Dədə Şəmşirin oğlu Qazaxda atasının və Aşıq Ələsgərin büstünü ziyarət edib
Ötən il 125 illik yubileyini qeyd etdiyimiz Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın Əməkdar incəsənət xadimi Dədə Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) xatirəsi hər zaman əziz tutulur. Ölkə Prezidenti İlham Əliyevin 2 aprel 2018-ci il tarixli Sərəncamı ilə 125 illiyinin yüksək səviyyədə qeyd olunması dövlətimiz tərəfindən ozan, aşıq sənətinə verilən ən böyük qiymətdir. Xüsusilə də Sərəncamda ustad Aşıq haqqında yer alan ”Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir” kimi dəyərli fikirlər Dədə Şəmşir yaradıcılığına, onun şəxsiyyətinə verilən qiyməti bir daha nümayiş etdirdi. Bu Sərəncamla Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşirin 125 illik yubileyi respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da böyük təntənə ilə qeyd edildi. Şəhərin mərkəzində saz, söz sənətini yaşadan Dədə Şəmşirin və onun ustadı olmuş Aşıq Ələsgərin qoşa büstlərinin qoyulması da hər iki ustadın yaradıcılığına verilən böyük töhfə oldu. "Şöhrət” ordenli Xalq rəssamı Natiq Əliyevin ərsəyə gətirdiyi bu qoşa büstlər, möhtəşəm abidə bu gün hər bir qazaxlının, eləcə də saza, sözə dəyər verən insanların ziyarət etdiyi məkanlardan birinə çevrilib.
Bu gün bu qoşa büstləri ziyarət edən dəyərli qonaqlardan biri isə Dədə Şəmşirin oğlu Qənbər Qurbanov və ailə üzvləri olub. Ömrünün ahıl çağlarını yaşayan Q.Qurbanov bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə şairlər diyarı Qazaxda atasının və Aşıq Ələsgərin büstünü ziyarət edib. Büstlərin önünə gül dəstəsi qoyaraq hər iki ustadın əziz xatirələrini böyük ehtiramla yad edib, büstlərin önündə xatirə şəkilləri çəkdirib.
Q.Qurbanov ziyalı, dəyərli bir ağsaqqal kimi aşıq, ozan sənətinə verilən yüksək qiymətə, atasına, eləcə də digər aşıqlara olan hörmət və ehtirama görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycanın aşıq sənətini bütün dünyada tanıtdıran, ən qədim sənət kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil etdirən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirib. Ziyalılar yurdu olan Qazaxda qoşa büstlərin qoyulmasını böyük fərəh və sevinc hissi ilə qarşılayıb.
Sonra Q.Qurbanov atasının vaxtilə öz şeirlərində vəsf etdiyi Damcılı bulağında olub, dillər əzbəri olan bulağın suyundan içib. Atasının Damcılı bulağı ilə bağlı xatirələrindən söhbət açıb. Atasının qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərdə təkcə Kəlbəcər ədəbi mühitini deyil, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla əks etdirdiyini qeyd edib. Azərbaycanın bütün bölgələrini, o cümlədən də Qazaxı, Damcılı bulağını öz şeirlərində tərənnüm etdiyini bildirib. Qazaxa olan bağlılığın bu gün də dərin kökləri olduğunu söyləyib. Atasının dahi şair Səməd Vurğunla olan dostluğundan, şairin Dədə Şəmşirə, eləcə də atasının ona hər zaman yüksək dəyər verməsindən danışıb. Ziyalılar diyarı Qazaxda olmasından məmnunluğunu ifadə edib, buradan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş