noyabr 2021-ci il tarixli
Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı” ordeni, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Şəhid
adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız
küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına
əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə "Azərbaycan Bayrağı”
ordenli şəhidimizin adı verilib. GOYEZEN.AZ
Facebook-da paylaş