Hər açılan səhər...
Vətənə, torpağa, yurda olan bağlılıq, torpağı canından üstün tutmaq. İgid oğullarımızı hər zaman bu amal birləşdirdi. "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan qəhrəmanlarımız bu amal uğrunda Şəhidlik zirvəsinə yüksəldilər. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Ürkməzli kəndində olub, kitabı qəhrəman şəhidimizin anasına təqdim ediblər.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş çavuş Kərimov Kamil Ələddin oğlu haqqında yer almış "Hər açılan səhər..." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Hər açılan səhər...
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi tarixin yaddaşına qızıl hərflərlə yazıldı. 44 gün davam edən, ildırım sürətli bu savaş torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşımız, qalibiyyət təntənəmiz oldu. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətəni döyünən ürəyi, üçrəngli bayrağımızı qürurumuz, and yerimiz bilən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız bu haqq savaşında Qələbə qazanmaq üçün döyüş meydanına atıldılar. Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdılar bizə. Nankor düşmənlə yanaşı, bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan dövləti güclü, yenilməz dövlətdir, apardığı savaş isə haqq savaşıdır. Bu müharibə birlik, həmrəylik, qalibiyyət müharibəsidir. Öz doğma yurd-yuvasından, el-obasından ayrı düşən günahsız insanları, 30 ildir ki, Vətənsiz böyüyən Vətən övladlarını Qarabağa yenidən qaytarmaq uğrunda gedən müharibədir.
Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücü, qüdrəti sayəsində bizim şanlı Qələbəmizlə, Zəfərimizlə başa çatdı. 10 noyabr yaddaşlara tarixi qələbənin yazıldığı gün kimi həkk olundu.
Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan oğullarımızdan biri də şəhid Kərimov Kamil Ələddin oğludur. O, döyüş meydanında vuruşaraq Şəhidlik zirvəsinə ucalmış, adını əbədi olaraq tarixin səhifələrinə yazdırmışdır.
...Kamilin doğulub boya-başa çatdığı Qazax rayonunun Ürkməzli kəndində səhərlərin açılması bambaşqa olurdu. Dağların qoynundan doğan günəş ətrafa nur saçaraq kəndi şəfəqlərə qərq edir, insanlara sevinc, bərəkət paylayırdı. Kamil səhərləri, ələlxüsus da, günəşin doğmasını çox sevirdi. Sevirdi ki, kəndləri başqa bir rəngə boyanır, dünya hərəkətə gəlir. Bir də ona görə çox sevirdi ki, hər açılan səhərlə yeni bir gün başlayırdı.
Belə günəşli səhərlərin birində - 1995-ci ilin 2 iyul günündə dünyaya gəlmişdi Kamil. Ata-anası 3 qızdan sonra oğul tapmışdılar. Ona görə də onunla nəfəs alır, boy-buxununa baxıb sevinirdilər. Üç bacının - Xuramanın, Aybənizin, Kifayətin gözlərinin işığı idi Kamil. Qardaşları ilə fərəhlənib, sanki qol-qanad açırdılar bacılar. Amma sonunda tanrı Kamili çox gördü onlara...
Kamil Kərimov 2002-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin birinci sinifinə getmiş, öz bilik və bacarığı ilə həmişə şagirdlər arasında fərqlənmişdir. 2013-cü ildə həmin məktəbin onbirinci sinifini bitirdikdən sonra hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Arzusuna çatmaq üçün orta məktəbi qurtaran ili Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olmuş, 2017-ci ildə həmin akademiyanı bitirmişdir.
Ali təhsilini başa vurduqdan sonra gənc ömrünün hərbçi dövrü başlamışdır. Ali təhsilli olduğu üçün 1 il - 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. Ürəyində hərbi sahəyə böyük istək olduğundan həyatını bu peşəyə həsr etmək qərarına gəlmişdi Kamil. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. Kamil Kərimov çavuş rütbəsində manqa komandiri kimi xidmət etmişdir. O, qətiyyətli, təcrübəli və cəsur kəşfiyyatçı idi, verilən tapşırıqları peşəkarlıqla yerinə yetirirdi.
Anası Həbibə xanım danışır ki:
- Müharibə başlayanda Toğana kəndində hərbi xidmətdə idi Kamil. Sonradan bildik ki, sentyabrın 27-də düşmənə qarşı həmin istiqamətdən ilk döyüşə girib. Murovdağ yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib.
Sentyabrın 29-da isə Kamil Kərimovun sonuncu döyüşü olub. Düşmənə qarşı hücuma keçib yüksəkliyi almaq əmrini yerinə yetirirdilər. Səhər tezdən idi. Dağların ətəyindən Günəş yenicə boy göstərirdi. Elə bu vaxt... Elə bu vaxt Kamil düşmən gülləsinə tuş gəldi. Snayper silahından atılan qızıl güllə onun düz ürəyindən dəydi. Səhərin açılmasını çox sevən 25 yaşlı Kamil Kərimov elə səhər çağı gözlərini əbədi olaraq yumdu.
Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşub şəhid olan çavuş Kamil Kərimovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş