• Təqvim

  • Maraq



Çox ürəkli idi...


Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyən oğullarımız döyüş meydanında şirin canlarından keçərək hərb tariximizdə qanları ilə şanlı tarix yazdılar. Vətən sevgisi, yurda olan bağlılıq igid oğullarımızı Şəhidlik adlı zirvəyə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Mustafalı Əlizamin Valeh oğlu haqqında yer almış "Çox ürəkli idi..." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Çox ürəkli idi...


Səngər - əsgərin qorxu bilmədən, soyuqda da, istidə də, gecə də, gündüz də mehrləşdiyi, mətin oğulların özlərinə sipər bildiyi ərazidir. Əsgərlər üçün Vətən səngərdən başlanır. Vətəni qoruyan əsgər təxribat törədən düşmənin həmlələrinin, hücumlarının qarşısını məhz burada mərdliklə alır, döyüşür. Səngər - kiminin müəyyən yaşını qeyd etdiyi, kiminin zamanının əbədi donduğu, ölümsüzləşdiyi, kiminin isə qəhrəmana çevrildiyi yerdir. Bəzən iki dostun vidalaşması, "Vətən sağ olsun!" - deyərək son nəfəs aldığı məkandır səngər. Səngər həm də ürəkli olan igidlərin, ölümün gözünün içinə dik baxmağı bacaran oğulların bir parça torpağıdır.

Səngərdən danışan zaman istər-istəməz şəhid Əlizamin Mustafalı yadıma düşür. Ona görə yadıma düşür ki, səngərdə mərd-mərdanə dayanan cəsur, qorxmaz oğullardan biri idi, Əlizamin. Onun haqqında söz düşəndə yalnız bir fikir səsləndirilir - qorxu nə idi bilmirdi, çox ürəkli idi. Əsgər ürəkli olanda isə yenilməz olur, mərd, mübariz olur, sonunda qəhrəmana çevrilir.   

Əlizamin Valeh oğlu Mustafalı 1997-ci il 13 iyul günündə dünyaya gəlmişdi. Lakin doğum şəhadətnaməsində həmin ilin 1 sentyabr günü qeyd olunmuşdu. Əslən Qazaxdan olan valideynləri bir müddət Beyləqan rayonunda yaşadıqları üçün Əlizaminin uşaqlıq illəri orada keçmiş, 2002-ci ildə isə Sumqayıt şəhərinə köçərək burada yaşamağa başlamışdılar.

Anası Ülviyyə xanım danışır:

- Əlizaminin uşaqlıq illəri çox sakit keçib. Sözəbaxan, mülayim təbiətli idi, oğlum. Saf qəlbli, mərhəmətlə dolu olan kiçik ürəyində böyük sevgi, qayğı daşıyan bir uşaq idi. Kiminsə xətrinə dəyməz, yolda gördüyü qarışqanı belə incitməzdi.

Əlizamin 2003-cü ildə Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin birinci sinifinə gedəndə ailə çox sevinmişdi. "Ana", "Vətən" sözlərini orada yazmağa başlamış, sonradan bu sözlər onun həyat amalına çevrilmişdi. Əlizamin 2012-ci ildə doqquzuncu sinifi bitirib peşə öyrənmək arzusuna düşür. Elə bu məqsədlə də Sumqayıt şəhəri 3 saylı peşə liseyinə daxil olur. Seçdiyi peşə - kompüter mexanikası və texnologiyası ixtisası üzrə təhsil almağa başlayır. 2015-ci ildə buranı bitirərək gənc mütəxəssis kimi müstəqil həyata qədəm qoyur.

Müstəqil həyata qədəm qoyan zaman Əlizaminin ilk aldığı qərar ailə qurmaq idi. Bu qərar həm də xalqımızın milli mentalitetindən irəli gəlir. Ailədə oğul tək olanda onu nədənsə tez evləndirirlər. 2015-ci il sentyabr ayının 15-də Əlizamingilin ailəsinə gəlin gəlir. 

Həmin ilin axırlarında Əlizamin Mustafalı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılır. Hərbidə ixtisası DŞK pulemyot atıcısı idi Əlizaminin. O, hərbçi peşəsinin sirlərinə dərindən yiyələnir, hərbi bilik və bacarıqlarını daima artırır, komandirlərin əmrlərini sözsüz yerinə yetirirdi. Bunun nəticəsi idi ki, hərbi xidmətdə olduğu müddətdə hərbi hissə tərəfindən xüsusi xidmətinə görə təşəkkürnamə ilə təltif edilmişdi. 

2017-ci ildə hərbi xidmətini uğurla başa vurub ailəsinin içinə qayıtmışdı Əlizamin. Bacısı Aytac xanım danışır:

- Hərbidən qayıdanda artıq Əlizaminin övladı var idi. Oğlu İbrahim 2016-cı il aprelin 20-də dünyaya gəlmişdi. Daha sonra - 2017-ci il sentyabr ayının 23-də isə Mədinə adlı qızı doğuldu. 20 yaşında artıq 2 övlad sahibi idi qardaşım.

