"Ana, əgər şəhid olsam, ağlama"
"Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı uğrunda yumruq tək birləşib, bu yolda canlarından keçən qəhrəmanlarımız Şəhidlik adlı uca zirvəyə yüksəldilər. Bu ali zirvəni fəth edən qəhrəmanlarımız illər keçsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Birinci Şıxlı kəndində olub, kitabı qəhrəman şəhidimizin anasına və həyat yoldaşına təqdim ediblər.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Həsənov Babək Saleh oğlu haqqında yer almış "Ana, əgər şəhid olsam, ağlama" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
"Ana, əgər şəhid olsam, ağlama"
Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, Qarabağın 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin qalibiyyətlə başa çatması və ölkəmizin zəfər qazanması üçün ildırım sürətli 44 günlük müharibədə qazandığımız şanlı Zəfər ilə tarixi ədaləti bərpa etdik. Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətini, oğullarımızın mərdliyini və xalqımızın birliyini bütün dünyaya göstərdik.
Vətən müharibəsində tarixi qələbəmizin qazanılmasında payı olanlardan biri də Həsənov Babək Saleh oğludur.
Babək Həsənov 14 sentyabr 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1996-2007-ci illərdə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində orta təhsil aldıqdan sonra həyatını hərbi sahəyə bağlamışdır. 2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2009-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur.
Hərbi sahəyə ürəkdən bağlı olan Babək Həsənov hərbi xidmətdən tərxis olunduqdan sonra 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Xidməti müddətində özünü bacarıqlı, səriştəli, döyüş texnikasının sirlərinə yiyələnmiş bir hərbçi kimi göstərmişdir. Bu, hərbi hissənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, Babək Həsənov fəxri fərmanlarla təltif edilmişdir.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Babək cəbhəyə gedib vuruşmağa can atırdı. Deyirlər, "Arzun hara, mənzilin də ora". Babək Həsənov ölkə başçısının "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il oktyabr ayının 25-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.
Anası Gülarə xanım deyir ki, oktyabrın 25-i bazar günü idi. Babəklə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə gəldik. Xeyli adam toplaşmışdı. Ana-bala dayanmışdıq. Babək başını sinəmə söykədi, bir xeyli beləcə dayandı. Və birdən "Dünya işidir, ana, əgər şəhid olsam, ağlama", - dedi mənə. Bir az keçmiş yola düşdülər. Bir neçə gündən sonra zəng elədi ki, Füzulidəyəm.
Həyat yoldaşı Aytəkin xanım söyləyir ki, övladımız olmurdu. 7 ildən sonra 2020-ci ilin martında bir qızımız oldu. Yaman çox istəyirdi Əfsanəni. Axırıncı dəfə İkinci Şıxlı kəndindən Birinci Şıxlı kəndinə maşınla gələnə qədər uşağı öpə-öpə, qoxlaya-qoxlaya gəldi. Müharibə dövründə hərdən zəng edir, ilk sözündən balacanı soruşurdu. Babək ailəsinə çox bağlı idi.
Cəbhədə döyüşlər get-gedə daha da şiddətlənir, düşmən texnika və silah-sursatlarını səngərlərdə qoyub qaçırdı. Ona görə də Babək hər dəfə evlərinə zəng edib ailə üzvləri ilə çox fəxrlə danışırdı. Babək Həsənov Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının alınması uğrunda gedən döyüşlərdə iştirak etmış, şücaət göstərmişdir. Noyabrın 4-də Laçın rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilmişdir.
Babək Həsənovun göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Şəhid Babək Həsənov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.
Babək Həsənovun timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!
Facebook-da paylaş