• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlik zirvəsinə yüksələn “Azərbaycan Bayrağı” ordenli baş gizir Azər Məmmədovun bu gün cənnətdəki doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------- 


2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla, xeyli sayda hərbi qulluqçumuz canından keçərək şəhid oldu.

Qazaxın igid oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən  qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar. 

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən baş gizir Məmmədov Azər Mustafa oğlu düşmən təxribatının qarşısını alarkən də ölümün gözünə dik baxdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşdu, igidicəsinə sinəsini düşmən gülləsinə sipər edərək Şəhidlik adlı uca bir məqama yüksəldi. Qanı ilə tarix yazan igid Vətən oğlu bu gün on milyonluq Azərbaycan xalqının qəlbində yaşayır. Vaxtilə valideynlərinin övladı olan Azər Məmmədov bu gün elin övladı olub, hər bir Azərbaycan vətəndaşının doğmasına, əzizinə çevrilib. 


44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medallarıölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş Azər Məmmədovun bu gün cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 31 yaşı tamam olacaqdı... 

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Azər Məmmədov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Azər kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Azər tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Baş gizir Məmmədov Azər Mustafa oğlu 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsillidir. 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər Lənkəran rayonunda Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin oktyabr ayından Xaçmaz rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində snayper bölməsində 2B qrupunda xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mərdəkan qəsəbəsində Çevik Hərəkat Dəstəsində xidmətini baş gizir olaraq davam etdirib. 30.07.2022-ci il tarixdə ailə həyatı qurub. 

12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Qubadlı-Zəngilan istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. 

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Respublika Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Kəmərli kəndində adını əbədiləşdirən bulaq inşa olunub.




Facebook-da paylaş