Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "Təmiz nəfəs, sağlam həyat!" layihəsinə start verib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "Təmiz nəfəs, sağlam həyat!" layihəsinə start verib. Layihə çərçivəsində 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş görüş təşkil olunub.
Tədbirdə Qazax Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Hikmət Nəsibov və narkoloq-həkim Nahidə Osmanova çıxış ediblər. Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edən natiqlər ölkəmizdə bu bəlanın qarşısının alınması istiqamətində mühüm işlər aparıldığını vurğulayıblar.
Bildirilib ki, narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə 1987-ci ildə BMT-nin müvafiq qərarı ilə hər il iyun ayının 26-sı dünyada Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
Çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırıblar. Diqqətə çatdırılıb ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur. Hər bir gənc çalışmalıdır ki, zərərli vərdişlərdən uzaq dursun, özünü və ətrafdakıları qorusun.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş