• Təqvim

  • Maraq



Bu gənc yaşımda...


Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüş meydanına atılan igid qəhrəmanlarımız xalqımıza tarixi qələbə yaşatdılar. Şirin canlarından keçərək hərb tariximizdə qanları ilə şanlı tarix yazdılar. Vətən sevgisi, yurda olan bağlılıq igid oğullarımızı Şəhidlik adlı zirvəyə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Canalı kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Əliyev İlkin Bəxtiyar oğlu haqqında yer almış "Bu gənc yaşımda..." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Bu gənc yaşımda...


Bilmirəm, haqqında söhbət açdığım İlkin Əliyev "Azad bir quşdum" adlı mahnını sevirdimi? Bəlkə də bu mahnıya sağlığında qulaq assa idi "Bu mahnı mənə həsr olunub" deyərdi. Bilmirəm. Amma onun haqqında yazmağa başlayanda nədənsə həmin mahnı səsləndi qulaqlarımda. Mahnının sözləri xəyalımdan gəlib keçdi bir anlıq, nakam bir gəncin ömür hekayəsi kimi. 

Azad bir quşdum,

Yuvamdan uçdum,

Torpağa düşdüm,

Bu gənc yaşımda.

Amma... Amma Əliyev İlkin Bəxtiyar oğlu qanad açıb uçana, böyüyüb boy atana qədər heç bir körpəyə nəsib olmayacaq bir ömür yaşamışdı Qazax rayonunun Canalı kəndində, acılı və nakam bir ömür. Bu ömür dəftərinin ilk vərəqləri qayğılarla, məhrumiyyətlərlə yazılmışdı əzəlindən. İlkin dünyaya gəldiyi 26 fevral 2001-ci il tarixindən bir neçə ay sonra anasız qalmışdı. Ana qayğısı, ana nəvazişi görməmişdi uşaqlığından. Ata nənəsi Simuzər xanım sinəsinə çəkib böyütmüşdü nəvəsini oğul yerinə. Onun hər qayğısına qalmış, İlkinə həm nənə, həm də ana olmuşdu. Ona görə də bu gün İlkinin yoxluğu Simuzər ananı daha çox ağrıdır, yanıb-yaxılır. Göz yaşları axıdaraq "Onsuz dayana bilmirəm" deyir.

Həyat İlkinə çox şeyi öyrətmişdi körpəliyindən. Evin yeganə övladı olduğu üçün hər işə gedər, atasının, nənəsinin köməyinə yetərdi. İlkin 2007-ci ildə Qazax rayonunun Canalı kənd tam orta məktəbinə gedəndə nənəsi əlindən tutub aparmışdı oxumağa. Məktəbdə nizam-intizamı, verilən tapşırıqlara əməl etməsi ilə yoldaşlarından fərqlənirdi. Elə ona görə də müəllimlərin sevimlisi idi. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı.

İlkin Əliyev 2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu il 3 aprel tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır.

Atası Bəxtiyar danışır ki, İlkin əsgərliyə gedəndə sanki toy-bayram idi. Dostları çox olduğu üçün xeyli sayda gənc gəlmişdi onu yola salmağa. Ağstafa dəmiryolu vağzalında dostları onu çiyinlərində yola saldılar hərbi xidmətə. İlkin Azərbaycan bayrağına bürünüb gülə-gülə əl eləyirdi onu yola salanlara. Həmin gün sağollaşmırdı, özü də bilmədən vidalaşırdı doğulub boya-başa çatdığı torpaqla, əzizləri, doğmaları ilə. Axı hardan biləydi?... Hardan biləydi ki, bir ildən sonra nəşi bayrağa bürünüb çiyinlərdə gətirilib torpağa tapşırılacaqdı bundan böyük izdihamla. Hardan biləydi...

İlkin Əliyev Bakıda "N" saylı hərbi hissədə xidmət edirdi. Həyatda olduğu kimi əsgərlikdə də canla-başla xidmət göstərir, silah-sursatlardan istifadə qaydalarını öyrənir, əsgəri vəzifəsini layiqincə yerinə yetirirdi. O, qısa müddətdə topçu-tuşlayıcı kimi püxtələşmişdi, gözündən heç nə yayınmır, verilən istiqamətləri dəqiq nişan alırdı. İlkin həm də sürücü idi. Hərbi xidmətdən öncə sürücülük məktəbini oxuduğu üçün yeri gələndə hərbi maşınları da idarə edirdi.

Atası Bəxtiyar oğlu ilə sonuncu görüşünü belə xatırlayır:

- İlkinin 19 yaşı tamam olanda yanına, xidmət etdiyi hərbi hissəyə getmişdim qardaşım Çingizlə. Görüş alıb görüşdük, ad gününü təbrik elədik, gələn il 20 yaşını evimizdə keçirməyi arzuladıq. 

Nənəsi deyir ki, İlkin hərbi xidmətdə ola-ola ona nişan da taxmışdıq. Evin tək övladı olduğu üçün tez evləndirmək istəyirdik. Toyunu görməyə elə tələsirdik ki... Amma qismət olmadı.

Vətən müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından keçib. İlkin Əliyev "N" saylı hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının 1-ci tağımında 2-ci topun komandiri əsgər kimi düşmənin texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib. O, 14 noyabr 2020-ci ildə Xocavənddə şəhid olub, Hüseynbəyli kənd qəbiristanlığında yerləşən Şəhidlər xiyabanında dəfn olunub.    

Əliyev İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 




Facebook-da paylaş