Bu gün döyüş yoldaşlarının "Qara qartal" ləqəbi verdiyi kiçik gizir Röyal Mədətovun ildönümüdür
2020-ci
ilin 27 sentyabrı xalqımızın yaddaşına əbədi həkk olundu. Nə qədər çətin bir il
olsa da, biz həmin ili Qələbə ilə başa vurduq. Bu Qələbəni bizlərə Prezident, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli
Ordumuz torpaqlarımızı erməni işğalçılarından azad edərək bəxş etdi. 30 illik həsrətdən
sonra bu gün biz qalib ölkənin vətəndaşı olaraq Qarabağa Böyük Qayıdışın təntənəsini
yaşayırıq. Və bu Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər
və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə,
sağlamlığını torpaq üçün fəda edən qazilərimizə borclu və minnətdarıq. 28
yaşlı kiçik gizir Mədətov Röyal Şahin oğlu da Vətən müharibəsi başlayanda
ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşdü və
yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazdı. Bu gün, oktyabrın 24-də qəhrəman şəhidimizin uğrunda canını fəda
etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. İgid Vətən oğlunun
ata ocağında ildönümü qeyd olunub, şəhidimizin əziz xatirəsi ehtiramla yad
edilib. İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin
məsul şəxsləri, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan
Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax
rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Hüseynbəyli
kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, Vətən müharibəsi
qaziləri, iştirakçıları, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd
sakinləri iştirak ediblər. İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi
ehtiramla yad olunub. Qəhrəman şəhidimizin təltif
olunduğu "Şuşanın azad
olunmasına görə” medalı anasına
təqdim olunub.
Qazax Rayon İcra
Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə
Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra
başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini
çatdırıb. A.Vəliyev 44 günlük Vətən müharibəsində
Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid
Vətən oğullarının xatirələrinin daim əziz tutulacağını qeyd edib. Vətən uğrunda
canından keçən bütün şəhidlərimizin, o cümlədən Röyal Mədətovun hər zaman dərin
ehtiramla yad ediləcəyini bildirib. Röyal tək qəhrəman oğullarımızla nəinki
doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini, hər bir azərbaycanlının
qürur duyduğunu söyləyib. Şəhidlərimizi yad etməyin, xatirələrini əziz tutmağın,
ən əsası da igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlığı
gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin borcu olduğunu qeyd
edib. A.Vəliyev əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər
Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha
dilə gətirib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə
göstərdikləri qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman əsas
götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının
bundan sonra da yüksək səviyyədə olacağını bildirib. Bütün şəhid ailələri kimi,
Röyal Mədətovun ailəsinə də dövlət və rayon rəhbərliyi tərəfindən daim diqqət
ayrıldığını vurğulayıb. Şəhid anası Zərifə Cəlilova oğlu Röyalın
timsalında bütün şəhidlərimizlə hər zaman fəxr edib, qürur duyacağını söyləyib.
Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını
ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya,
rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk
gündən xatirəsinin daim yad olunmasını Röyalın timsalında bütün şəhidlərimizə
olan hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib. Kiçik gizir
Mədətov Röyal Şahin oğlu Şəhid Röyal
Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində
anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam
orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini
bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci
ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel
döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına
qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. "N” saylı hərbi
hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik
gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman
şəhidimiz 24.10.2020-ci il
tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur. Gözündə
qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi
vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi.
28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş
meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi.
O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Vətən uğrunda”, 29
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin
azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə
təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş