• Təqvim

  • Unutma

  • Maraq



Bu gün döyüş yoldaşlarının "Qara qartal" ləqəbi verdiyi “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidinin cənnətdəki doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində tarix yazan Azərbaycan! Azərbaycanın şanlı tarixinə 10 noyabr – Qələbə Günü kimi qızıl hərflərlə daxil olan böyük Zəfərimiz. Bu, o tarixi zəfərimizdir ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Bütün dünyaya səs salan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük Qələbəni bizlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri yaşatdı. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları, şəhidlərimiz, qazilərimizlə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq. 

28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Mədətov Röyal Şahin oğlu da Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşdü və yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazdı.

Bu gün ölümündən sonra göstərdiyi igidliyə görə bir orden, altı medalla təltif olunan şəhid kiçik gizir Röyal Mədətovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 30 yaşı tamam olacaqdı...


GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Röyal Mədətov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Röyal kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Röyal tək oğullardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!

Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. "N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamladəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.


Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı” ordeni, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.        

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə "Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.













Facebook-da paylaş