• Təqvim

  • Maraq



"Torpağı özüm alacağam"


Azərbaycanın ərazi bütövlüyünün tam olması, torpaqlarımızın düşmən tapdağından azad edilməsi arzusu neçə-neçə igid Vətən oğlunu bir amal uğrunda birləşdirdi. İllərdir ürəklərdə yer alan bu arzunun gerçəkləşməsi naminə qəhrəman Vətən övladları "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atıldılar, Şəhidlik adlı uca zirvəyə yüksəldilər. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov və kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Dəmirçilər kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.


Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Məmmədov Turan Nadir oğlu haqqında yer almış "Torpağı özüm alacağam" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

"Torpağı özüm alacağam"


Bu sözləri Turan deyirdi. Hələ yeniyetmə yaşları olanda. "Böyüyüb torpağı özüm alacağam" - söyləyirdi Qarabağdan söz düşəndə. Uşaqlıqdan ürəyində vətənpərvərlik duyğuları baş qaldırmağa başlamışdı. Yavaş-yavaş torpaq sevgisi, yurd məhəbbəti yaranırdı kövrək qəlbində. Turanın uşaqlıqdan belə duyğulu, Vətənini sevən bir yeniyetmə kimi böyüməsi səbəbsiz deyildi. Qarabağ müharibəsi veteranı olan atası Nadir kişi 90-cı illərin əvvəllərində Vətənin keşiyində dayanmış, torpaqlarımızı işğalçılardan qorumuşdu. Dayısı da bu yolu keçmişdi. Belə bir vətənpərvər mühitdə böyüyən Turan təbii ki, vətənpərvər olmalı idi.    

Məmmədov Turan Nadir oğlu 29 avqust 1993-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. O, 1999-cu ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin birinci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin onbirinci sinifini  bitirmişdir. 

Anası Reyhan xanımın oğlunun uşaqlıq, yeniyetməlik illəri ilə bağlı dediyi sözlər Turanın elə o vaxtdan torpağını sevən, ona ürəkdən bağlanan bir gənc kimi yetişməsindən xəbər verir:

- Onun taleyinə hərbçi olmaq yazılmışdı, - deyə Reyhan xanım danışır. Uşaqlıqdan qəhrəmanlıq, igidliklə bağlı olan kinolara baxar, bu mövzuda filmlərə meyl göstərirdi. Deyirdi ki, ana, mənə nağıl danış. Elə nağıl danış ki, qəhrəmanı mən olum.

Qardaşı Nağı isə deyir:

- Turan idmanı daha çox sevirdi. Kənddəki idman klubunda hər gün saatlarla idmanla məşğul olur, bu sahəyə xüsusi diqqət yetirirdi. Güləşə həvəsi daha çox idi.

Turan Məmmədov idmanla ciddi məşğul olduğu üçün orta məktəbdə fiziki tərbiyə, eləcə də hərbi hazırlıq dərslərində çox fəal olub. Uşaqlıqdan özü də bilmədən özünü hərb sahəsinə hazırlayıb Turan.

Orta məktəbi bitirdikdən sonra Turan Məmmədov 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2013-cü ilin aprelində isə tərxis olunmuşdur. 

Turan Məmmədov əsgərlikdən qayıdandan sonra evdə çox dayanmadı, mayın əvvəllərində sənədlərini hazırlayıb Bakıya getdi. Kəşfiyyatçı olmaq istəyirdi. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) 6 ay oxudu və arzusunda olduğu gizir hərbi rütbəsini aldı. Turan Məmmədov 2013-cü ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında gizir kimi xidmət etməyə başlamışdır. 2015-ci ildə isə Hava Hücumundan Müdafiə Qurğularının zenit-raket bölüyündə gizir olmuşdur. O, qardaş Türkiyə hərbçiləri ilə də təlimlərdə iştirak etmiş, 2 dəfə kurs keçmiş, "Komando" məktəbində oxumuşdur.

Turan Məmmədov yeni bir ömür yoluna qədəm qoymuşdu - Vətənə xidmət yoluna. Bu yolda isə onu müharibə, qanlı-qadalı döyüşlər, qəhrəmanlıq salnaməsi gözləyirdi. Turan 2016-cı ilin Aprel döyüşlərində mərdliklə vuruşdu, yaralanaraq bu salnamənin ilk səhifəsini yazdı. Sonrakı illərdə Turan Məmmədov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) baş kəşfiyyatçı, gizir kimi xidmətini davam etdirmişdir. 

Vətən müharibəsində Turan Məmmədov həmlə-kəşfiyyat taborunun tərkibində döyüşə girərək mərdliklə döyüşüb, yeniyetməlik illərindən ürəyində kök atmış arzularını həyata keçirməyə başlayıb, düşməndən qisas alaraq ona aman verməyib. Murovdağ yüksəkliyi uğrunda 4 gün döyüşüb, yüksəkliyi düşməndən azad etdikdən sonra zirvəsinə bayraq sancıb. Sonra Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Turan Məmmədov oktyabrın 5-dən 6-na keçən gecə Ağdərənin Tonaşen kəndindəki yüksəkliyi alarkən şəhid olub.

Döyüş yoldaşı Rəşid Quliyev danışır ki: 

- Turanla irəlidə gedirdik. Məndən 50-60 metr aralıda idi. Hava dumanlı, çiskin olduğundan bir-birimizi yaxşı görmürdük. Birdən uşaqlar qışqırdılar ki, Turanı vurdular. Eşitdiyim sözlərə inanmadım. Çünki Turan o qədər igid döyüşçü idi ki, adamın onun vurulmasına inanmağı gəlmirdi. Turan hər saat vurulan oğullardan deyildi. İnanmasaq da, artıq hadisə baş vermişdi. Düşmən ona köməyə gələn təxliyyəni də vurdu. Ona görə də Turan başından aldığı güllə yarasından döyüş meydanında şəhid oldu.

Turan Məmmədovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O,  ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.




Facebook-da paylaş