Qazaxda “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə "Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun, AMEA-nın əməkdaşları, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının üzvləri, ziyalılar, təhsil, mədəniyyət işçiləri, universitet və kollec tələbələri, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qazax RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov tədbiri giriş sözü ilə açaraq qonaqları rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Respublika Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ziyalılarımıza, şairlərə, söz adamlarına verdiyi yüksək dəyərdən danşıb. M.Orucov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında ölkə Prezidentinin imzaladığı 18 noyabr 2018-ci il tarixli, 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında imzaladığı 11 yanvar 2019-cu il tarixli Sərəncamları şairin simasında Azərbaycan ədəbiyyatına və ziyalısına verilən ən böyük qiymət olduğunu bildirib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağacın əkilməsi ideyasını dahi şairin xatirəsinə ehtiramla yanaşı, ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib və yüksək qiymətləndirib. Tarixən elm, sənət beşiyi sayılan Qazaxda belə bir tədbirin keçirilməsini yüksək dəyərləndirib və Fondun rəhbərliyinə minnətdarlığını çatdırıb.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov çıxış edərək İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu bildirib. Qeyd edib ki, O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Nəsimi fəlsəfi məqamı dəyərlərimizin ifadə forması, eləcə də dəyərlərə bağlılığı aşılayan məqamdır.
AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək böyük şair, filosof İmadəddin Nəsiminin dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olduğunu, sözün böyük mənasında Nəsiminin öz həqiqətini, öz "ənəlhəq”ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə əfsanələrə çevirdiyini, mərdanə və amansız ölümü ilə təbliğ və təsdiq etdiyini diqqətə çatdırıb.
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı vurğulayıb ki, Nəsimi insanların qəlbini, onların iç dünyasını ilahi ustalıqla özünəməxsus zəngin söz yaradıcılığı ilə tərənnüm edən müəllim və ustaddır. O, qeyd edib ki, Nəsimi özümüzə qayıdışın, eyni zamanda milli kimliyimizin fəlsəfi və ilahi tərənnümüdür. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır.
AYB Qazax zona filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu, filialın üzvlərindən şair Səhlədar Hidayətoğlu və Mübariz Qaragözlü də tədbirdə çıxış edərək böyüş şair haqqında ürək sözlərini çatdırıb, onun Azərbaycan ədəbiyyatına və gələcək nəsillərə bəxş etdiyi dəyərli söz incilərindən danışıblar.
Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.
GOYEZEN.AZ
Facebook-da paylaş