"Səyyar Gənclər Xidməti" layihəsi Qazaxın Birinci və İkinci Şıxlı kəndlərində yaşayan gənclərə xoş anlar bəxş edib
Xəbər verdiyimiz kimi,
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə ilk olaraq Qazaxdan start götürən
"Səyyar Gənclər Xidməti" layihəsi uğurla icra olunur. Qazax, Şəmkir və Biləsuvar rayonları üzrə 16
kəndi və 1600 nəfəri əhatə edən layihə gənclər tərəfindən də böyük maraqla
qarşılanır. Qazaxda reallaşan layihə 5 kəndi - Daş Salahlı, Çaylı, İkinci
Şıxlı, Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərini əhatə edir. Layihə çərçivəsində növbəti
səfərlər Qazax rayonunun Birinci və İkinci Şıxlı kəndlərinə olub. M.Həsənov adına Birinci Şıxlı və V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəblərində
həyata keçirilən layihə çərçivəsində gənclərə unudulmaz anlar bəxş edilib. Tədbirlərdə çıxış edən
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov
əvvəlcə "Səyyar Gənclər Xidməti" layihəsi, eləcə də layihənin məqsəd
və əhəmiyyəti barədə məlumat verib. Sonra Azərbaycan Respublikasının Gənclər
Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin həyata keçirdiyi layihələrdən, dövlətin,
ölkə rəhbərinin gənclər üçün yaratdığı şəraitdən, gənclərə olan diqqət və qayğıdan
söz açıb. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında
aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova da layihənin əhəmiyyətini qeyd edərək bu cür
layihələri yüksək qiymətləndirib. Tədbirlərdə K.Cəfərova tərəfindən gənclərin
ilkin psixoloji diaqnostikası aparılıb. Onlarla təlim-tərbiyə, inkişaf, həyatda
öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətlər,
özünütərbiyə və peşəyönümü ilə bağlı konsultasiya da keçirilib. Həmçinin "bullinq”, qız övladlarının psixoloji
tərbiyəsi mövzusunda da fikirlər çatdırılıb. Layihənin məqsədinə uyğun olaraq Qazax rayon Uşaq xəstəxanasının baş həkimi Üzeyir
Vəliyev və xəstəxananın pediatrı Sevil
Məmmədova tərəfindən isə gənclərin ödənişsiz tibbi müayinədən keçirilməsi,
ilkin tibbi yardımın göstərilməsi və sanitariya-gigiyena qaydaları mövzularında
məlumatlandırma sessiyası təşkil olunub. Birinci Şıxlı kəndində baş
tutan tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin
təlimçiləri tərəfindən də ilk yardım mövzusunda təlimlər keçirilib. Hər iki görüşdə gənc
təlimçilər Aysel Kərimova və Nicat Məmmədov gənclərin peşə məktəblərinə
yönləndirilməsi, könüllülük, ixtisas seçimi və karyera inkişafı, təlimçi-bloqer
Azər Qasımov isə sosial şəbəkələrdə qeydiyyat və onlardan səmərəli istifadə ilə
bağlı təlim keçib. A.Qasımov həmçinin gənclərə rəqəmsal marketinq və SMM
mütəxəssis peşəsi barədə ətraflı məlumat verib. Daha sonra "Səyyar
Gənclər Xidməti" layihəsinin əyləncəli hissəsinə start verilib. Burada
kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib.
Gənclər arasında intellektual viktorinalar, darts, stolüstü tennis və top
çiləmə oyunları üzrə mini müsabiqələr təşkil olunub. Qeyd olunan yarışmalarda
fərqlənən gənclər Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılıblar. Tədbir DJ Hüseyn Bağırovun rəngarəng musiqi nömrələri ilə
müşayiət olunub. Onu da qeyd edək ki, hər bir görüşdə 100-dən çox gənc layihədə
maraqla iştirak edib.
GOYEZEN.AZ
Birinci Şıxlı kəndində olan tədbirdən...
İkinci Şıxlı kəndində olan tədbirdən...
Facebook-da paylaş