• Təqvim

  • Maraq



Qazaxda "Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda maarifləndirici tədbir keçirilib


Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qazax rayon Cümə məscidi dini icmasının "Azərbaycan var olsun” adlı layihəsi çərçivəsində "Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşları Pərvin Zeynalov və Ceyhun Rüstəmov, Qazax rayon Cümə məscidi dini icmasının sədri İlham Süleymanov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, gənclər və ziyalılar iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığını qeyd edib. Tədbir iştirakçılarına Vətən torpağının müqəddəs olması, cəmiyyətdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, Vətən sevgisinin əhəmiyyəti, bu sevgi hissinin daha da artırılmasında milli-mənəvi dəyərlərin rolu, Vətənə bağlılığın dinimizdə də vacib olması, bu gün Azərbaycanın Vətənini, dövlətini, millətini və prezidentini sevən, milli mənəvi dəyərlərimizə sadiq olan gənclərə daha çox ehtiyacı olması və digər məsələlər barədə ətraflı məlumat verib.


DQİDK-nin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev çıxış edərək bu gün Azərbaycanda vətənpərvərlik mövzusunun vacib olduğunu və torpaqlarımızın mənfur düşmənlərin işğalından azad olunması üçün Mübariz İbrahimov kimi qəhrəmanlara ehtiyac olduğunu vurğulayıb. 


Qazax rayon Cümə məscidi dini icmasının sədri İlham Süleymanov çıxışı zamanı rayonda gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Vətəninə, xalqına sadiq gənclər kimi formalaşmasında bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Həyata keçirilən layihənin də məhz bu məqsədə xidmət etdiyini bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


GOYEZEN.AZ

 



Facebook-da paylaş