• Təqvim

  • Maraq



Haqq savaşına çıxan oğul


Şəhidlik uca zirvədir. Bu uca məqamı, ali zirvəni fəth edən qəhrəman oğullarımız qədirbilən xalqımızın qəlbində daim əbədi yaşayacaqdır. "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı uğrunda yumruq tək birləşərək, bu yolda canlarından keçən qəhrəmanlarımızın döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri gələcək nəsillərə nümunə olacaq. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Aslanbəyli kəndində olub, kitabı qəhrəman şəhidimizin ata və anasına təqdim ediblər.


Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kiçik çavuş Mustafayev Sərxan İslam oğlu haqqında yer almış “Haqq savaşına çıxan oğul" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Haqq savaşına çıxan oğul


Vətən müharibəsi bir daha sübut etdi ki, ölkə Prezidenti İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilər. "Qarabağ Azərbaycandır!", - deyərək haqq savaşına çıxan və 30 illik həsrətə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə hələ bundan sonra uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Ali Baş Komandanın "İrəli!" əmrini layiqincə yerinə yetirərək hərb tariximizə illərdir ki, arzusunda olduğumuz qələbə zəfərini yazdılar.

Qızıl hərflərlə tarixin pozulmaz səhifələrinə yazılmış qələbə zəfərində xidməti olanlardan biri də kiçik çavuş Mustafayev Sərxan İslam oğludur. O, fəxr olunası bir ömür yaşamış, döyüşlərdə əsl qəhrəmanlıq göstərmiş, ən uca zirvə olan Şəhidlik zirvəsinə ucalmışdır. 

Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Dağlar qoynunda yerləşən kəndlərində asudə uşaqlıq çağlarını yaşayan Sərxan həmyaşıdları kimi 2001-ci il tarixində Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin birinci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin doqquzuncu sinifini bitirmişdir. 

Əsgərlik yaşına çatan Sərxan Mustafayev 01.04.2012-ci ildən 01.10.2013-cü il  tarixədək Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərlik dövründə hərb sahəsi Sərxanın diqqətini özünə cəlb etmiş, bu yolla getməyi qarşısına məqsəd qoymuşdur. Bu istəklə də 3 iyun 2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Sonrakı illərdə ailə qurmuş, 1 oğlu və 1 qızı dünyaya gəlmişdir.  

Atası İslam kişi deyir ki, əsgərlikdən gələndən sonra Sərxan Gədəbəydə xidmət edərək kiçik çavuş rütbəsində manqa komandiri olub. 3 il 6 ay burada işlədikdən sonra Qazaxa dəyişilib. Sonra Daşkəsəndən keçən hərbi xidmət yolu yenidən Qazaxa dönüb. Bu müddətdə həmişə nümunəvi xidmət göstərib, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.

Motoatıcı taborun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Sərxan Mustafayev Vətən müharibəsində şücaətlə döyüşüb, əsl qəhrəmanlıq göstərib. Snayperçi kimi düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, gözündən heç nə yayınmayıb.

Anası Fəridə xanım deyir ki, Sərxan axırıncı dəfə şəhid olmamışdan 3 saat qabaq bizimlə telefon əlaqəsi saxladı. Çox ürəklə danışırdı. "Allah qoysa, tezliklə görüşərik" dedi. Danışandan sonra Allaha dua etdik ki, şükür sağ-salamatlıqdır.

Sərxan Mustafayev 31 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. 

Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. 

Biz bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Sərxan Mustafayev kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilmiş şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır! Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!




Facebook-da paylaş