Bağçalar uşaqların yolunu gözləyir...
Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçası
Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Azərbaycan dövləti də bu mühüm məsələyə hər zaman qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunurlar. Çünki uşaqlar millətin sabahı, gələcəyidir. Dövlətimizin diqqət və qayğısı sayəsində bu arzulara çatmaq üçün bu gün balaca fidanlarımızın sağlam, firavan böyüməsi, milli ruhda tərbiyə olunması vacib şərtlərdən biridir.
"Xoşbəxt uşaq, sağlam və xoşbəxt gələcəyin təməlidir” prinsipini hər şeydən üstün tutan dövlətimiz koronavirus (COVID-19) infeksiyasının hökm sürdüyü bir vaxtda uşaqlarımızı da yaddan çıxarmadı. İnfeksiyanın ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərin arasında ilk növbədə gələcəyimiz olan uşaqlarla bağlı tədbirlərə üstünlük verdi. Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də uşaqların sağlamlığını diqqət mərkəzində saxladı. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində, bağçalarda tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən etibarən tədris, təlim-tərbiyə prosesi dayandırıldı. Hər şeydən öncə uşaqların sağlamılığı ön planda tutuldu.
Bəli, bu gün ölkəmizdə yaşanan vəziyyətlə əlaqədar uşaqlar bir-birindən gözəl, rəngarəng oyuncaqlarla, al-əlvan çiçəklərlə dolu olan bağçalarından uzaq düşüblər. Hər səhər əllərində çanta kövrək addımlarla bağçalarına gedə bilmirlər. Bağça yoldaşları ilə birlikdə deyib-gülmür, oynamır, öz çarpayılarında yatmırlar. Əvvəlki tək bağça həyətində uşaq səsləri, körpə gülüşləri eşidilmir. Necə ki, balaca fidanlar bağçaları üçün həsrət çəkirlər, darıxırlar, eləcə də bağça müdirləri, tərbiyəçi müəllimlər, bağçalar uşaqların yolunu, qayıdacağı günü səbirsizliklə gözləyir.
Bu gün hər kəs kimi uşaqlar da pis günün ömrünün qısa olacağına, çətin günlərin arxada qalacağına inanırlar. Deyirlər uşaqların duası Allahın dərgahında daha tez qəbul olunur. Kim bilir bəlkə bir körpənin duası belə bu bəlanın yox olmasında vasitəçi olar. Öz yoldaşları ilə onlayn şəkildə görüşən, mahnı, şeir payını onlayn şəkildə çatdıran balacalar əvvəlki tək bağçalarında mahnı oxuyub, şeir söyləyərlər. Uşaqların bağçaya qayıdacaqları gün isə uzaqda deyil. Çünki ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, atdığı qətiyyətli addımlar, həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində Azərbaycan bu bəladan da alnıaçıq, üzüağ şəkildə xilas olacaq. Və yenə də bağçalardan körpə səsi, gülüşü eşidiləcək...
Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçası
GOYEZEN.AZ
Facebook-da paylaş