• Təqvim

  • Maraq



Hərbçi olmağı qərara almışdı...


"Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan igid oğullarımız Vətən yolunda canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Qanları ilə şanlı tarix yazan oğullarımız illər keçsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Daşdəmirov Elfak Eltunoğlu haqqında yer almış "Hərbçi olmağı qərara almışdı..." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Hərbçi olmağı qərara almışdı...


Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan  Ordusunun Tarixi Zəfəri ilə başa çatdı, 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Biz həmin gündən Dağlıq Qarabağ münaqişəsinin bitməsi və ölkəmizin zəfər qazanması üçün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik. Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu "Dəmir yumruq" əməliyyatını həyata keçirərək işğal altındakı torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı tarixi qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu.

Daşdəmirov Elfak Eltun oğlu da Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik zirvəsinə ucaldı, əbədiyyətə qovuşdu. 

Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Fərəhli kəndində anadan olmuşdu. Hələ uşaq yaşlarından Fərəhlinin qonşuluğunda yerləşən Bağanıs Ayrım, Qızıl Hacılı, Yuxarı və Aşağı Əskipara kəndlərinin ermənilər tərəfindən işğal edilməsini eşitmişdi. Elə bu səbəbdən də uşaqlıqdan qəlbində düşmənə qarşı intiqam hissi yaranmış və hərbçi olmağı qərara almışdı. 

2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbinə oxumağa başlayandan sonra qəlbindəki bu hisslər daha da böyümüş, 2011-ci ildə həmin məktəbin doqquzuncu sinifini bitirəndən sonra təhsilini Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2013-cü ildə orta təhsilini başa vurduqdan sonra valideynlərinə mütləq hərbçi olacağını demişdi. Evin tək oğlu olduğu üçün ailədə onun bu qərarına hörmətlə yanaşmış, bir söz deməmişdilər. Elfak Daşdəmirov sənədlərini hazırlayıb bu sahədə oxumaq istəsə də, alınmamışdı. Həmin səbəbdən test imtahanları verərək 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə həmin universiteti bitirmişdir. Ali təhsil haqqında diplomu alandan sonra bir il (2017-2018-ci illərdə) Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 

Hərbi xidmət onun arzusunun məkanı idi. Ona görə də ali təhsil almasına baxmayaraq, burada birbaşa hərbi kurslarda oxumaq və hərbi sahədə xidmət etmək məqsədilə daha bir cəhd göstərdi. Amma bu dəfə də istəyi baş tutmadı. Hərbçi olmaq arzusunun alınmadığını görüb Bakıya gedərək ixtisası üzrə işləməyə başladı. 

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olundu.

Elfak Daşdəmirov Vətən müharibəsində ilk döyüşə Füzulidə 11 oktyabrda qatılıb. 15 gün bu bölgənin düşməndən azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə igidliyi, qəhrəmanlığı ilə fərqlənib. 2020-ci ildə oktyabrın 26-da Füzuli-Cəbrayıl istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Elfak Daşdəmirov Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Elfak harada olsa, özünə hörmət qazanar, ətrafındakıların sevimlisi olardı. Müharibəyə getməmişdən əvvəl işlədiyi müəssisənin rəhbəri Anar Almədədovun Elfak şəhid olduqdan sonra kollektivin adından yazdığı məktub buna əyani sübutdur. Həmin məktubdakı cümlələr adamın ürəyini dağlayır: "Balam dadında Elfakım! Ölüm yaraşmırdı sənə. İndi mən yaşadığımdan utanıram, yediyimdın utanıram, mənim balam. Dağ çəkdin mənə. Dözə bilmirəm, inana bilmirəm ki, sən yoxsan". Onun haqqında deyilən belə ürək sözləri onlarca, yüzlərcədir.

Elfak Daşdəmirovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Elfak Daşdəmirovun adı verilmişdir. 




Facebook-da paylaş