Şəhidlik zirvəsinə ucalan baş leytenant Yunis Kazımovun bu gün cənnətdəki növbəti doğum günüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla, xeyli sayda hərbi qulluqçumuz şəhid oldu.
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da döyüş meydanında qəhrəmancasına vuruşaraq adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar.
44 günlük Vətən müharibəsində iştirak edən, Şuşada üçrəngli Azərbaycan Bayrağını asan baş leytenant Kazımov Yunis Qasım oğlu düşmən təxribatının qarşısını alarkən də ölümün gözünə dik baxdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşdu, igidicəsinə sinəsini düşmən gülləsinə sipər edərək Şəhidlik adlı uca bir məqama yüksəldi. Qanı ilə tarix yazan igid Vətən oğlu bu gün on milyonluq Azərbaycan xalqının qəlbində yaşayır. Vaxtilə valideynlərinin övladı olan Yunis Kazımov bu gün elin övladı olub, hər bir Azərbaycan vətəndaşının doğmasına, əzizinə çevrilib.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı”, 3-cü dərəcəli "Rəşadət" ordenləri, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Yunis Kazımovun bu gün cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 30 yaşı tamam olacaqdı...
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Yunis Kazımov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Yunis kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Yunis tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Baş leytenant Kazımov Yunis Qasım oğlu 24 sentyabr 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbini bitirmişdir. Ali təhsillidir. 2011-2015-ci il tarixlərdə Azərbaycan Dövlət Aqrar Universitetində yol kadastrı ixtisasını bitirmişdir. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, rütbəsi baş leytenant olmuşdur. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində iştirak etmişdir. 4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə sol ayağından qəlpə yarası almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmış, Şuşa azad olunduqdan sonra müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Tovuz rayonunda hərbi hospitalda müalicəsini davam etdirmişdir. Xidmət etdiyi hərbi hissəyə qayıtmışdır.
12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. 1 övladı var.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Respublika Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı”ordeni, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı”, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Kəmərli kəndində adını əbədiləşdirən bulaq inşa olunub, dayanacaq qoyulub.
Facebook-da paylaş