“PİSA-da uğurumuz STEAM-dan keçir” adlı layihənin icrası davam edir
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant
müsabiqəsinin fərdi kateqoriyası üzrə qalibi olmuş Qazax şəhər
İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəlalə
Məhərrəmovanın "PİSA-da uğurumuz STEAM-dan keçir” adlı
layihəsi uğurla icra olunur. 15.09.2021-ci il tarixindən başlayan layihənin məqsədi PİSA-da (Şagirdlərin beynəlxalq
qiymətləndirmə proqramında) daha uğurlu nəticə əldə etmək məqsədilə regionlarda
(Qazaxda) STEAM mərkəzi açmaq, şagirdlərdə 10 il bundan sonrakı cəmiyyətdə
vacib olan kompetensiyaları formalaşdırmağa nail olmaq və həmin
kompetensiyaların səviyyəsini yerli şəraitdə əvvəlki illərin PİSA tapşırıqları
əsasında aprobasiya edərək STEAM yanaşmasının tətbiqinin PİSA nəticələrinə
təsirini müəyyənləşdirməkdir. Fevral-mart
aylarında STEAMçı şagirdlər "Tullantılara yeni həyat” adlı çox maraqlı layihəyə
imza atıblar. Şagirdlər tullantılardan prototiplər hazırlayıblar. Bunlar əsasən
əl fənərləri, gecə lampaları, mühərrikli maşınlar, ventilyator, musiqili
lampalar olub. Daha sonra STEAMçı mühəndislər öz avtomobillərini düzəldərək
yarışda iştirak ediblər. Növbəti yarış "Ən yaxşı mühərrikli qayıq” müsabiqəsi olub.
Komandalar mühərrikli qayıqlar düzəldərək təqdim ediblər. Bu müsabiqədə qaliblər
"Ən yaxşı dizaynlı qayıq” və "Ən sürətli qayıq” nominasiyaları üzrə müəyyən
olunub. Layihənin ən vacib aspektlərindən biri də odur ki, STEAMçıların təxəyyülünü
inkişaf etdirmək üçün fərqli və innovativ metodikalardan da istifadə edilir. Məsələn:
"Drudllar”, "8 vəzir”, "hərfə uyğun 50 söz”, "pişiyi tut” və s. kimi təxəyyül
oyunları və üsullarından istifadə edilir ki, bu da şagirdlərdə baş beyinin sağ
yarımkürəsinin sürətli inkişafına səbəb olur. Məlumdur ki, sağ yarımkürə məhz
yaradıcılığın inkişafına cavabdehdir. Eyni zamanda, bu günə qədər STEAM dərslərinin
tətbiqi şagirdlərin PİSA tapşırıqlarının həlletmə qabiliyyətinə təsirinin müəyyənləşdirilməsidir.
Layihənin sonuna yaxın bu istiqamətdə toplanmış nəticələr təhlil və müqayisə
olunaraq yekun nəticə çıxarılacaq. Layihənin dərsləri aprelin sonu tamamlanıb.
Dərs prosesini şagirdlər özləri idarə etməyə davam edir, artıq komandada işləmək
və problemi həll etmək bacarıqları tam formalaşıb. Onlar birlikdə layihələr üzərində
fikirləşir, problemlərin həlli yollarını birlikdə tapırlar. May ayının sonu və
iyun ayının əvvəllərində isə STEAMçıların əl işlərindən ibarət sərgi təşkil
olunacaq. Bu bacarıqlar STEAMçıların gələcək peşə fəaliyyətlərində əvəzsiz rol
oynayacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş