“Heydər Əliyev zirvəsində məğrur dalğalanan Azərbaycan Bayrağı” başlıqlı dəyirmi masa keçirilib
Noyabrın 5-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Heydər Əliyev zirvəsində məğrur dalğalanan Azərbaycan Bayrağı” başlıqlı dəyirmi masa keçirilib. Tədbirdə Mədəniyyət İşçilər Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən danışıb. C.Hüseynova bildirib ki, Respublika Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi rəsmiləşdirilib. “Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” - deyən dövlət başçımız hər zaman dövlət rəmzlərinə xüsusi dəyər verib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz işğal altındakı torpaqlarımızı düşmən işğalından azad edəndə hər bir Vətən oğluna silahdaş olan 3 rəngli bayrağımız həm də hər bir əsgərin azad etdiyi strateji nöqtələrin artıq azadlıq rəmzinə çevrildi. Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda dalğalanan bayrağımızın ən şərəfli günü isə Şuşada, Xankəndidə, Xocalıda dalğalanan günləri oldu. Bir zamanlar İlham Əliyev demişdi: “Gün gələcək işğaldan azad olunan torpaqlarımızdan qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Bu arzumuz da reallaşdı. Xalqımız fəxrlə bu görüntüləri izlədi. Müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız tariximiz, şərəfimiz və qürurumuzdur. Bu dünyada qarşısında əyiləcəyimiz çox az sayda dəyər var, onlardan biri məhz milli qürur simvolumuz olan bayrağımızdır. MİHİ Qazax Rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov çıxış edərək bildirib ki, Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Daim zirvələrdə dalğalanan üçrəngli bayrağımız bizim qələbə sevincimiz, xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən milli qürurumuzdur. İgid oğullarımız xalqımızın 30 illik arzularını reallığa çevirdi. Müqəddəs bayrağımızı canları, qanları ilə azad etdikləri Vətən torpaqlarına sancaraq, Bayraq Gününə misilsiz töhfə verdilər. Bu bayrağı hər zaman uca tutmaq hər bir azərbaycanlının borcudur. Qazax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva, Qazax Tarix–Diyarşunaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, M.P.Vaqifin və M.V.Vidadinin Xatirə Muzeyinin bərpaçı rəssamı Arzu Həsənova, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəzakət Məmmədova çıxış edərək qələbə sevincimizin nişanəsi, Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda yenidən dalğalanmasının azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyindən danışıb, bayrağa həsr edilmiş şeirlər səsləndiriblər. Sonda Şəhər 1 saylı, N.Nərimanov qəsəbəsi, Hüseynbəyli, Qazaxbəyli, Daş Salahlı kənd 1 saylı kitabxana filial əməkdaşlarının birgə hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Facebook-da paylaş