Əlizamin sakit, xoşbəxt ailə həyatı sürməsinə baxmayaraq, torpaqlarımızın işğal altında olması ilə barışa bilmirdi. Dostları, iş yoldaşları ilə söhbət edəndə mütləq bu mövzuya toxunur, hərbi xidmətdən danışır, ordumuzun böyük gücə malik olduğunu qeyd edirdi. Düşmənin mövqelərimizi tez-tez atəşə tutması xəbərlərini sakitliklə dinləyə bilmir, intiqam almaq arzusu ilə yaşayırdı Əlizamin.

2020-ci ildə general-mayor Polad Həşimovun şəhid olduğu gün Əlizaminin doğum günü idi. Generalın şəhadəti onu bərk sarsıtmışdı. Ad günü olmasına baxmayaraq, elə həmin gün Əlizamin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə gəldi, könüllü olaraq hərbi xidmətə getmək arzusunda olduğunu bildirdi. Cavab verdilər ki, gözlə. Ehtiyac olan zaman çağıracağıq.

Əlizamin isə cəbhəyə getmək, döyüşmək, düşməndən qisas almaq istəyirdi. Polad Həşimovun şəhid olması onun düşməndən qisas almaq istəyini daha da alovlandırmışdı, qisas eşqi ilə alışıb-yanırdı. Evdə, işdə rahatlıq tapa bilmirdi.

44 günlük Vətən müharibəsinin başlaması Əlizaminin bu arzusunun həyata keçməsinə bir körpü oldu. Yenidən hərbi komissarlığa müraciət edəndən sonra onu ordu sıralarında xidmət etməyə çağırdılar. 29 sentyabr 2020-ci ildə Əlizamin Mustafalı hərbi komissarlıqdan cəbhəyə yola düşdü. 

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğurulan xalqımız əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilmir, dar və dolanbac döngələrdə azıb qalır. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da Vətənin igid övladlarıdır. Ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə Vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimizdir. 

Əlizamin Mustafalı da belə əsgər idi. Düşmənlə təmas xəttində dayanan bu vətənpərvər igid torpaqlarımıza keşik çəkir, qətiyyəti, məğrurluğu ilə seçilirdi. Onun baxışlarında Böyük Qələbənin işartısı görünürdü, hər kəlməsində Vətən, Qələbə sözü var idi. Düşmən üzərində qələbə çalmaq üçün döyüşürdü Əlizamin. Ona görə də həmişə irəli getməyə can atır, qələbə anını yaxınlaşdırmağa çalışırdı. Döyüş yoldaşlarının danışdıqlarına görə, Əlizamin cəbhəyə getdiyi ilk gündən irəli getməyə can atırmış. Ona görə də hərbi əməliyyatları yerinə yetirən, düşmən hücumlarının qarşısını alan zamanlarda mərdliklə döyüşür, düşmənlərdən intiqam alırdı. İllərdən bəri ürəyində kök salmış qəzəbi, kini silahı ilə soyudur, əsl qəhrəmanlıq və şücaət göstərirdi.

Əlizamin Mustafalı Qarabağda işğal altında olan torpaqlarımızın əksəriyyətinin düşmən tapdağından xilas edilməsində iştirak etmiş, öz əsgər, vətəndaş, döyüşçü borcunu ləyaqətlə yerinə yetirmişdi. O, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərmişdi. Əlizamin eyni zamanda, döyüş yoldaşlarını xüsusi taktikaları ilə mühasirədən dəfələrlə xilas etmişdir. Onun Cəbrayılda döyüş yoldaşlarını mühasirədən qurtarması isə əsl möcüzə idi.

Döyüş yoldaşları Əlizamin haqqında sadəcə xoş xatirələr söylədilər, gülüş dolu anlardan danışdılar. Dedilər ki, Əlizamin çox pozitiv gənc idi. O, çətin anlarda belə üzümüzü güldürməyi bacarırdı. Əlizamini biz həmişə gülərüz görmüşük. Elə ona görə də o, şəhid olanda heç birimiz inanmırdıq. İnanmırdıq ki, Əlizamin...

Nə qədər acı olsa da, 21 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə Əlizamin şəhadətə yüksəldi, canından çox sevdiyi Vətənə canını qurban verdi. Bu gün Sumqayıtın Şəhidlər xiyabanında Əlizamin heykələ dönüb - məğrurluq, igidlik, qəhrəmanlıq heykəlinə. 

Əlizamin Mustafalı ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" "Cəsur döyüşçü", 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. O, dövlət başçısının 5 noyabr 2022-ci il tarixli sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.  




Facebook-da paylaş