• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “Gənclər narkomaniyaya qarşı” devizi altında tədbir keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında "Gənclər narkomaniyaya qarşı” devizi altında intreaktiv təlim keçirilib.

Tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və "Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

"Gənclər narkomaniyaya qarşı” layihəsi əsasında filialın akt zalında keçirilən tədbirdə filialın tələbələri iştirak edib.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq reallaşan layihənin məqsəd və əhəmiyyətindən danışıb. Gənclərin narkomaniyaya qarşı mübarizə aparmasında intreaktiv təlimin mühüm rol oynadığını qeyd edərək tədbirin işinə uğurlar arzulayıb.

"Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov çıxış edərək tədbirin keçirilməsinə şərait yaratdığına görə filial rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra təlimçi-ekspert Tofiq Sadıxov tədbiri sual və cavab şəklində apararaq narkomaniyaya qarşı mübarizədə təlim iştirakçılarının bilik və məlumatlarını öyrənib, bu istiqamətdə maarifləndirici söhbətlər aparıb.

Təlim zamanı iştirakçılara layihə barədə məlumat kitabçası və maarifləndirici bukletlər paylanılıb.




 

BDU Qazax filialının Mətbuat Mərkəzi



Facebook-da paylaş