• Təqvim

  • Maraq



“Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilən qazaxlı şəhid kiçik gizir Röyal Mədətovun ailəsi və məzarı ziyarət olunub

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


Ötən ilin 27 sentyabrından başlayan və 10 noyabrında böyük tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi, İkinci Qarabağ savaşı! Zəfər dolu həmin günlərdən xeyli vaxt ötməsinə baxmayaraq Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olmaq sevincini bu gün də yaşayır. Bu sevinci isə bizlərə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bəxş etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı neçə-neçə igid Vətən oğlu doğma torpaq, yurd uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə yüksəldilər. Onlar uca bir məqama çatmaqla həm də öz adlarını hərb tariximizə və xalqın yaddaşına əbədi həkk etdilər.

Bu Qələbəni bizlərə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalçılarından azad edərək bəxş etdi. 30 illik həsrətdən sonra bu gün biz qalib ölkənin vətəndaşı olaraq Qarabağa qayıdışın təntənəsini yaşayırıq. Və bu Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən yaralı qazilərimizə minnətdarıq.

Şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlu da Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşdü və yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazdı.

44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrini əziz tutmaq hər birimizin borcudur.

Qazax Rayon Gənclər və İdman İdarəsinin kollektivi də Vətən uğrunda canından keçən şəhidlərimizi və onların ailələrini daim diqqətdə saxlayır.

Bu gün öz ənənəsinə sadiq qalan idarənin əməkdaşları Xüsusi Təyinatlı Qüvvələrin giziri, sərbəst güləş üzrə zona və respublika yarışlarının mükafatçısı, şəhid idmançı Mədətov Röyal Şahin oğlunun məzarını ziyarət edib, qəbri üstünə gül dəstələri düzərək şəhidimizə olan ehtiramlarını bildiriblər. Şəhidimizin Qazax rayonunun Hüseynbəyli kəndində yaşayan ailəsinə baş çəkiblər.




Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi ədalətin bərpası olduğunu, haqq-ədalət uğrunda gedən mübarizədə idmançıların da igidlik nümunəsi göstərərək, Vətən uğrunda qəhrəmancasına şəhid olduqlarını bildirib. 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbənin müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmayacağını və gələcək nəsillərimiz üçün hər zaman örnək olacağını, şəhidlərin ailələrinin həmişə diqqət və qayğı ilə əhatə olunacağını, onların əziz xatirəsinin xalqımız tərəfindən daim anılacağını qeyd edib. V.Nəbiyev ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə olan diqqət və qayğılarının hər kəs üçün bir nümunə olduğunu, hər birimizin həmin qayğını əldə rəhbər tutaraq şəhidlərimizi yad etməli olduğumuzu vurğulayıb. Röyal Mədətov kimi igid Vətən oğullarının qəlbimizdə əbədi yaşayacağını bir daha dilə gətirib və ailəsinə səbir diləyib.




Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2011-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. "N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.

Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda” 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.    


 

GOYEZEN.AZ



Facebook-da paylaş