• Təqvim

  • Maraq



Onun ən böyük arzusu


"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab edilir və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş leytenant Nəsibov Nicat Qəşəm oğlu haqqında yer almış "Onun ən böyük arzusu" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Onun ən böyük arzusu


Nicat sərhəd kəndində dünyaya gəlmişdi. Doğulub boya-başa çatdığı Qazax rayonunun Cəfərli kəndi düşmənin bir addımlığında yerləşdiyindən torpaq sevgisinin, yurd həsrətinin nə olduğunu yaxşı bilirdi. Düşmənin tez-tez atəşkəsi pozması nəticəsində eşitdiyi güllə səsləri uşaq yaşlarından onun düşmənə olan nifrətini daha da artırır, intiqam hisslərini alovlandırırdı. 

1998-ci ilin ilk günü - yanvarın 1-də doğulan Nəsibov Nicat Qəşəm oğlu belə bir mühitdə böyüyür, boy atdıqca qəlbindəki vətənpərvərlik duyğuları da böyüyürdü.   

Nicat Nəsibov 2004-cü ildə Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin birinci sinifinə gedən ilk gündən yaxşı oxuyurdu. Müəllimi Gülmirə Baxşəliyeva deyir ki, Nicat çox hazırlıqlı, bilikli uşaq idi. Dərslərini yaxşı oxuyar, yüksək qiymətlər alardı. Lakin  Nicat təhsilini davam etdirmədi. Yaxşı oxumasına baxmayaraq, hərbi yolu seçib ömrünü bu sənətə həsr etməyi elmdən üstün tutdu. 2012-ci ildə orta məktəbin səkkizinci sinifini bitirib sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verdi, yüksək göstərici ilə qəbul olaraq oxumağa başladı.

Nicat Nəsibov 2015-ci ildə həmin liseyi bitirdikdən sonra təhsilini daha da artırmaq məqsədilə elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Hərbi Məktəbdə "Xüsusi təyinatlı texnika və sistemlər" ixtisası üzrə ali təhsil alan zaman hərb sənətini daha da dərindən öyrəndi, gələcəyin zabiti kimi formalaşmağa başladı. 

2019-cu il Nicatın ən çox sevindiyi illərdən biri idi. Təhsilini başa vurub leytenant rütbəsi almış, uşaqlıqdan ürəyində kök atmış arzusuna çatmışdı. Qarşıda onu gənc, perspektivli bir zabit kimi uğurlu hərbi xidmət və saysız-hesabsız arzular gözləyirdi.

Şəhidin anası İlhamə xanım deyir:

-Nicat çox vətənpərvər, elinə-obasına gərəkli, namuslu-qeyrətli oğul idi. Biz onu vətənpərvər böyütmüşdük. Nicatın ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək idi. 

Nicat Nəsibov hərbi xidmətə çox ürəklə və böyük arzularla başladı. Vətənə borcunu vermək zamanı gəlib çatmışdı. "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdu.

2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlarına qarşı ordumuzun keçirdiyi əks-hücum əməliyyatları zamanı Nicat Nəsibov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatıldı. Düşməndən intiqam almaq, onun layiqli cavabını vermək məqamı gəlib çatmışdı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etmək zamanı yetişmişdi.

Anası İlhamə xanım Nicatla 2 sentyabr 2020-ci ildə olan son görüşündən danışaraq deyir:

- Nicat sonuncu dəfə Ofelya nənəsi rəhmətə gedəndə gəlmişdi evimizə. Cəmi 3 gün qaldı. Yas mərasimindən qayıdanda bütün kəndi başdan-ayağa gəzib dolaşıb. Elə bil  kəndlə vidalaşırmış. O vaxtdan sonra bir də görmədim oğlumu.

Sentyabrın 26-da isə telefonla danışıb, anası ilə hal-əhval tutub. Müharibədən, hərbi vəziyyətdən heç nə deməyib. Ümumiyyətlə, Nicat hərbi barədə heç vaxt heç nə danışmaz, bu haqda bir kəlmə söz də deməzdi. Bu da onun hərbçi xarakterindən, əsl zabit olmasından irəli gəlirdi.

Leytenant Nicat Nəsibov Vətən müharibəsinə "N" saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 1-ci tağımının tağım komandiri kimi qatılıb. Xocavəndin, Cəbrayılın, Xudafərin körpüsünün düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları deyirlər ki:

- Nicat çox mərd, mübariz, qorxmaz bir zabit idi. Həmişə irəlidə gedərək bizə mənəvi ruh verirdi. 

Anası İlhamə xanım deyir ki, Nicat kəşfiyyatçı kimi verilən bütün hərbi tapşırıqları layiqincə yerinə yetirib.

Nicat Nəsibov 18 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub qələbə gününü görə bilmədi. 22 yaşlı gənc leytenant döyüş meydanında əbədiyyətə qovuşdu. Azərbaycan Ordusunun igid əsgər və zabitləri torpaqlarımızı düşməndən azad edib onun ən böyük arzusunu həyata keçirərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər. 

Şəhid leytenant Nicat Nəsibov Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid, leytenant Nicat Nəsibovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə""Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 




Facebook-da paylaş