• Təqvim

  • Unutma

  • Maraq



"Qara qartal" ləqəbli kiçik gizir Röyal Mədətovun doğum günü ailəsi ilə birlikdə qeyd olunub


Yola saldığımız 2020-ci il çətin, lakin şərəfli bir il oldu. Bir çox çətinliklər və problemlərin olmasına baxmayaraq biz 2020-ci ili Qələbə ilə başa vurduq. 44 günlük Vətən müharibəsində Azərbaycan tarix yazan bir dövlət kimi yaddaşlara yazıldı. 27 sentyabrdan başlayan və Azərbaycanın şanlı tarixinə 10 noyabr – Qələbə Günü kimi qızıl hərflərlə daxil olan böyük Zəfərimiz bütün dünyaya dövlətimizin və ordumuzun gücünü göstərdi. Bu Qələbəni bizlərə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalçılarından azad edərək bəxş etdi. 30 illik həsrətdən sonra biz qalib ölkənin vətəndaşı olaraq Qarabağa qayıdışın təntənəsini bu gün də yaşayırıq. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Və bu Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən yaralı qazilərimizə minnətdarıq.

Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyaraq 28 yaşında Şəhidlik zirvəsinə ucalmış kiçik gizir Mədətov Röyal Şahin oğlu da Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşdü və yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazdı. Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid Vətən oğlunun yaşasaydı bu gün 29 yaşı tamam olacaqdı.

Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun xatirəsi hər zaman əziz tutulur.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı Qazaxda da hər zaman örnək götürülür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşır. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir.İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 29 yaşını qeyd etdiyimiz kiçik gizir Mədətov Röyal Şahin oğlunun xatirəsi də yad olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, vaxtilə oxuduğu Alı Əliyev  adına Hüseynbəyli kənd tam orta məktəbin direktoru Mahirə Abbasova şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.




Şəhidimizin ruhuna dua oxunduqdan sonra Röyal Mədətovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Şəhidimizin otağında şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olaraq Röyal Mədətov kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Röyalın xatirəsinin daim əziz tutulacağını bildiriblər.







Müavin Gulaya Həsənova rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə payı olan Röyal kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib. Azərbaycan xalqı var olduqca şəhidlərimizin daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhidlərimizin göstərdikləri igidliyin, qəhrəmanlığın bugünkü və gələcək nəsillər üçün hər zaman örnək olacağını vurğulayıb. "Şəhidlərimizi yad etmək hər birimizin vəzifə borcudur. Bizlər də Röyalın doğum günündə onun əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə baş çəkməyi, doğum gününü sizlərlə bir yerdə qeyd etməyi özümüzə borc bildik”, - deyən müavin şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.


Qazax RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhidimiz haqqında ürək sözlərini bölüşərək Röyalın Vətən torpaqlarının azadlığını hər zaman hər şeydən üstün tutduğunu, ölümün gözünə dik baxaraq şəhid olmaqdan bir an olsun belə çəkinmədiyini vurğulayıb. Röyal kimi qəhrəman oğullarımızla hər zaman fəxr etdiyini dilə gətirib. Bir qazi olaraq ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.

 

Övladı haqqında ürək sözlərini bölüşən şəhidimizin anası Zərifə Cəlilova Röyalın hər zaman torpaq, yurd-yuva, Vətən sevdalı olduğunu bildirib. Qeyd edib ki: "Bu gün tək təsəllimiz odur ki, Röyal təkcə öz el-obasının deyil, bütöv Azərbaycanın oğludur, şəhididir. Necə ki, mən övladımla fəxr edirəm, eləcə də bütöv Azərbaycan Röyalımla fəxr edir”.

Qardaşı ilə hər zaman qürur duyduğunu bildirən şəhidimizin qardaşı Taleh Mədətov da Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Qardaşı Röyalın Vətən torpaqlarını düşmən tapdağından azad etməyi özünün həyat amalı bildiyini vurğulayıb. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qardaşının doğum günündə onun xatirəsinin yad olunmasını Röyalın simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.

Kiçik gizir Mədətov Röyal Şahin oğlu


Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağrılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır.

2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı. Xidməti müddətində özünü bacarıqlı, səriştəli, döyüş texnikasının sirlərinə yiyələnmiş bir hərbçi kimi göstərərək fərqləndi. Röyal Mədətov daim təhsilini artırmaq qayğısına qalır, öz üzərində çalışırdı. O, xidmət edən müddətdə kurslara qatılaraq yüksək nəticələr göstərmişdi. Sınaqlardan 116 nəfərdən cəmi 6 nəfər keçmiş və Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilmişdi. Onlardan biri də Röyal Mədətov idi. Üstəlik, Röyal normativləri yüksək nəticə ilə yerinə yetirdiyi üçün ona kiçik gizir rütbəsi də vermişdilər.

2016-cı ilin Aprel döyüşləri onun ömür dastanında yeni bir səhifə açdı. İştirakçısı olduğu vuruşmaların birində yaralandı. Müalicə aldıqdan sonra təkrar olaraq ordu sıralarına qayıdıb kiçik gizir kimi hərbi xidmətini davam etdirməyə başladı.

"N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. Vətən müharibəsində əsl igidlik və qəhrəmanlıq göstərib. Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərilirdi. "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrdə xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov Qırmızı bazar (Şuşa istiqamətində) kəndi uğrunda gedən vuruşmada 22 oktyabr 2020-ci il tarixində snayperin atdığı güllə ilə düz ürəyindən vurulub və döyüş meydanında şəhid olub. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.

28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda” 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.





     

GOYEZEN.AZ



Facebook-da paylaş