• Təqvim

  • Maraq



Ləqəbi "Qara qartal" idi


Vətəni, torpağı canından keçərək uğrunda Şəhidlik zirvəsinə yüksələcək qədər sevən oğullarımız minlərlədir. İgid Vətən oğullarını hər zaman bir amal birləşdirdi. O amal ki, qəhrəman oğullarımız hər zaman "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atıldılar və ölümün gözünə dik baxdılar. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kiçik gizir Mədətov Röyal Şahin oğlu haqqında yer almış Ləqəbi "Qara qartal" idi” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Ləqəbi "Qara qartal" idi


Dünyaya hərbçi olmaq üçün gəlmişdi elə bil Röyal. 14 may 1992-ci ildə əyninə hərbi formanı geyinib Vətənə xidmət etmək üçün doğulmuşdu sanki. Uca boyu, enli kürəyi, iti baxışları ilə elə ilk görünüşdən diqqəti cəlb edirdi. Qazax rayonunun Hüseynbəyli kəndində bir gənc böyüyürdü - gələcəkdə qəhrəman olub adı dillərə düşəcək bir gənc.  Mədətov Röyal Şahin oğlunun sabahına böyük ümid bəslənilirdi.  

1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin birinci sinifinə gedəndə qoçaqlığı, güclü hafizəsi və dürüstlüyü ilə müəllimlərin diqqətini özünə cəlb eləmişdi, yoldaşları arasında sayılıb-seçilirdi. 2009-cu ildə orta məktəbi bitirəndən sonra müstəqil həyata qədəm qoydu. Həyatda irəliləmək, ömrün dolanbac yollarını keçib getmək üçün özünə hər hansı bir peşəni, sənəti seçməli idi. Röyal Qazax rayon Əlahiddə Müdafiə Taborunun tərkibində könüllü olaraq gizir hərbi rütbəsində xidmət etmiş atası Şahini uşaqlıqdan hərbi formada görmüş, bu səbəbdən də hərb sahəsinə marağı artmışdı. Şahin kişi danışır:

- Röyalla ata-bala yox, yaxın dost olmuşuq. Hərdən ermənilərə qarşı döyüşməyimizdən söz açanda "Böyüyəndə mən də erməni öldürəcəyəm, sizin qisasınızı alacağam"- deyirdi.

Qardaşı Taleh söyləyir ki:

- Röyal idmanın sərbəst güləş növü ilə ciddi məşğul olurdu. Rayonda, eləcə də respublika yarışlarında iştirak edir, yüksək yerlər də tuturdu. 

Röyal Mədətov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılıb qulluq edəndə fikrini birdəfəlik qətiləşdirdi. Ona görə də 2012-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra, həmin il də könüllü olaraq Azərbaycan Ordusu sıralarına qayıtdı. 

Röyal Mədətov 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı. Xidməti müddətində özünü bacarıqlı, səriştəli, döyüş texnikasının sirlərinə yiyələnmiş bir hərbçi kimi göstərərək fərqləndi. 

Röyal xidmət etməklə yanaşı, təhsilini artırmaq qayğısına da qalır, öz üzərində daima çalışırdı. O, xidmət edən müddətdə kurslara qatılaraq yüksək nəticələr göstərmişdi. Röyalın oxuduğu kursda sınaqlardan 116 nəfərdən cəmi 6 nəfər keçmiş və Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilmişdi. Onlardan biri də Röyal Mədətov idi. Üstəlik, Röyal normativləri yüksək nəticə ilə yerinə yetirdiyi üçün ona kiçik gizir rütbəsi də verilmişdi. 

Xüsusi Təyinatlı Qüvvələrə qəbul ediləndə elə bil Röyala dünyanı bəxş eləmişdilər. Zarafat deyil, ürəyində kök atmış arzularının ikisinə bir gündə çatmışdı. Röyal Mədətov xidməti dövründə öz nümunəsi ilə fərqlənirdi. 

2016-cı ilin Aprel döyüşləri onun ömür dastanında yeni bir səhifə açdı. Röyal iştirakçısı olduğu vuruşmaların birində yaralandı. Müalicə aldıqdan sonra təkrar olaraq ordu sıralarına qayıdıb kiçik gizir kimi hərbi xidmətini davam etdirməyə başladı. Aprel döyüşlərində göstərdiyi igidliyə görə Müdafiə Nazirliyi tərəfindən "Şücaətə"görə", sonra isə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olundu. Ancaq Röyal medallarla təltif olunmasına baxmayaraq, onları sinəsinə taxmağı sevməzdi. Səbəbini soruşanda isə "Vətən hələ dardadır" deyərdi.

Vətən müharibəsinin ilk günündə Röyalın komandiri olduğu manqa Murov dağındakı yüksəkliyin alınması uğrunda gedən döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, hərbi texnikasını sıradan çıxarıb. Döyüş yoldaşları danışır ki, vuruşmalarda Röyal sanki od parçasına dönürdü. Belə vaxtlarda döyüşçülər deyirmiş ki, "Mədətovun yenə tərs damarı tutub". 

Murovdağdan sonra Röyalın döyüş yolu işğal altında olan diğər torpaqlardan keçib. Onun manqası Qubadlıda ermənilərə qan udduraraq Cəbrayıl istiqamətində döyüşlərə qatılıb. Röyal Mədətov burada yaralanıb. Müalicə olunduqdan sonra yenidən ön cəbhəyə qayıdaraq Füzulidə döyüşə girib, Şuşa istiqamətində döyüşərək yüksəkliyi ələ keçiriblər.

"N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrdə xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov Vətən müharibəsində əsl igidlik və qəhrəmanlıq göstərib. Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 

Röyalın vəzifəsi snayper kimi görünmədən görmək, ölmədən öldürməkdən ibarət idi. Bu vəzifəni uğurla icra etdikdən sonra o, yenə də düşmənə hər vəcdlə zərbə vurmağa çalışır, döyüş meydanında qisasını alırdı. Çünki o, xüsusi təyinatlı idi.

Valideynləri də bilmirdi gizir Röyalın yerini və yaralı olduğunu... Xüsusi təyinatlı igid müharibənin qaydalarına ciddi riayət edərək, bütün gizlinləri mətanətlə qəlbində daşıyırdı. Axı o, Vətəni qoruyurdu... Füzulidə yaralansa da, təkrar hərb meydanına can atıbdı, Röyal. Evlərində isə bütün bu olanlardan heç kimin xəbəri yox idi.

Dilindən Vətən sözü bir an düşməyən Röyal düşmənin qəniminə çevrilmişdi. Ön cəbhəyə mərdliklə döyüşən qəhrəman düşmənin üç maşın kolonunu partladıb, tağımı ilə birlikdə düşmənin xeyli sayda hərbçisini məhv edib.

Qırmızı bazar (Şuşa istiqamətində) kəndi uğrunda gedən vuruşmada 22 oktyabr 2020-ci il tarixində snayperin atdığı güllə ilə düz ürəyindən vurulub və döyüş meydanında şəhid olub. Röyal ailəli idi. Övladı yoxdur.

Kiçik gizir Röyal Mədətovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "İgidliyə görə" medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.   

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisindəki adsız olan küçələrdən birinə Röyal Mədətovun adı verilmişdir.




Facebook-da paylaş