Prezident İlham Əliyev: Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir
Azərbaycanda ümumi
savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün
dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş
ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan
ölkələr vardır. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq
bir vasitədir. Ölkələri inkişafa
doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar,
yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar.
Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət
siyasətidir.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "İlham
Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 89-cu
kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Sabunçu rayonu Maştağa
qəsəbəsi Savalan yaşayış massivində 28 saylı tam orta məktəbin açılış
mərasimində çıxışı zamanı söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı
materiallar 2018-ci ilin avqust ayından oktyabradək olan dövrü əhatə edir.
Çoxcildliyin 89-cu kitabında Prezident İlham Əliyevin Rusiya
Federasiyasına, Xorvatiya, Tacikistan və Qırğız respublikalarına səfərləri,
həmçinin Rusiya, Türkiyə və Monqolustan prezidentlərinin Azərbaycana səfərləri
zamanı apardığı danışıqlara, imzalanan sənədlərə dair informasiyalar, mətbuata
bəyanatların mətnləri toplanıb.
Nəşrdə Azərbaycan
Prezidentinin Yaponiya, İsrail, Avstriya, Bolqarıstan, ABŞ və digər
dövlətlərin, ATƏT-in, NATO-nun yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə
dair materiallar yer alıb.
Prezident İlham Əliyev
bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə
yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Oxucu kitabda
dövlətimizin başçısının Bakı şəhərinin erməni işğalçılarından azad edilməsinin
100 illiyinə həsr olunmuş möhtəşəm paradda və Azərbaycan parlamentinin
yaradılmasının 100 illiyi münasibətilə Milli Məclisdə keçirilmiş təntənəli
iclasda çıxışlarının mətnləri ilə tanış ola bilər.
Azərbaycan Prezidentinin
Masallı, Biləsuvar, Xızı, Lənkəran, Astara rayonlarına, Quba şəhərinə
səfərlərinə dair materiallar, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında, digər mühüm tədbirlərdə nitqlərinin mətnləri də bu nəşrə
daxil edilib.
Kitabda "Qeydlər”,
"Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən
buraxılan 89-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş