• Təqvim

  • Maraq



"Torpağı alıb qayıdacağıq"


"Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyən qəhrəmanlarımız şirin canlarından keçərək hərb tariximizdə qanları ilə şanlı tarix yazdılar. Vətən sevgisi, yurda olan bağlılıq igid oğullarımızı Şəhidlik adlı zirvəyə ucaltdı.  Vətəni canından əziz bilən oğullarımız illər keçsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Nəsibov Asəf Səfəralı oğlu haqqında yer almış "Torpağı alıb qayıdacağıq" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

"Torpağı alıb qayıdacağıq"


Onun haqqında yazarkən qətiyyət sözü gəlib keçir fikrimdən. Qətiyyət zirvələri fəth etmək istəyən insanın qəlbindəki böyük duyğu, rast gələ biləcəyi əngəllərin, getdiyi yolda qarşılaşacağı maneənin onu yolundan döndərməyəcəyinə inam deməkdir. Aşılması imkansız kimi görünən maneələrlə üzləşən və bütün çətinliklərərə baxmayaraq öz-sözünü reallaşdıran insanlar qətiyyətli olurlar. Bu şəxslər insanın nələrə qadir olduğunu, nələri edə biləcəyinə inamlı olduğunu öz əməlləri ilə sübuta yetirirlər. Qətiyyətli insanlar Allahdan yardım istəyib yenidən  irəli atılanlar, var gücü ilə çalışanlar, adlarını tarixə yazdıranlardır. Şəhid Nəsibov Asəf Səfəralı oğlu kimi. 

26 illik ömür yolunda zəngin bir həyat məktəbi keçən Asəf Nəsibovun tərcümeyi-halı olduqca geniş, mənalı və ibrətamizdir. 1994-cü il fevral ayının 25-də Qazax rayonunun Qaymaqlı kəndində dünyaya gələn Asəf dağlar qoynunda böyümüşdü. 2000-ci ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin birinci sinifinə gedəndə artıq çoxlu şeirlər bilir, ana, Vətən haqqındakı şeir parçalarını əzbərdən deyirdi. Müəllimləri danışır ki, uşaq yaşlarından qətiyyətli, inamlı, nizam-intizamlı idi. Verdiyi sözdən heç vaxt geri dönməzdi. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra həyatı həmişəlik Bakı ilə bağlanmış, gənc qəlbində boy atan arzularını bu şəhərdə həyata keçirməyə başlamışdır. Elə həmin il ilk arzusu çin olmuş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya mühəndisliyi fakültəsinə qəbul olmuş, 2015-ci ildə həmin universiteti ixtisaslı gənc mütəxəssis kimi bitirmişdir. 25.07.2015-ci ildən 23.07.2016-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, əsgərlik dövrü onun həyatında dərin iz buraxmışdır.

Asəf Nəsibov ilk əmək fəaliyyətinə Bakıda xəritə mühəndisi kimi başlamışdır. Bir il burada işlədikdən sonra doğulub boya-başa çatdığı Qazax rayonuna qayıtmış, burada rayon yol istismar idarəsində kiçik mühəndis vəzifəsində işləmişdir. Bir müddət sonra yeni bir iş təklifi almış və Qazaxdan ayrılmışdır. 2018-ci ilin axırlarından səfərbərliyə çağırılanadək İqtisadiyyat Nazirliyi tabeliyində olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də baş mütəxəssis işləmişdir. Onu qarşıdakı illərdə daha böyük işlər gözləyirdi.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 29-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliklə bağlı komplektləşdirilməyə cəlb olunmuşdur.

Atası Səfəralı kişi danışır:

- Səfərbərliyə çağırılanda Asəf Bakıdan birbaşa hərbi komissarlığa gedib. Gəlib heç bizimlə görüşmədi də. Asəf çox qorxmaz və qətiyyətli idi. Getdiyi yoldan qalibiyyətlə dönəcəyinə inanırdı. Ona görə də Qazaxdan müharibəyə gedəndə yoldaşlarına deyib ki, "Tezliklə torpağı alıb qayıdacağıq, onda görüşərik".

Anası Xədicə xanım oğluna toy edə bilmədiklərinə görə yanıb-yaxılır:

- Arzumuz ürəyimizdə qaldı. Bir il idi ki, nişanlı idi. Noyabrda toyunun olacağını gözləyirdik, qismət olmadı, - deyir.

Müharibə Asəf Nəsibova tanış idi. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş, müharibənin ağrı-acılarını görmüşdü. Ona görə də Murovdağ yüksəkliyinin alınması uğrunda gedən döyüşlərə qatılanda müharibə heç də ona çətin gəlmədi. Bu səbəbdən də qətiyyətlə vuruşur, düşmənə aman vermirdi. Motoatıcı piyada taborunun tərkibində kəskin nişançı (snayperçi) idi. Hədəf gözündən yayınmırdı. 

Onunla bir yerdə müharibəyə gedib bir yerdə də xidmət edən Orxan İlyazov danışır ki, Laçın dəhlizinə gedən yolda idik. Döyüşdə mən yaralanmışdım. Həm də mövqeyimiz təhlükəli idi. Bu zaman Asəf özünü yetirdi. Həm uşaqları təhlükədən qurtardı, həm də məni çiyninə alıb döyüş meydanından çıxartdı.    

Asəf Nəsibov Cəbrayılın, Qubadlının, Xocavəndin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. 28 oktyabr 2020-ci il tarixində Laçın istiqamətində olan vuruşmada isə qəhrəmancasına şəhid olmuşdur. 

Ölümündən sonra Asəf Nəsibov Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.




Facebook-da paylaş