Duru bulaq kimi
Böyük yazıçı və ictimai xadim kimi tanıdığımız və sevdiyimiz İsmayıl Şıxlı haqqında yazmaq öz yerində, düşünmək özü belə, insanı paklaşdırır, Nizami Gəncəvi demiş, insandakı insanlığın nə olduğunu dərk edirsən. Onu tanıdığına, çörək kəsdiyinə görə ucalırsan. İsmayıl Şıxlının yanında insan ucalırdı və insaniləşirdi. Bu unudulmaz insanla beş il bir təşkilatda (Yazıçılar İttifaqının birinci katibiydi, mən də "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoruydum. Qəzet ittifaqın və mədəniyyət nazirliyinin orqanı idi) işləmişəm. Beş il də Ali Sovetin deputatı olmuşuq. İclaslarda və bir çox tədbirlərdə, uzaq-yaxın səfərlərdə iştirak etmişik.
İsmayıl Şıxlı ədəbiyyatımızın, mədəniyyətimizin bütöv bir mərhələsiydi. Onun nəinki ədəbi yaradıcılığı, həm də yazıçı şəxsiyyəti tədqiq olunmalıdır.
Bizim hörmətli şair Məhbubun "İsmayıl Şıxlı" adlı gözəl bir poemasını oxumuşam. O qədər gözəl, poetik ştrixlərlə bu böyük insanın bədii portretini çəkir ki, heyran olmamaq olmur. Onun İsmayıl Şıxlıya məhəbbəti mənim Məhbuba məhəbbətimi artırdı. İsmayılsevərlərin hamısına tövsiyə edərdim ki, o poemanı oxusunlar. Xatirəsi bizim üçün əziz olan bir insanın mehriban, bir az da ərkyana sərt simasını orda görəcəklər.
Sonuncu görüşümüz ölümündən bir həftə, yaxud on gün qabaq oldu. İşləmirdi, evdəydi. Ağır xəstəydi. Dedim İsmayıl qağa (onu çox vaxt hörmət əlaməti olaraq belə çağırırdıq), qırx ilə yaxın APİ-də (indiki pedaqoji universitetdə) xarici ölkələr ədəbiyyatından dərs demisiniz, niyə davam etdirmirsiniz? Yenə tələbələrlə görüşərsiniz. Sizi hamı sevir. Gülümsədi.
- Mənə dedilər ki, dərs yoxdu, saatlar bölünüb, qurtarıb. Mən də qayıtdım evə. İsmayıl müəllim şikayət, giley-güzar eləyən adam deyildi. Susdu. Amma gördüm ki, ürəyinə salıb, xiffət edir. Sonra yarızarafat, yarıciddi dedi:
- Mənə deyirlər sən rüşvət almırsan. Üzümə deyirlər. Amma biz alırıq. Tələbənin də işi düzəlir, bizim də.
Yəni, İsmayıl maneçilik edirmiş. İsmayıl millətinin balalarına verdiyi biliyi tələb edirmiş. Nəhayət, ələ məqam düşdü və onu müəllimlikdən kənar elədilər.
Kimlər?!
Mirzə Ələkbər Sabiri Balaxanı məktəbindən "Azərbaycan dilini bilmədiyinə görə" kənar eləyənlər!
Kimlər?!
Hüseyn Cavidi Bakıdakı qız məktəbindən "Burjua ideologiyasını ideallaşdırdığına görə" kənar eləyənlər!
Kimlər?!
Xəlil Rza Ulutürkü "Siyasi pozuntulara və ipə-sapa yatmadığına görə" yenə də həmin ali məktəbdən kənar eləyənlər?!
Kimlər?!
Asif Əfəndiyevi "Dərsləri proqram üzrə keçmədiyinə görə" kənar eləyənlər!
Bu böyük şəxsiyyətlərin ölümlərini tezləşdirdilər.
Mir Cəlal Paşayev Mehdi Hüseyndən xahiş edirdi ki, gəlib universitetdə dərs desin. O, yazıçını, şairi bütün elmi dərəcəlilərdən üstün tuturdu və deyirdi ki, belə adamların sinfə girməsi bütün universitetin ab-havasını dəyişir. Özü həm böyük yazıçı, həm də böyük alim olduğu üçün sənətə, sənətkara düzgün qiymət verirdi. Bir yaradan olur, bir də ifaçı. İsmayıl Şıxlı ədəbiyyatımızın yaradıcılarından idi, ona dərs verməyən nadan kafedra müdiri, bisavad professor isə olsa-olsa ifaçıydı. Mən indi get-gedə görürəm ki, ali məktəblərdə alimlər azdır, professorların isə sayı çoxalıb. Diplomu var, savadı, biliyi hələ mədəniyyətini demirəm, yoxdu.
