"Mənim atam şəhid olub, ölməyib"
Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün tam olması üçün şirin canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Qəhrəmanlarımızı hər zaman "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı bir yumruq tək birləşdirdi. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımız illər keçsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl İkinci Şıxlı kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına və həyat yoldaşına təqdim ediblər.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Kərimov Emil İlqar oğlu haqqında yer almış "Mənim atam şəhid olub, ölməyib" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
"Mənim atam şəhid olub, ölməyib"
Qazax rayonunun İkinci Şıxlı kənd sakini Kərimov Emil İlqar oğlu qısa, amma şərəfli bir ömür yaşayıb. Onun ömrünə şöhrət gətirən isə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən Vətən müharibəsində igidlik göstərməsi, canını torpaq uğrunda qurban verərək şəhid olmasıdır.
1993-cü il sentyabr ayının 7-də dünyaya gələn Emil Kərimov qısa olsa da, mənalı bir ömür yaşayıb. 2000-ci ildə Valeh Musayev adına kənd tam orta məktəbin birinci sinifinə gedən zamandan müəllimlərin, eləcə də sinif yoldaşlarının diqqətini özünə cəlb edib - zirəkliyi, qayda-qanunlara ciddi əməl etməsi və yaşıdlarından seçilməsi ilə. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirərək 2013-cü ilin aprel ayında tərxis olunmuşdur.
Emil Kərimovun həyatında ən önəmli gün isə 2020-ci ilin sonlarında başlamışdır. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Əsas hadisələr də bundan sonra başlamışdır.
Həmin gündən sonra Emil Kərimov əsl hərbçi həyatı yaşamış, "N" saylı hərbi hissənin manqa komandiri hərbi vəzifəli əsgəri kimi Qarabağın azadlığı uğrunda gedən döyüşlərə qatılmış, Vətənə sevgisini silahı ilə, qəhrəmanlığı ilə bildirmişdir.
Anası Surayyə Hüseynova oğlu ilə son görüşündən danışır:
- Sonuncu dəfə Emillə oktyabr ayının 8-də görüşə bildim. Bilsəydim ayrılıq var, heç olmasa oğlumun doyunca üzünə baxar, bağrıma basardım. Elə bilirdim ki, tez bir zamanda qayıdıb gələcək.
Amma atalar deyir, sən saydığını say, gör fələk nə sayır.
Emil Kərimovun döyüş yolu Füzulinin azad olunması uğrunda gedən döyüşlərdən başlayıb. Burada düşmənin müqavimətini qırıb darmadağın edəndən sonra şanlı Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri ilə birlikdə Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Düşmənin başına od yağdıraraq Azərbaycan əsgərinin qətiyyətini onlara göstərib - şücaəti, qorxmazlığı, mətanəti ilə.
Atası Kərimov İlqar deyir:
- Emil hərbi sirr olduğu üçün yerini və keçirdiyi döyüşlər barədə bizə heç nə demirdi. Hər dəfə telefonla əlaqə saxlayanda müharibənin qalibiyyətlə başa çatacağını söyləyirdi. 13 gün Füzulidə döyüşməklərinə baxmayaraq bir dəfə də olsun belə bu haqda danışmadı.
Həyat yoldaşı Afət Əliyeva sonuncu dəfə Emillə telefonla danışmasını belə xatırlayır:
- Emillə axırıncı dəfə oktyabrın 25-də danışdım. Axşam saat 5-6 arası olardı. Zəng eləyib uşaqları soruşdu. Nazəninə, Aminə yaxşı baxmağımı söylədi. Uşaqları ürəkli böyüt, - dedi. Bir də qəflətən: "Dünya işini bilmək olmaz, mənə nəsə olsa, uşaqları qardaşıma - Vüsala tapşırıram", - dedi. Bu bizim axırıncı söhbətimiz oldu. Elə bil ürəyinə damıbmış. Həmin günün səhəri, oktyabrın 26-da Emilin Füzulidə qəhrəmancasına şəhid olması xəbərini aldıq. Dünya başıma fırlandı.
5 yaşına təzəcə qədəm qoymuş qızı Nazəninin dediyi sözlər isə insanın ürəyini parçalayır. O, uşaq düşüncəsi ilə özü də bilmədən həqiqəti deyib, atasının zirvəyə yüksəldiyini bildirib. Anası söyləyir:
- Bir dəfə qızım danışdı ki, uşaqlar mənə dedi ki, sənin atan ölüb. Mən isə onlara dedim ki, mənim atam ölməyib, mənim atam şəhid olub.
- Elədir, qızım, sənin atan şəhid olub. Şəhidlər isə ölmür, - dedim.
Vətən torpaqlarının bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Emil Kərimov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş