Yaşasaydı igid Vətən oğlunun bu gün 29 yaşı tamam olacaqdı...
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------- GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Əlizamin Mustafalı da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Əlizamin kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Əlizamin tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Anası Ülviyyə xanım danışır: - Əlizaminin uşaqlıq illəri çox sakit keçib. Sözəbaxan, mülayim təbiətli idi, oğlum. Saf qəlbli, mərhəmətlə dolu olan kiçik ürəyində böyük sevgi, qayğı daşıyan bir uşaq idi. Kiminsə xətrinə dəyməz, yolda gördüyü qarışqanı belə incitməzdi. Əlizamin 2003-cü ildə Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin birinci sinifinə gedəndə ailə çox sevinmişdi. "Ana", "Vətən" sözlərini orada yazmağa başlamış, sonradan bu sözlər onun həyat amalına çevrilmişdi. Əlizamin 2012-ci ildə doqquzuncu sinifi bitirib peşə öyrənmək arzusuna düşür. Elə bu məqsədlə də Sumqayıt şəhəri 3 saylı peşə liseyinə daxil olur. Seçdiyi peşə - kompüter mexanikası və texnologiyası ixtisası üzrə təhsil almağa başlayır. 2015-ci ildə buranı bitirərək gənc mütəxəssis kimi müstəqil həyata qədəm qoyur. Müstəqil həyata qədəm qoyan zaman Əlizaminin ilk aldığı qərar ailə qurmaq idi. Bu qərar həm də xalqımızın milli mentalitetindən irəli gəlir. Ailədə oğul tək olanda onu nədənsə tez evləndirirlər. 2015-ci il sentyabr ayının 15-də Əlizamingilin ailəsinə gəlin gəlir. Həmin ilin axırlarında Əlizamin Mustafalı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılır. Hərbidə ixtisası DŞK pulemyot atıcısı idi Əlizaminin. O, hərbçi peşəsinin sirlərinə dərindən yiyələnir, hərbi bilik və bacarıqlarını daima artırır, komandirlərin əmrlərini sözsüz yerinə yetirirdi. Bunun nəticəsi idi ki, hərbi xidmətdə olduğu müddətdə hərbi hissə tərəfindən xüsusi xidmətinə görə təşəkkürnamə ilə təltif edilmişdi. 2017-ci ildə hərbi xidmətini uğurla başa vurub ailəsinin içinə qayıtmışdı Əlizamin. Bacısı Aytac xanım danışır: - Hərbidən qayıdanda artıq Əlizaminin övladı var idi. Oğlu İbrahim 2016-cı il aprelin 20-də dünyaya gəlmişdi. Daha sonra - 2017-ci il sentyabr ayının 23-də isə Mədinə adlı qızı doğuldu. 20 yaşında artıq 2 övlad sahibi idi qardaşım. Əlizamin sakit, xoşbəxt ailə həyatı sürməsinə baxmayaraq, torpaqlarımızın işğal altında olması ilə barışa bilmirdi. Dostları, iş yoldaşları ilə söhbət edəndə mütləq bu mövzuya toxunur, hərbi xidmətdən danışır, ordumuzun böyük gücə malik olduğunu qeyd edirdi. Düşmənin mövqelərimizi tez-tez atəşə tutması xəbərlərini sakitliklə dinləyə bilmir, intiqam almaq arzusu ilə yaşayırdı Əlizamin. 2020-ci ildə general-mayor Polad Həşimovun şəhid olduğu gün Əlizaminin doğum günü idi. Generalın şəhadəti onu bərk sarsıtmışdı. Ad günü olmasına baxmayaraq, elə həmin gün Əlizamin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə gəldi, könüllü olaraq hərbi xidmətə getmək arzusunda olduğunu bildirdi. Cavab verdilər ki, gözlə. Ehtiyac olan zaman çağıracağıq. Əlizamin isə cəbhəyə getmək, döyüşmək, düşməndən qisas almaq istəyirdi. Polad Həşimovun şəhid olması onun düşməndən qisas almaq istəyini daha da alovlandırmışdı, qisas eşqi ilə alışıb-yanırdı. Evdə, işdə rahatlıq tapa bilmirdi. 