Mərhum Yusif Məmmədəliyevin, Cəfər Xəndanın, Şəfahət Mehdiyevin rektor olduğu vaxtlarda Azərbaycan Universiteti milli mədəniyyət mərkəziydi, indi adları ilə fəxr elədiyimiz qüdrətli və alicənab alimlər, müəllimlər orda dərs deyirdilər. Humanitar fənlərə
xüsusi əhəmiyyət verilirdi. Qondarma elmi dərəcələrə yox, elmi biliklərə, şəxsiyyətlərə hörmət var idi. İndiki Bakı Dövlət Universiteti elə indiki Pedaqoji Universitetin özü də bizim yazıçıların gedib-gələn yeri, doğma saydığımız elm ocaqlarıydı. Görkəmli ziyalılarımıza elm ocaqlarında edilən qəsd - millətimizə, mənəviyyatımıza edilən qəsddən savayı başqa şey deyil. Mənə bu yaxınlarda mütəfəkkir şairimiz Hüseyn Cavidin ciddi təqib olunduğu günlərdə Mir Cəfər Bağırova göndərdiyi bir məktubu göstərdilər. Yazırdı ki, xəstə bir şairi bu nadanlardan xilas edin. Lakin xilas eləyə bilmədilər. Tarixin ən böyük haqsızlığıdır ki, dahilər, böyük təbiətlər adətən həmişə məğlub olur (sonradan haqlarını alsalar da!), beyinləri ancaq fitnə-fəsadla dolu olan nadanlar isə qalib gəlirlər (sonradan faş olsalar da). İsmayıl müəllimin "mənə dərs vermədilər" sözləri ürəyimdə o vaxtdan düyün bağlamışdı. Kim idi onun yerini tutan? İsmayıl Şıxlı Azərbaycanın, ədəbiyyatımızın taleyini düşünən şəxsiyyətlərdən idi. Onsuz da cəmiyyət onu sıxırdı. Ermənilərin təcavüzkarlığı onu sarsıtmışdı. Ali Sovetin iclaslarında sərt çıxışlar edir, bu məsələlərlə bağlı Qazağa və başqa bölgələrimizə əsgərlərlə görüşlərə gedirdi. Sabir poeziya günlərində Şamaxıda, böyük şairin yurdunda, onun vaxtsız dünyasını dəyişməyinə təəssüflənirdi. Mənim "Atabəylər" pyesim barəsində də qurultayda müsbət fikir söylədi.
Bir dəfə dedi ki, hazırlaş, "Ədəbiyyat və incəsənət" qəzetini partiya iclaslarında müzakirə edəcəyik. Mənə irad tuturlar ki, qazaxlıları yığıbsan başına, Yusif Səmədoğlu "Azərbaycan"da, Sabir Azəri "Ulduz"da, Nəriman Həsənzadə "Ədəbiyyat və incəsənət"də baş redaktordular. Mətbuatı tutubsunuz. Mən də dedim ki, onlar məndən qabaq o vəzifələrə təyin ediliblər. İndi hazırlaş, səndən başlayacağam. Dedi və özünəxas şəkildə gülümsədi. Dedim, mən hazır. Lakin hadisələr elə getdi ki, qəzetin müzakirəsi qaldı. Çox təmkinliydi. Bəzən deyilən, narazı qaldığı sözə cavab vermək əvəzinə, ürəyinə salırdı. Bu da onun yüksək əxlaqı, insani keyfiyyətlərindən biriydi. Mən o saat duyurdum ki, tutulubdu.
- Nə olub, İsmayıl qağa?
- Heç nə.
Amma görürdüm ki, bulanıb. Duru bulaq suyuydu İsmayıl qağa!
Hüseyn Ariflə duzlu zarafatları var idi. Bir-birinə ərkyana sataşardılar. Sonralar toplayıb, nəşr etdirdiyi lətifələri ilk dəfə bizim "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirmişdi. Özündən yaşca böyük qələm dostlarına həmişə hörmət qoyur, ölənlərin xatirəsini əziz saxlayır, qalanların xətrini isə uca tuturdu.
İstədiyi bir neçə gənc istedad var idi. Nizami Cəfərovu xüsusi qiymətləndirirdi. Bir dəfə "Amerikanın səsi" radiosu ilə Nizaminin məqaləsini (İsmayıl müəllim haqqında idi) dinləyib, mənə zəng vurmuşdu ki, qulaq asdınmı? Mənim haqqımda hələ heç kəs belə təhlil verməmişdir.
Nizami Cəfərov onda "Ədəbiyyat və incəsənət" qəzetində tənqidə baxırdı. Təzəcə şöbə müdiri keçmişdi. İndi bu gənc alimin Milli Elmlər Akademiyasının müxbir üzvü seçildiyini bilsəydi, ürəkdən sevinərdi. Sevinmək özü də ali insani hissdir. Əlbəttə, belə şəxsiyyətlər heç vaxt əvəz olunmur. Təkrar da olmurlar. Özlərindən sonra nə qədər ədəbi irs qoyub gedirlərsə, o qədər də yazıb-yarada bilmədiklərini özlərilə aparırlar. Bu sözləri ona görə təəssüf hissilə deyirəm ki, görkəmli yazıçılar müəyyən yaş həddinə çatdıqdan sonra, adətən onlara sual verirlər: hansı əsərinizi ən yaxşısı hesab edirsiniz? Əksəri cavab verir ki, yaxşı əsərimi hələ yazmamışam. Yəni, bundan sonra yazasıyam.
Lakin ömür vəfa edirmi?!
Bu görkəmli sənətkarın ən qaynar gənclik çağları 1941-1945-ci illər müharibəsində, qalan qiymətli vaxtı da ictimai xadim kimi, yaradıcı ziyalıların və cəmiyyətin problemlərinin həlli yolunda sərf olub getdi. İsmayıl müəllimin dəfn mərasimində lentə yazılmış səsinə qulaq asdıq. O, danışdıqca ürəyi göynəyirdi. İctimai işlərə başı qarışdığından özü də yaradıcılığa az vaxt ayırdığını deyirdi. O, dünyasını dəyişəndə də qalan yazıçı yoldaşlarına vəsiyyət edirdi ki, yaradıcılığa xəyanət etməyin. Övladlarına isə kişi kimi yaşamağı vəsiyyət elədi. Çünki əsərlərindən savayı, dünyada iki kişi qoyub gedirdi.
Nəriman HƏSƏNZADƏ,
Azərbaycanın Xalq şairi, Heydər Əliyev mükafatı laureatı, "İlin şairi" mükafatı laureatı, "Şərəf" ordenli. Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) akademiki
23 sentyabr 2002-ci il
Facebook-da paylaş