"Gənc Könüllülər" "Azərxalça" ASC-nin Qazax filialına ekskursiya ediblər
Xalçaçılıq
sənəti və xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Bu sənət
və hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşünü və inancları ilə bağlı simvolları
əks etdirib.Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın
özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz
bu mənada xalçaçılığın inkişafı tarixi mədəni və maddi irsin qorunması
baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu sahə də dövlətimizin diqqət mərkəzindədir və qayğısı ilə tam əhatə olunub. Xalçaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər
çox böyük önəm daşıyır. Çünki keçmişlə bu günümüz arasında körpü rolunu oynayan
xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin
öyrənilməsi üçün zəngin bir xəzinədir. Azərbaycan
ikinci dəfə müstəqillik qazandıqdan və Ulu Öndər Heydər Əliyevin yenidən siyasi
hakimiyyətə qayıdışından sonra da xalçaçılığın inkişafında yeni mərhələ
başladı. Bu gün isə Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident
cənab İlham Əliyev də bu sahənin inkişaf etdirilməsi və əvvəlki şöhrətinin
bərpa olunması istiqamətində məqsədyönlü işlər görür. Məhz ölkə başçısının 5
may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması, 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan
Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair
2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bunun bariz
nümunəsidir. Həmin dövlət proqramının uğurla icra olunmasının əyani sübutu isə
bölgələrimizdə xalça müəssisələrinin sayının ildən-ilə artması və xalçaçılıq
sənətinin yaşadılmasıdır. Respublikamızın əksər bölgələrində olduğu kimi,
Qazaxda da "Azərxalça” ASC-nin filialı fəaliyyət göstərir. Tam əminliklə
söyləyə bilərik ki, şəhərin mərkəzində tikilib
istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən xalça müəssisəsi
istər qədim el sənəti olan xalçaçılığın inkişaf etdirilməsi, həm də xalçaçılara
olan qayğının əyani göstəricisidir. Hazırda müəssisədə 110 nəfər
xalçaçı çalışır. Diqqətçəkən məqamlardan biri isə odur ki, xalça
müəssisəsinin fəaliyyəti istər rayonumuza gələn qonaqlar, istərsə də rayon
sakinləri tərəfindən maraqla qarşılanır. Xalça müəssisəsində qurulmuş xanaları,
orada olan xalçaları yaxından izləmək üçün bu məkana səfər edənlərin sayı gündən-günə
artır. Bu gün
isə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Gənc
Könüllülər" "Azərxalça" ASC-nin Qazax filialına səfər ediblər. Müəssisə ilə yaxından tanış olan gənclərə Azərbaycanın
tarixi xalçaçılıq mərkəzlərindən biri olan Qazaxın səciyyəvi xalçaları barədə
ətraflı məlumat verilib. Bildirilib ki, bu bölgədə toxunan xalçalar ağır
çəkili, uzun, yumşaq, eləcə də parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı
olması ilə seçilir. Bu qrupa aid olan xalçaları dünyada məşhurlaşdıran onların
qədimliyi və bədii quruluşunun sabitliyidir. Onların kompozisiya quruluşunda
əsrlər boyunca formalaşmış mücərrəd, həndəsi, stilizə edilmiş naxışlar üstünlük
təşkil edir. Bölgədə toxunan "namazlıq”lar beynəlxalq ekspertlər tərəfindən
tarixiliyinə, unikal tərtibatına, zəngin naxışlarına görə hər zaman yüksək
qiymətləndirilir. Qeyd olunub ki, hazırda dünyanın məşhur muzeylərinin,
şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı xalça örnəkləri qədim
Azərbaycan mədəniyyətini layiqli şəkildə təmsil etməkdədir. XIV əsrə aid Qazax
xalçası Berlin İncəsənət Muzeyində, XVIII əsrə aid nümunələr Nyu-Yorkdakı
"Metropoliten” Muzeyində, Sankt-Peterburqun "Ermitaj”ında, Rusiya Etnoqrafiya
Muzeyində, Londonun "Viktoriya və Albert” Muzeyində, Budapeştin İncəsənət
Muzeyində saxlanılır. Bu gün Qazax filialının toxucuları həmin xalçaların
çeşniləri əsasında da yeni sənət əsərləri yaradırlar. Diqqətə çatdırılıb ki, bu gün xalça müəssisəsində
işləyənlər arasında gənclər də üstünlük təşkil edir. Çalışan həmin gənclər
ömrünü bu sənətə həsr edən, uzun illər xalçaçılıqla məşğul olan toxucularla bir
yerdə çalışır, onlardan sənətin sirlərini daha dərindən öyrənirlər. Beləliklə,
xalçaçılıqda varislik təmin olunur, qədim el sənətimiz yaşadılaraq gələcək
nəsillərə ötürülür.
GOYEZEN.AZ
Facebook-da paylaş