44 günlük Vətən müharibəsinin başlaması Əlizaminin bu arzusunun həyata keçməsinə bir körpü oldu. Yenidən hərbi komissarlığa müraciət edəndən sonra onu ordu sıralarında xidmət etməyə çağırdılar. 29 sentyabr 2020-ci ildə Əlizamin Mustafalı hərbi komissarlıqdan cəbhəyə yola düşdü. Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğurulan xalqımız əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilmir, dar və dolanbac döngələrdə azıb qalır. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da Vətənin igid övladlarıdır. Ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə Vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimizdir. Əlizamin Mustafalı da belə əsgər idi. Düşmənlə təmas xəttində dayanan bu vətənpərvər igid torpaqlarımıza keşik çəkir, qətiyyəti, məğrurluğu ilə seçilirdi. Onun baxışlarında Böyük Qələbənin işartısı görünürdü, hər kəlməsində Vətən, Qələbə sözü var idi. Düşmən üzərində qələbə çalmaq üçün döyüşürdü Əlizamin. Ona görə də həmişə irəli getməyə can atır, qələbə anını yaxınlaşdırmağa çalışırdı. Döyüş yoldaşlarının danışdıqlarına görə, Əlizamin cəbhəyə getdiyi ilk gündən irəli getməyə can atırmış. Ona görə də hərbi əməliyyatları yerinə yetirən, düşmən hücumlarının qarşısını alan zamanlarda mərdliklə döyüşür, düşmənlərdən intiqam alırdı. İllərdən bəri ürəyində kök salmış qəzəbi, kini silahı ilə soyudur, əsl qəhrəmanlıq və şücaət göstərirdi. Əlizamin Mustafalı Qarabağda işğal altında olan torpaqlarımızın əksəriyyətinin düşmən tapdağından xilas edilməsində iştirak etmiş, öz əsgər, vətəndaş, döyüşçü borcunu ləyaqətlə yerinə yetirmişdi. O, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərmişdi. Əlizamin eyni zamanda, döyüş yoldaşlarını xüsusi taktikaları ilə mühasirədən dəfələrlə xilas etmişdir. Onun Cəbrayılda döyüş yoldaşlarını mühasirədən qurtarması isə əsl möcüzə idi. Döyüş yoldaşları Əlizamin haqqında sadəcə xoş xatirələr söylədilər, gülüş dolu anlardan danışdılar. Dedilər ki, Əlizamin çox pozitiv gənc idi. O, çətin anlarda belə üzümüzü güldürməyi bacarırdı. Əlizamini biz həmişə gülərüz görmüşük. Elə ona görə də o, şəhid olanda heç birimiz inanmırdıq. İnanmırdıq ki, Əlizamin... Nə qədər acı olsa da, 21 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə Əlizamin şəhadətə yüksəldi, canından çox sevdiyi Vətənə canını qurban verdi. Bu gün Sumqayıtın Şəhidlər xiyabanında Əlizamin heykələ dönüb - məğrurluq, igidlik, qəhrəmanlıq heykəlinə. Əlizamin Mustafalı ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü", 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. O, dövlət başçısının 5 noyabr 2022-ci il tarixli sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər keçsə də hər zaman yaddaşlarda tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi həmin Qələbəni hər bir azərbaycanlı bu gün də böyük qürur və iftixar hissi ilə xatırlayır. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, Vətən üçün canından keçən igid oğullarımızdan biri də əsgər Mustafalı Əlizamin Valeh oğludur.
Əlizamin Mustafalı 1997-ci il 13 iyul günündə dünyaya gəlmişdi. Lakin doğum şəhadətnaməsində həmin ilin 1 sentyabr günü qeyd olunmuşdu. Əslən Qazaxdan olan valideynləri bir müddət Beyləqan rayonunda yaşadıqları üçün Əlizaminin uşaqlıq illəri orada keçmiş, 2002-ci ildə isə Sumqayıt şəhərinə köçərək burada yaşamağa başlamışdılar.
Facebook-da paylaş














