• Təqvim

  • Unutma

  • Maraq



Sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən Şəhidlik zirvəsinə ucalan “Azərbaycan Bayrağı” ordenli baş leytenant Yunis Kazımovun doğum günündə əziz xatirəsi yad olunub

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid oldu.

Qazaxın igid oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən  qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar. 

44 günlük Vətən müharibəsində iştirak edən, Şuşada üçrəngli Azərbaycan Bayrağını asan baş leytenant Kazımov Yunis Qasım oğlu düşmən təxribatının qarşısını alarkən də ölümün gözünə dik baxdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşdu, sinəsini düşmən gülləsinə sipər etməkdən bir an belə çəkinmədi. Torpağa, Vətənə olan sonsuz sevgisi onu Şəhidlik adlı uca bir məqama yüksəltdi. 


44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Yunis Kazımovun bu gün cənnətdəki ilk doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 29 yaşı tamam olacaqdı... Bütün şəhidlərimiz kimi, bu gün 29 yaşını qeyd etdiyimiz baş leytenant Yunis Kazımovun da doğum günü unudulmayıb. 

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizi və onların ailələrini daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərliyinin şəhidlərimizə olan sonsuz ehtiramının bariz nümunəsidir ki, fəaliyyətə başladığı ilk gündən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir. İlk gündən ənənə halını alan ziyarətlər bu gün də davam etdirilir. 

Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, təqaüddə olan müəllim Bəsdi Ələkbərova şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhidimizin ruhuna dua oxunduqdan sonra Yunis Kazımovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olaraq Yunis kimi cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Yunisin xatirəsinin daim əziz tutulacağını bildiriblər. 


Rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdıran müavin Gulaya Həsənova Yunis kimi cəsur, döyüşkən oğullarımızın göstərdikləri şücaətin yaddaşlara əbədi yazıldığını, illər keçsə də gələcək nəsillər üçün örnək olacağını söyləyib. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə Yunis kimi qəhrəman oğullarımızın payının olduğunu, belə igidlərimizi yad etməyin, şəhidlərimizin göstərdikləri igidliyi, qəhrəmanlığı bugünkü və gələcək nəsillərə nümunə göstərməyin hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edib. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını qeyd edən müavin şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Şəhid atası Qasım Kazımov öz ailəsinin, el-obasının adını uca edən qəhrəman övladı ilə fəxr etdiyini söyləyib. Şəhid ailəsi kimi göstərilən qayğıya görə razılığını bildirib. 


Kazımov Yunis Qasım oğlu 24 sentyabr 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbini bitirmişdir. Ali təhsillidir. 2011-2015-ci il tarixlərdə Azərbaycan Dövlət Aqrar Universitetində yol kadastrı ixtisasını bitirmişdir. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, rütbəsi baş leytenant olmuşdur. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində iştirak etmişdir. 4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə sol ayağından qəlpə yarası almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmış, Şuşa azad olunduqdan sonra müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Tovuz rayonunda hərbi hospitalda müalicəsini davam etdirmişdir. Xidmət etdiyi hərbi hissəyə qayıtmışdır. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcərdə düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. Ailəli idi. 1 oğul övladı yadigar qalıb. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı”ordeni, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

GOYEZEN.AZ



Facebook-da paylaş