• Təqvim

  • Maraq



Qazaxda ümumtəhsil məktəblərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib


Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş "XX əsrin faciəsi” mövzusunda silsilə anım tədbirləri davam edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Respublika Prezidentinin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2019-cu il tarixli 11 nömrəli Sərəncamlarına əsasən Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında imzaladığı 11 fevral 2019-cu il tarixli Sərəncama uyğun olaraq tədbirlər planı hazırlanıb. 9-21/32 nömrəli Sərəncama əsasən hazırlanmış tədbirlər planında rayonun ümumtəhsil məktəblərində anım tədbirlərinin keçirilməsi də qeyd olunub.

Bu gün Milli Qəhrəman F.Şamoyevin adını daşıyan Qazax şəhər 4 saylı tam orta məktəbdə də Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.


Məktəbin direktoru Məhəmməd Aşurov tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsinin xalqımızın yaddaşında yanla yazılmış bir faciə olduğunu bildirib. Günahsız insanların başına gətirilən müsibətlərdən söz açan məktəb direktoru qeyd edib ki, ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Ali Sovetinin sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 24 fevral 1994-cü il tarixli Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı.

 

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək bildirib ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciəni əks etdirən kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri sarsıdır, sızladır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazilə Sanıyeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov çıxışları zamanı Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unudulmayacağını bildiriblər. Xalqımızın başına gətirilən faciələrlə bağlı fikirlərini şagirdlərlə bölüşərək onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.

Sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər, ədəbi-bədii kompozisiyalar və mahnılar vasitəsilə ifadə ediblər.











xxx                             xxx                             xxx

Növbəti anım tədbiri Milli Qəhrəman Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbində keçirilib.

Müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə faciə qurbanlarının xatirəsi yad olunub, o dəhşətli günlərə bir daha nəzər salınıb.


Məktəbin direktoru Səfurə Rəhimova çıxış edərək ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətindən danışıb. Bildirib ki, mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib.

Sonra məktəblilərin Xocalı faciəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş olunub, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.





xxx                             xxx                             xxx

Bu gün Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbdə də Xocalı faciəsinin 27–ci ildönümünə həsr olunmuş ”Biz işğalla barışmayacağıq” adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak edib.  Əvvəlcə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi dərin hüznlə yad edilib.

 

Məktəbin direktoru Yeganə Göyüşlü tədbiri giriş sözü ilə açaraq bildirib ki, Xocalı faciəsi təkcə qətliam deyil, düşmənin mənəviyyatsız hərbi heyətinin faciə qurbanlarının cəsədləri üzərində ləyaqətsiz təhqirlər həyata keçirdiyi bəşəriyyət ləkəsidir. Xocalı faciəsində hər cür savaş qanunları pozulmuş, dünyada misli–bərabəri olmayan cinayət törədilmişdir.

Tədbirdə məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər səslənib, kompoziyalar nümayiş olunub.

Tədbir məktəbin VII sinif şagirdi Sədaqət Qaracayevanın ifasında xalq şairi B.Vahabzadənin "Əgər qorumasaq istiqlalımızı...” adlı döyüşkən şeirin səslənməsi ilə başa çatıb.






xxx                             xxx                             xxx

Xocalı faciəsinin 27-ci ildönümü A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbindədə qeyd olunub.


Məktəbin direktoru Söylü Xəlilova çıxış edərək vurğulayıb ki, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Bu dəhşətli cinayətin iştirakçıları öz cəzalarını mütləq alacaqlar. Biz inanırıq ki, Xocalı soyqırımı bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq və öz doğma torpaqlarından didərgin düşmüş insanlar yurd-yuvalarına qayıdacaqlar.

Məktəblilər faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edərək ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər səsləndiriblər.






xxx                             xxx                             xxx

Aslanbəyli kənd tam orta məktəbində də Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.


Məktəbin direktoru Dilqəm Məmmədov Xocalıda xalqımıza qarşı törədilən soyqırımı aktının bəşər tarixində ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıb, məhz ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı cinayətə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb. O, xalqımıza qarşı törədilən qətliamların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.

Bütün məktəblərdə olduğu kimi, bu məktəbdə də Xocalı faciəsinə həsr olunmuş səhnəciklər, kompozisiyalar nümayiş olunub, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səslənib.






GOYEZEN.AZ

 

 



Facebook-da paylaş