Şuşanı fəth edən igid
“Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyən oğullarımız döyüş meydanında şirin canlarından keçərək bir daha sübut etdilər ki, torpağın hər qarışı bizim üçün əzizdir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Kəmərli kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.
Kitabda 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş baş leytenant Kazımov Yunis Qasım oğlu haqqında yer almış "Şuşanı fəth edən igid" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Şuşanı fəth edən igid
Azərbaycanın dilbər guşələrindən olan Şuşa haqqında çox yazılıb, Xan Şuşinskinin səsini qoynunda saxlayan başıqarlı, vüqarlı dağlarının əzəmətindən çox söz açılıb. 30 ildən artıq idi ki, dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada qürbətdə qalan xarıbülbülün də boynu bükük idi. Cıdır düzü namərdlərin ayaqları altında tapdalanırdı. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən "yaralanan", paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma Vətəninə qayıdacağı günü gözləyirdi. Həmin gün düz 30 il uzandı. Amma Yunis kimi oğulların igidliyi, qəhrəmanlığı sayəsində Şuşa işğaldan azad olunub öz sahibinə qovuşdu.
...Yunis Kazımov körpəliyindən güllə səsi ilə böyümüşdü. 24 sentyabr 1993-cü ildə dünyaya gəldiyi Qazax rayonunun Kəmərli kəndi düşmən torpaqlarının, necə deyərlər, beş addımlığında idi. Bu səbəbdən də dünyanın gedişatından xəbərsiz olub mışıl-mışıl uyuyan bu balaca körpə yuxudan ölüm saçan güllə səslərinə oyanır, anası onu qucağına basıb sakitləşdirirdi. Amma ana bilmirdi ki, bu qundaqda yatan körpə vaxt gələcək böyüyüb onun yuxusunu pozanlardan intiqam alacaq, düşmənə qan udduracaqdı. Bilmirdi. Çünki həmin günə bir igidin ömrü qədər uzun bir yol var idi. Hələ qarşıda onu Kəmərli kənd tam orta məktəbini bitirmək gözləyirdi.
Yunis haqqında yazarkən Azərbaycan Dövlət Universitetində ali təhsil almasına baxmayaraq, nə üçün hərbi sahəsini seçməsi sualına bu gənc qəhrəmanın qısa, lakin olduqca şərəfli və qürurlu olan həyat yolunu öyrənərkən cavab tapdım. Hər şey kökdən, nəsildən, ata-anadan gəlir. Atası Qasım Kazımov 1990-cı illərin əvvəllərində milli ordu formalaşmadığı illərdə döyüşçü-polis olmuş, əlində silah bir zamanlar öz doğma kəndlərinin, eləcə də digər sərhəd kəndlərinin keşiyində dayanmışdı. Başqa bir səbəb uşaqlıqdan Yunisin güllə səsləri altında böyüməsi idi. Digər tərəfdən isə sərhəd kəndlərində böyüyən gənclər daha vətənpərvər, daha döyüşkən və daha mübariz olurlar. Sadaladığım və qeyd etmədiyim digər səbəblərə görə Yunis başqa sahəni deyil, məhz hərbi sahəni seçdi və ömrünü həmişəlik bu peşəyə bağladı.
Yunis olduqca xoşbəxt bir mühitdə böyüyürdü - evin ilk övladı, ailənin ilk oğlu idi, bütün ilklər onunla bağlıydı. Üstəlik, atası ona babasının adını qoymuşdu - Yunis babasının. Günlər ötüb keçir, körpə fidan ana nəvazişi, ata qayğısı ilə böyüyürdü. Qarşıda isə bu xoşbəxt gənci acılı-şirinli günlər, bir-birindən çətin sınaqlar gözləyirdi.
Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollandı. Yunis əsgərliyə gedəndə elə sevinirdi ki... Elə bil çoxdan gözlədiyi arzusuna çatmışdı. Yunis evdən ayrılıb yola çıxırdı. Haradan biləydi ki, bu yol onun ömür yoluna çevriləcək, həmişəlik bu peşəyə bağlanacaq, sonunda ən yüksək məqama - Şəhidlik zirvəsinə ucalacaqdı... Həmin günə hələ çox var idi, qarşıda onu keşməkeşli günlər, enişli-yoxuşlu yollar gözləyirdi.
2016-cı ildə həqiqi hərbi xidmətdə olarkən hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrin sıralarında çəkmişdi Yunis. Buradakı qayda-qanun, yüksək peşəkarlıq, xüsusi qabiliyyət və bacarıq, möhkəm iradə onu özünə cəlb eləmişdi. Ona görə xidmətini başa vurub evə qayıtdıqdan sonra da fikri xidmət etdiyi hərbi hissədə, hərbçilərin yanında qalmışdı. Çox düşünüb-daşınaraq qəti qərara gəldi ki, hərbi sahəyə getsin, ömrünü bu peşəyə bağlasın. Çünki bu peşə onun ürəyincə idi. Hərbi formada özünü çox xoşbəxt hiss edir, uşaqlıqdan ürəyində baş qaldıran arzularının dalınca gedirdi.
Fikrini atasına bildirəndə Qasım kişi etiraz eləmədi:
- Elə ki, hərbçi olmaq istəyirsən, ol, oğlum, - dedi. - Yolların açıq olsun.
Qazaxda xidmət etməyə başlamışdı. Amma bu, onu qane eləmirdi. Məqsədi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarına keçmək, orada xidmət etmək idi. Bu niyyətlə də sənədlərini toplayıb aidiyyəti orqanlara təqdim etdi və sınaqlardan keçərək 27 aprel 2019-cu ildə XTQ-yə qəbul olundu. Həmin gün sevinci yerə-göyə sığmırdı Yunisin. Zarafat deyil, o, ən böyük arzusuna çatmış, düşməndən intiqam alacaq məqama yaxınlaşmışdı. Yunis Kazımov yüksək səviyyədə xidmət göstərir, verilən tapşırıqları layiqincə yerinə yetirirdi. Ona görə də çox keçmədi ki, Müdafiə Nazirliyi tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olundu.
Xidməti dövründə çox hadisələrlə, insanın ömrünə son qoyacaq məqamlarla qarşılaşmışdı Yunis. Amma bütün bunların hamısını çox sakit, adi qaydada qarşılamış, başına gələnləri gizli saxlamış, valideynlərinə bildirməmişdi. Qasım kişi danışır ki, Qazaxda xidmət edəndə - 2018-ci ilin martında zəng elədim ki, "Yunis hardasan?" Dedi ki, "Hərbi hissədən buraxmırlar, narahat olmayın gələcəm". İnandıq və gözlədik. Sən demə, həmin gün minaya düşüb ayağından yaralanıbmış, bizə bildirməyib. Cəbrayılda keçirdiyi ağır döyüşlərdə də yaralanmışdı. Yenə də bizə bildirməmişdi.
Qasım kişi Yunis haqqında danışarkən onun bir xüsusiyyətini də qeyd elədi.
- Çox inadcıl idi, Yunis. - Dediyindən, qəbul etdiyi qərardan qəti dönən deyildi, istəyir o yolda hansı məhrumiyyətlər olursa-olsun. Minaya düşəndə dedim ki, "Oğul, bəlkə peşəni dəyişib, universitetdə təhsil aldığın sənətdə çalışasan".
Qəti etiraz elədi. "Mən istədiyim bu məqama gəlib çatmışam. İndi sən deyirsən ki, geri dönüm? Qəti olmaz", - söylədi mənə.
Vətən müharibəsi bir zabit kimi Yunis Kazımovun həyatında xüsusi əhəmiyyət kəsb edir. Çünki Yunis müharibənin başlayacağını, düşməndən qisas alacağı günü çoxdan gözləyirdi. İllər idi ki, bu məqsədlə hazırlaşmış, bacarıqlarını püxtələşdirmiş, təcrübə toplamışdı. 44 günlük Vətən müharibəsində onun döyüş yolu Füzuli, Cəbrayıl, Hadrut, Qırmızı Bazar, Xocavənd kimi qanlı döyüşlər gedən bölgələrdən keçib. Həmin döyüşlərdə Yunis əsl qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvələrini məhv edib, külli miqdarda hərbi texnikasını sıradan çıxarıb. Vətən müharibəsi Yunisi əsl qəhrəman kimi tanıdıb, adı dillər əzbəri olub.
Onun ən böyük arzusu isə Şuşanı azad görmək, bu qədim Azərbaycan torpağını düşmən tapdağından xilas etmək idi. Yunis qəhrəmanlığı, şücaəti sayəsində bu arzusuna da çatdı. Hətta, üçrəngli Azərbaycan Bayrağını Şuşa parlamentinin binasına taxmaq da nəsib oldu bu qəhrəman igid oğula. Bəli, Şuşanı fəth edən igidlərdən biri də baş leytenant Yunis Kazımovdur. Həmin gündən sonra Yunis Şuşa qəhrəmanı kimi şöhrət qazandı.
Qələbəyə gedən bu yolda Yunis böyük çətinliklərlə qarşılaşıb, ağır şəraitlərlə üz-üzə qalıb. Amma cəsarəti, igidliyi sayəsində bütün çətinlikləri dəf edib, təhlükəli vəziyyətlərdən qalib çıxıb. Heç zaman yolundan dönməyib, qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün bütün məhrumiyyətlərə dözüb. Cəbrayılda, Şuşada yaralanıb. Həkimlərin təkidinə, döyüş yoldaşlarının məsləhətlərinə baxmayaraq, döyüş meydanlarından geri çəkilməyib, hamıdan irəlidə gedib.
...11 gün idi ki, Yunisdən bir xəbər yox idi. Nə bir zəng edir, nə də ona zəng çatmırdı. Lap hövsələdən çıxmışdı valideynləri. Qara düşüncələr gəlirdi fikirlərinə. Noyabrın 8-də birdən Yunis atasına zəng elədi və sevinə-sevinə bildirdi:
- Ata, Şuşanı almışıq.
Sən demə, həmin vaxt ayağından yaralanıbmış, ailəsinə deməyib. Yaralandığını hospitala düşəndə biliblər. Həkimlər əməliyyat edib ayağındakı qəlpələri çıxarıblar. Bir dəfə yaralananda isə anası xəbər tutub yanına gedib. Bunu eşidən Yunis bərk hirslənib. Elə acığı tutub ki, anası ilə heç görüşməyib də.
...Zöhrə adlı bir gözələ vurulmuşdu Yunis. Amma ailə həyatı qurmaq istəsə də, vaxt tapa bilmir, zaman isə ötüb keçirdi. 44 günlük Vətən müharibəsi qalibiyyətlə başa çatdıqdan sonra o, daha bir əhdini yerinə yetirərək 2021-ci il iyulun 18-də ailə həyatı qurdu. Anası Fəxriyyə xanım danışır:
- Toydan bir il sonra mayın 2-də Yunisin oğlu oldu. Evlərində idik. Oğlum uşağı qucağına götürüb başqa bir otağa keçdi, namaz qılıb, quran oxudu, sonra "Əli" deyib körpənin adını qoydu.
...2022-ci il sentyabr ayının 12-si idi. Düşmən yenə də mövqelərimizi atəşə tutmuşdu. 13-ü gününə keçəndə gecə atışma daha da gücləndi. Kəlbəcər istiqamətində güclü döyüşlər gedirdi. Yunisgilə qarşıdakı yüksəkliyi almaq tapşırığı verilmişdi. Əsgərlərimiz yüksəkliyə yaxınlaşmışdı. Lap az qalmışdı onu ələ keçirməyə. Elə bu vaxt... elə bu vaxt Yunis snayper gülləsinə tuş gəldi. Birinci güllə başındakı dəbilqəyə dəydi. Bir az səndələsə də, yıxılmadı. Amma ikinci güllə Yunisin həyatına son qoydu. Şuşanı fəth edən igid Kəlbəcərdə Şəhidlik zirvəsinə ucaldı.
...Çox keçmədi ki, qoşunlarımız yüksəkliyi ələ keçirdilər və düşmən layiqli cavabını aldı. Həmin yüksəkliyə sonradan Yunis Kazımovun adı verildi.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə baş leytenant Yunis Kazımov Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni, 24.12.2020-ci il tarixli sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29.12.2020-ci il tarixli sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 24.06.2021-ci il tarixli sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Eləcə də "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir.
Baş leytenant Yunis Kazımov dövlət başçısının 5.11.2022-ci il tarixli sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli sərəncamına əsasən şəhər ərazisindəki adsız olan küçələrdən birinə Yunis Kazımovun adı verilmişdir.
Facebook-da paylaş