• Təqvim

  • Maraq



İcra başçısı Şuşa uğrunda gedən döyüşlərdə yaralanmış gizir Elcan Qasımovu evində ziyarət edib


44 günlük müharibədə tarix yazan Azərbaycan! 27 sentyabrdan başlayan və Azərbaycanın şanlı tarixinə 10 noyabr – Qələbə Günü kimi qızıl hərflərlə daxil olan böyük Zəfərimiz. Bu, o tarixi zəfərimizdir ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Bütün dünyaya səs salan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük Qələbəni bizlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri yaşatdı. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq.

Fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailələrinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə diqqət ayıran, qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov başladığı ənənəni bu gün də davam etdirir. Rayon rəhbərliyinin qayğısı sayəsində bu amil bu gün də əsas götürülür. 

Dəmirçilər kəndində şəhidimiz gizir Turan Məmmədovun ailəsini ziyarət edənQazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin kənddə yaşayan yaralımıza da baş çəkib.

2017-ci ildən Bərdə, Ağdam və Qazax rayonlarında "N” saylı hərbi hissələrdə xidmət edən Dəmirçilər kənd sakini gizir Qasımov Elcan Qasım oğlunu Şirvan şəhərində xəstəxanada müalicə aldığı müddətdə daim diqqətdə saxlayan rayon rəhbəri doğma ailəsinin yanına qayıtdıqdan sonra bu dəfə evində ona baş çəkib. Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev və icra aparatının məsul şəxsləri ilə birlikdə Şuşa istiqamətində gedən döyüşlərdə yanına tank mərmisi düşməsi nəticəsində ayağından yaralanan qazimizin evində olan rayon rəhbəri onun səhhəti və qayğıları ilə maraqlanıb.


İcra başçısı Vətən müharibəsində iştirak edən bütün hərbçilərin onun üçün doğma, əziz olduğunu bildirib və səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri ona tez bir zamanda sağalaraq döyüş yoldaşlarının yanına qayıtmağı arzu edib. Ölkə Prezidentinin hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğısını əldə rəhbər tutan rayon rəhbəri bu sahədə olan diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

İcra başçısı bu gün başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqının Elcan kimi igid, vətənpərvər oğullarımızla fəxr etdiyini, qürur hissi keçirdiyini bildirib. Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərən, şanlı tarix yazan belə qəhrəman oğulların gələcək nəsillərə bir nümunə olduğunu qeyd edib.

 

Vətən uğrunda gedən döyüşlərdə yaralanan gizir Elcan Qasımov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini yerinə yetirən şanlı Azərbaycan Ordusunun sonda qələbə qazanacağına əmin olduqlarını bildirib. Bu döyüşdə qarşısına işğal altında olan torpaqları azad etməyi, şəhidlərimizin, eləcə də Qazax rayonunun sərhəd bölgələrində düşmənə qarşı cəsurluqla vuruşan və 1994-cü il iyul ayının 14-də şəhid olan əmisi Qasımov Rizvan Eldar oğlunun qisasını almağı məqsəd qoyan Elcan öz məqsədinə çatdı. Bu gün Elcan kimi oğullarımızın sayəsində işğaldan azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Dövlətin, dövlət başçısının qayğısından razılıq edən Elcan buna görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Xəstəxanada olan zaman daim onunla maraqlandığına görə təşəkkürünü çatdırıb. Hər zaman dövlətin, ölkə rəhbərinin onların arxasında olduğunu vurğulayıb. Onunla birlikdə çiyin-çiyinə vuruşan və şəhid olan döyüş yoldaşlarına Allahdan rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını, ailələrinin yanına qayıtmalarını arzulayıb.

"Oğul Vətən üçündür”, - deyən yaralı hərbçimizin atası Qasım Qasımov təkcə övladı Elcanla deyil, Vətən müharibəsində vuruşan və bizlərə Qələbə sevinci yaşadan bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirib. Elcanla yanaşı, iki oğlunun da şanlı Vətən müharibəsində iştirak etdiyini və bu gün düşmən tapdağından azad olunan rayonlarımızda Vətənin keşiyində dayandıqlarını qeyd edən ata əmilərinin qisasını aldıqlarına görə övladları ilə qürur duyduğunu bildirib. Ailə üzvləri adından Elcana, eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.


 

GOYEZEN.AZ



Facebook-da paylaş