"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri şairin doğulduğu Qazax rayonundan start götürüb
“Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır. Poeziya bayramı iyulun 16-da M.P.Vaqifin doğulduğu Qazax rayonundan start götürüb. İyulun 17-də isə mədəniyyət paytaxtımız Şuşa şəhərində keçiriləcək. Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində Fəxri Qazaxlılar parkında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəli önünə gül dəstələri düzərək dahi şairlərin əziz xatirəsini ehtiramla yad ediblər. Ağstafada “Hüseyn Arif ədəbi məclisi”nin rəhbəri, şair Saqif Qaratorpaq, AYB üzvü, şair Rəfail İncəyurd çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıblar. Sonra bayram tədbiri bədii hissə ilə davam etdirilib. Qazaxlı gənc aşıq Samir Cəlaloğlunun incəgülü havasında M.P.Vaqifin “Eylə”şeirini səsləndirməsi, Tovuzlu gənc aşıq Vüqar Kamandaroğlunun saz ifası, müğənni Ramal Balacanovun şair Barat Vüsalın “Şuşanı alan oğullar” şeirinə ifa etdiyi mahnı töhfəsi alqışlarla qarşılanıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16-18 iyul tarixlərində növbəti Vaqif Poeziya Günləri keçiriləcək.
Qazax Ədəbiyyat Muzeyində təşkil olunmuş bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, AYB-nin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB üzvü, şair Rəfail İncəyurd, mədəniyyət müəssisələrinin, Səməd Vurğun poeziya evinin, Qazax rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, AYB üzvləri, aşıqlar, KİV nümayəndələri iştirak ediblər.
Ədəbiyyat Muzeyinin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı,Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal poeziya bayramını açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. B.Vüsal Vaqif Poeziya Günlərinin təməlinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulduğunu bildirib. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evinin təntənəli şəkildə açıldığını və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verildiyini qeyd edib. Şair vurğulayıb ki, 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin Vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Şuşa düşmən tapdağında olduğu dövrdə də Vaqif Poeziya Günlərinin Qazaxda keçirildiyini, əsasını Ulu Öndərin qoyduğu ənənənin davam etdirildiyini söyləyib. B.Vüsal Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günlərinin yenidən Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlandığını, hər il olduğu kimi, bu il də Vaqif Poeziya Günlərinin poeziya, ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacağını diqqətə çatdırıb. İyulun 16-da şairin doğulduğu Qazaxdan start götürən Vaqif Poeziya Günlərinin iyulun 17-18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacağını, xalqımızın daha bir poeziya bayramına şahidlik edəcəyini bildirib. B.Vüsal qeyd edib ki, Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi önündə keçiriləcək açılış mərasimində rəsmilər, yazıçı və şairlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək. Sonra Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan “Sözün ovçusu – "Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası nümayiş etdiriləcək. Poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək. Builki Poeziya günlərində mühüm yeniliklər də olacaq, “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək. Eyni zamanda TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq. Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya da proqramda yer alıb. Vaqif Poeziya Günlərinin son günü Azərbaycan və ümumtürk ədəbi irsinin görkəmli nümayəndələrinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan “Sözün həsrəti – "Heydərbabaya salam” bədii-musiqili kompozisiyası təqdim ediləcək. Poeziya günləri “Sözün Zəfəri – Zəfərin sədası” adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq. Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyatın inkişafı bağlı prioritet hədəflər konteksində xüsusi əhəmiyyət kəsb edir. B.Vüsal M.P.Vaqifin bu gün də, sabah da, gələcəkdə də xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib, bu gün Qazaxdan start götürən və Şuşada başa çatacaq poeziya bayramının da məhz bu amala xidmət etdiyini vurğulayıb. Vaqif Poeziya Günlərinin yenidən Şuşada belə təntənəli şəkildə keçirilməsinə görə bir qazaxlı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar və borclu olduğunu söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, tarixi şəxsiyyətlərin məkanı olan gözəl Qazaxda görməkdən məmnun olduğunu söyləyib. “Bu torpaq, bu məkan tarixin müxtəlif mərhələlərində Azərbaycan ədəbiyyatına incilər bəxş etmişdir. Məhz bu səbəbdən Qazaxın tam haqqı çatır ki, bu cür möhtəşəm tədbirlərə, Vaqif Poeziya Günlərinə, poeziya bayramlarına, yubileylərə ev sahibliyi etsin”, - deyən icra başçısı bu cür tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd edib. Rayon rəhbəri öncə öz adından, Qazax ictimaiyyəti adından “Sözün hekayəsi” şüarı ilə təşkil olunmuş Poeziya Günlərinin ənənəyə sadiq qalaraq M.P.Vaqifin doğulduğu Qazax rayonundan start götürdüyünə görə Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna, o cümlədən Azərbaycan Yazıçılar Birliyinə, birliyin