• Təqvim

  • Maraq

Qazaxda icra başçısının iyul ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Bala Çaylı kəndində olub

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, hər bir sahədə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin iyul ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Bala Çaylı kənd sakinləri ilə olub.

İyulun 16-da Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq səmimi ürək sözlərini çatdırıb. İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. İcra başçısı ötən müddət ərzində Bala Çaylı kəndində keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin zamanla müsbət həllini tapdığını, bugünkü görüşün də bu amala xidmət etdiyini qeyd edib. Bala Çaylı kəndində ötən illər ərzində keçirilən 11 səyyar görüşdə 34 məsələ qaldırıldığını, həmin məsələlərdən 13-nün təkrar olduğunu, 14-nün müsbət həllini tapdığını söyləyib. 3 müraciətlə bağlı aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırıldığını, 4 məsələnin bağlı qaldığını vurğulayıb. Bala Çaylı kəndində avtomobil yolu ilə bağlı məsələnin müsbət həllini tapdığını, uşaq bağçası ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Həlli vacib olan məsələlərdən arxların beton üzlüyə alınması ilə bağlı məsələnin gündəmdə olduğunu söyləyib. Kənddə ATS quraşdırıldığını və yeni rabitə xətlərinin çəkildiyini, kəndarası yolların qum-çınqılla hamarlandığını, elektrik dayaqlarının dəyişdirildiyini, subartezian quyusunun qazıldığını, 4 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu qeyd edib. Kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə fiber optik internet xəttinin çəkildiyini, abonentlərin sürətli internetlə təmin olunduğunu söyləyib.

İcra başçısı Bala Çaylı kəndindən Birinci Qarabağ müharibəsində 7 nəfərin torpaqlarımızın azadlığı uğrunda canından keçdiyini, 4 nəfərin öz sağlamlığını qurban verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 günə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən artıq 5 il vaxt ötməsinə baxmayaraq xalqımızın həmin qələbəni bu gün də qürurla xatırladığını qeyd edib. Həmin müharibədə qanları ilə şanlı tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da igid Vətən oğullarının Şəhidlik zirvəsinə ucaldığını, onlardan 2 nəfərinin Bala Çaylı kəndindən olduğunu, 2 nəfərin isə həmin döyüşdə sağlamlığını itirdiyini bildirib. 44 günlük Vətən müharibəsində Bala Çaylı kəndindən 26 nəfərin iştirak etdiyini, onlardan 17 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İstər Birinci Qarabağ, istər Vətən müharibəsi, istərsə də digər döyüşlərdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacaqlarını vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bala Çaylı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Kənddə suvarma ilə bağlı heç bir problemin olmadığını qeyd edən icra başçısı hazırda kənddə 4 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Son illər kənddə 16 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 5 nəfərin Vətən müharibəsi iştirakçısı, 11 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

İcra başçısı iyunun 20-də baş vermiş güclü külək, leysan yağışları və dolu nəticəsində Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Fərəhli, Çaylı, Alpout, Dəmirçilər kəndlərində sakinlərin yaşadığı evlərin dam örtüklərinə və təsərrüfat sahələrinə ciddi ziyan dəydiyini qeyd edərək bununla bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını bildirib.

Sonra sakinləri narahat edən məsələlər dinlənilib. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Bala Çaylı kəndində görülən işlərə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Sakinlərin müraciətləri dinlənilərək səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağı bildirilib.




Facebook-da paylaş


{sape_links}