Arzuları böyük idi
“Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüş meydanına atılan igid qəhrəmanlarımız şirin canlarından keçərək hərb tariximizdə qanları ilə şanlı tarix yazdılar. Vətən sevgisi, yurda olan bağlılıq igid oğullarımızı Şəhidlik adlı zirvəyə ucaltdı. Xalqımıza şanlı zəfər yaşadan oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Vəliyev Anar Həmzə oğlu haqqında yer almış "Arzuları böyük idi" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Arzuları böyük idi
Görəsən, həyatda elə bir insan varmı ki, onun arzusu olmasın? Arzusuz insan kölgəsiz ağaca bənzəyir, həyatda mövqeyi, məramı olmur. Düzdür, insanların arzu və xəyalları fərqlənir. Bir arzudan başqa bir arzu yaranır. Bu da təbiidir. Zaman gəlib keçdikcə insanların arzuları da dəyişir, bir-birini əvəz edir. Vəliyev Anar Həmzə oğlunun da arzuları, istəkləri böyük idi.
Anar haqqında danışmağa başlayan kimi ilk cümləsində anası Fazilə xanım dedi:
- Arzuları böyük idi oğlumun. Gələcəkdə oxumaq, ev tikdirmək, maşın almaq haqqında danışar, ürəyində baş qaldıran ilk arzularını mənimlə bölüşərdi. Həmişə də diqqətlə ona qulaq asıb sevinər, fərəhlənərdim. Mənə çox bağlı idi. Hər sözümün əvvəlində ona "Can, qurban olum" deyirdim.
Ailənin böyük oğlu idi Anar. 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində dünyaya gəlmişdi. Ailənin ilk övladı olduğu üçün arzuların ilki də onunla bağlı idi. Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin birinci sinifinə getdiyi (2008-ci il) ilk gün ailədə böyük şadyanalıq olmuşdu. 2017-ci ildə orta məktəbin doqquzuncu sinifini bitirəndən sonra Anar hərbi xidmətə hazırlaşmağa başladı. "Kişi əsgərliyə gedər, Vətənə olan borcunu yerinə yetirər", - deyirdi.
Fazilə xanım şəkillərdən birinə baxıb:
- Hərbi xidmətə getməmişdən iki gün əvvəl Anarın ad günü idi. 18 yaşını qeyd edirdi dostları ilə. Sonra da evimizdə şənlik keçirdik. Şənlik həm də oğlumun hərbi xidmətə yola salınması münasibətilə idi. Nə biləydim ki... Sözünü tamamlaya bilmir.
Anar əsgərliyə getməmişdən bir qədər əvvəl özünə təzə mobil telefon alıbmış, söndürüb anasına verib deyib ki, əsgərlikdən qayıdandan sonra işlədərəm.
Anar Vəliyev 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldı. Əsgərlik kişilik məktəbi idi. Anar Vəliyev bu məktəbdən alnı açıq, üzü ağ keçdi. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin artilleriyasında hərbi qulluqçu - əsgər kimi xidmət etməyə başladı. Həmin dövrdə nümunəvi xidmət etməsi, verilən hərbi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi ilə fərqləndi. Müasir silahlardan istifadə etmək qaydalarını dərindən öyrəndi, hərbi biliyini artıraraq şanlı Azərbaycan Ordusunun mübariz əsgəri oldu.
Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub. Minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından döyüş meydanında şəhid olub.
Fazilə xanım deyir:
- Anar şəhid olan günü onunla telefonla 2 dəfə danışdıq. Həmin gün danışdığımıza görə rahat olmaq əvəzinə Həmzənin də, mənim də az qalırdı ki, ürəyimiz partlasın. Elə bil havamız çatmırdı. Sən demə... bizimlə danışandan sonra Anar şəhid olubmuş.
Anar Vəliyev 11 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən 18 yaşında qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Anar Vəliyev ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə", 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Gələcək nəsillər canlarını bu müqəddəs yolda - Vətənimizin azadlığı, xalqımızın xoşbəxtliyi uğrunda fəda edən oğul və qızlarımızı heç vaxt unutmayacaqdır. Anar Vəliyev kimi igid, vətənpərvər oğullarımız Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun, şəhidim!
Facebook-da paylaş