Qazax Bölməsinə minnətdarlığını bildirib, tədbirin təşkilində əməyi, əziyyəti keçən hər kəsə təşəkkür edib. İcra başçısı vurğulayıb ki, artıq 6 ildir ki, azad Qarabağımızda, doğma Şuşamızda Vaqif Poeziya Günləri keçirilir. Ən önəmlisi isə bu il dördüncü ildir ki, Poeziya Günləri şairin doğulduğu Qazaxdan start götürür. Bu, biz qazaxlılar üçün qürurvericidir. Əlbəttə ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə verməkdir. Poeziya günləri çərçivəsində Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan “Sözün ovçusu – "Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası da nümayiş etdiriləcək ki, bu da dahi şairin yaradıcılığına verilən qiymətin bariz nümunəsidir. İcra başçısı Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim Səməd Vurğunun 120, Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileylərinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamlarına görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan, qazaxlı ziyalılar adından minnətdarlığını bildirib, sözügedən sərəncamları sənətkarların ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə diqqətin, dəyərin təcəssümü kimi qiymətləndirib. Həmin sərəncamlardan irəli gələrək ölkəmizdə, o cümlədən rayonumuzda yubiley tədbirlərinin silsilə şəkildə təşkil olunduğunu vurğulayıb. Belə ki, Yusif Səmədoğlunun yubileyi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq rayonumuzda 9 tədbir keçirildiyini diqqətə çatdırıb. Səməd Vurğunun 120 illik yubileyi ilə bağlı bugünədək ədəbi-bədii gecə, toplantı, simpozium, müsabiqə, tamaşa, film təqdimatı, kitab sərgisi olmaqla, ümumilikdə, 12 tədbir keçirildiyini və ilin sonunadək keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. İcra başçısı qeyd edib ki, bu il eyni zamanda özünəməxsus yaradıcılığı ilə seçilən, ilhamla yazıb-yaradan, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax Bölməsinin sədri, şair Barat Vüsalın 75 yaşı tamam oldu. Dəyərli şairimizin Azərbaycan ədəbiyyatına, xüsusilə də zəngin poeziya ənənələrinə malik Qazax bölgəsinin mədəni həyatına verdiyi töhfələr əvəzsizdir. Barat müəllim gənc istedadların üzə çıxarılmasında yorulmadan fəaliyyət göstərir. Onun nəticəsidir ki, Barat Vüsal mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə və ədəbiyyata verdiyi dəyərli töhfələrə görə Mədəniyyət naziri Adil Kərimli tərəfindən Təşəkkürnamə ilə təltif edilmişdir. Adil müəllim özü şəxsən Barat Vüsalı qəbul etmiş, Təşəkkürnaməni təqdim edərək, ona yaradıcılıq uğurları arzulamışdır. Buna görə qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından Adil müəllimə minnətdarlığını bildirib. Bu gün Vaqif Poeziya Günlərinə toplaşmışıq. Bu tədbirin aparıcısının məhz Barat Vüsal olması da təsadüfi deyil. Çünki Vaqif irsinin yaşadılmasında onun misilsiz xidmətləri olmuşdur. Rayon rəhbəri sonda bu əlamətdar gün münasibətilə bir daha hər kəsi təbrik edib, Şuşada davam etdiriləcək Poeziya Günlərinin iştirakçılarına isə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək tədbir iştirakçılarını və qonaqları Mədəniyyət naziri Adil Kərimlinin adından salamlayıb, möhtəşəm söz, sənət bayramının açılışı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. “Bu gün bu poeziya bayramında iştirak etmək həm bir məmur kimi, həm bir ədəbiyyatsevər kimi, həm bir poeziya aşiqi kimi, həm də Vaqif şeirləri ilə böyümüş hər kəs üçün şərəfdir, qürurdur, zövqdür. Qazax eli, obası ölkəmizə bütün sahələrdə dahi şəxsiyyətlər bəxş etmişdir. Bu gün bu möhtəşəm tədbirin keçirildiyi Qazax eli dahi şəxsiyyətlər yetirib”, - deyən nazir müavini səmimi ürək sözlərini bölüşüb. M.P.Vaqifin yaradıcılığından, Azərbaycan ədəbiyyatına bəxş etdiyi saysız-hesabsız söz incilərindən danışan natiq illər ötsə belə onun yaradıcılığının gələcək nəsillərə örnək olacağını qeyd edib. “Şairlərin təbiricə desək M.P.Vaqifin öz Vətəni Qazax, söz Vətəni isə Şuşadır”, - deyən natiq Vaqif Poeziya Günlərinin şairin doğma yurdunda və Şuşada keçirilməsinin təsadüf olmadığını qeyd edib. Nazir müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, mədəni irsimizin, mədəniyyət ocaqlarının bərpası istiqamətində həyata keçirilən tədbirlərdən, işlərdən də söz açıb. Bütün bu işlərə görə ölkə Prezidentinə minnətdarlığını bildirib. Tədbirin təşkilində əziyyəti keçən insanlara razılığını ifadə edib.
AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxış edərək tədbir iştirakçılarını AYB-nin sədri Anar müəllimin adından salamlayıb, səmimi təbriklərini çatdırıb. Vaqif Poeziya Günlərinin Qazaxdan başlanmasının artıq ənənə halına çevrildiyini qeyd edən natiq bu tədbirin ərsəyə gəlməsində əziyyəti keçən insanlara razılığını ifadə edib. “Vaqif şəxsiyyəti nə qədər böyük idisə, onun yaradıcılığını bir poeziya bayramına sığdırmaq olmaz. İllər keçdikdə şairin yaradıcılığı daha dərindən öyrəniləcəkdir. Vaqif Poeziya Günlərinin keçirilməsində məqsəd təkcə şeirlər səsləndirmək deyil, eyni zamanda şairin yaradıcılığına qayıtmaq, öyrənmək, onu gələcək nəsillərə tanıtmaq və ötürməkdir”, - deyən İ.Fəhmi hər il olduğu kimi, builki Vaqif Poeziya Günlərinin də unudulmaz və yaddaqalan olacağını söyləyib.








Facebook-da paylaş














