• Təqvim

  • Unutma

  • Maraq



Təhsildə yüksək göstərici dərsə davamiyyətdən başlayır

Təhsildə yüksək göstərici dərsə davamiyyətdən başlayır


Azərbaycana neçə-neçə dahi şəxsiyyətlər, elm xadimləri, şairlər, yazıçılar bəxş edən Qazax rayonu hər bir sahədə olan uğuru ilə respublika mədəniyyətinə, incəsənətinə, elminə dərin iz salmışdır. Qərbin qapısı sayılan Qazax rayonu ziyalılarının sayına görə də bütün respublikamızda tanınır. Apardığımız araşdırmalara görə Qazax rayonu Azərbaycan elminə minə qədər ziyalı bəxş etmişdir.

Qori Müəllimlər Seminariyası ilə hələ o vaxtlar Azərbaycan təhsilinə öz töhfələrini verən Qazax təhsili bu gün özünün inkişaf dövrünü yaşayır. Bunu ildən-ildən yüksək bal toplayan məzunların sayının artmasından, fənn olimpiadalarında şagirdlərimizin layiqli yer tutmasından aydın şəkildə görmək olur. “Təhsil millətin gələcəyidir” – deyən ulu öndər Heydər Əliyevin bu dəyərli sözləri rayonumuzda uğurla icra edilir. Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı, müəllimlərə, bötüvlükdə təhsil sahəsində çalışan insanlara verdiyi yüksək dəyər rayonumuzda da əsas prioritet kimi götürülür.

Qazaxda bütün sahələrlə yanaşı, təhsil sahəsinə də xüsusi diqqət və qayğı göstərilir. Bütün məktəblər müasir istilik sistemi, lazım olan inventarlarla təmin olunur, istər müəllimlərin rahat şəkildə dərs keçmələri, istərsə də şagirdlərin mükəmməl şəkildə bilik əldə etmələri üçün hər cür şərait yaradılır. Bir sözlə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərməsi istər müəllimlər, istərsə də şagirdlər tərəfindən yüksək qiymətləndirilir. Rayon məktəblərində çalışan müəllimlər, təhsil alan şagirdlər əldə etdikləri nailiyyətlərlə onlara göstərilən bu etimadı daim doğrultmağa çalışırlar.

Bu gün təhsildə yüksək göstəricinin və uğurlu nailiyyətlərin əldə olunmasının kökündə isə şagirdlərin dərsə davamiyyəti dayanır. Çünki şagirdlər keyfiyyətli təhsilə məktəblərdə yiyələnirlər. Müəllimlərin yüksək səviyyədə dərs keçmələri ilə yanaşı, şagirdlərin dərsə davamiyyətinin də yüksək olması vacib şərtlərdən biridir.

Biz də GOYEZEN.AZ saytı olaraq rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti ilə maraqlandıq. Bu araşdırma zamanı faiz dərəcəsinə görə yüksək, orta və zəif nəticə göstərən məktəblərin adlarını müəyyən etdik.

Sevindirici haldır ki, 100 faiz nəticə göstərən məktəblərimiz var. Həmin məktəblərdən Cəfərli kənd tam orta məktəb, Bala Cəfərli, Abbasbəyli, Məzəm, Bağanıs Ayrım, Xeyrımlı, Qızıl Hacılı kənd ibtidai və Barxudarlı kənd ümumi orta məktəbləri nümunə göstərmək olar. Əksər məktəblərin düşmənlə sərhəddə yerləşməsinə baxmayaraq, şagirdlərin dərsə davamiyyəti yüksəkdir.

Şəhər 1,2,3,4,5 saylı tam orta, M.Hüseyn adına məktəb-lisey və Q.Hacımahmudova adına şəhər ümumi orta məktəblər isə 90-100 faiz arası nəticə göstərən məktəblər sırasındadır. Şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərinin əksəriyyətində dərsə davamiyyət faizi qənaətbəxşdir. Ağköynək, Xanlıqlar, Hüseynbəyli, Canalı, Kosalar, Çaylı 1 və 2 saylı, Kommuna, Ürkməzli, Alpout, Quşçu Ayrım, Daş Salahlı 1 və 2 saylı, Orta Salahlı, Qazaxbəyli, Aşağı Salahlı, Yuxarı Salahlı, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Sarıvəlli, Aşağı Əskipara kənd tam orta və Xanlıqlar, Qarapapaq, Fərəhli, Birinci Şıxlı kənd ümumi orta məktəbləri də 90 faizdən yuxarı nəticə göstərən məktəblərdir.

Çox təəssüflər olsun ki, 90 faizdən aşağı nəticə göstərən məktəblərə də rast gəldik. Dəmirçilər, Xanbağı və Yuxarı Əskipara kənd tam orta məktəbləri zəif nəticə göstəriblər. Ümidvar olduğumuzu bildiririk ki, adları qeyd olunan bu məktəblərin rəhbərliyi və pedaqoji kollektiv öz işlərini günün tələbləri səviyyəsində quracaq, şagirdlərin dərsə davamiyyəti ilə bağlı çatışmazlığı aradan qaldıracaqdır.

Təhsildə sağlam rəqabətin, yüksək keyfiyyətin artırılması məqsədilə apardığımız araşdırma zamanı faiz dərəcəsi yüksək olan məktəblərdə müəllim və şagirdlərin fikirlərini öyrəndik.

Dərsə davamiyyət göstəricisi yüksək olan məktəblərin müəllimləri qeyd etdilər ki, bu gün respublikamızda, eləcə də rayonumzda təhsil sahəsinə yüksək diqqət və qayğı göstərilir. Respublika Prezidenti İlham Əliyevin qayğısı sayəsində hər il təhsil sahəsində çalışan insanların əmək haqlarının artırılması, öz fəaliyyətlərində yüksək nəticə göstərən müəllimlərə fəxri adların verilməsi, bundan əlavə, hər il müasir tipli yeni məktəblərin inşası, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə təmir olunması, əksər məktəblərin müasir istilik sistemi ilə təmin olunması təhsil sahəsinə göstərilən diqqət və qayğının ən böyük təzahürüdür. Bu gün biz müəllimlərin tələb olunan səviyyədə dərs demələri üçün hər cür şərait yaradılıb. Biz müəllimlər, eləcə də şagirdlər çalışırıq ki, bizə göstərilən bu etimadı doğruldaq. Təhsilin səviyyəsinin yüksək olması üçün öz əməli işlərimizlə töhfə verək.




Facebook-da paylaş