Döyüşə könüllü getmişdi
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab edilir və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş leytenant Həməşəyev Qismət Oruc oğlu haqqında yer almış “Döyüşə könüllü getmişdi” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Döyüşə könüllü getmişdi
Gənc idi. Hələ nə ömür yaşamışdı ki?! Həyatda arzuları yenicə pöhrə vermiş, ürəyindəki istəklər təzə-təzə çiçək açmağa başlamışdı. Ömür budağında puçur-puçur olan arzuları bahar ömrünün istisindən bəhrələnib yeni-yeni göz oxşayır, günəşə doğru boy atırdı. Hələ dünyanın olacaqlarından, payızın vaxtsız əsən küləklərindən, yazın oğlan çağında açılan çiçəklərin birdən-birə solacağından xəbərsiz idi. Hardan biləydi ki, torpaqdan güc aldığı kökün şah damarı hələ pöhrə ikən qırılacaq, nəhəng ağacın budaqları Allahın ümidinə böyüyəcəkdi. Hardan biləydi ki...
Atası müvəqqəti olaraq Rusiyanın Rostov şəhərində yaşadığı üçün Qismət 3 noyabr 1988-ci ildə orada doğulmuşdu. Çox keçmir ki, ailə Vətənə dönür, öz doğma yurd-yuvalarında - Qazax rayonunun Xanlıqlar kəndində yaşamağa başlayırlar. Bundan sonra Qismətin həyatı həmişəlik olaraq Qazaxa bağlanır.
Həməşəyev Qismət Oruc oğlu evin böyük oğlu, həm də ilk övladı olduğu üçün 1995-ci ilin sentyabrın 10-da Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin birinci sinifinə gedəndə ailədə sanki toy-bayram idi.
Qismətin orta məktəb illərindən danışarkən məktəbdə dil-ədəbiyyat fənnindən ona dərs demiş müəllimi Roza Süleymanovanın Qismətin haqqında yazdığı sözləri xatırlamamaq mümkün deyil. Müəllimi yazır: "Bir gün sinifdə Qismətin əlində böyük bir lövhə gördüm. O, lövhəyə Milli Qəhrəmanların şəkillərini vurmuşdu. Məni görəndə dedi ki, müəllim, istəyirəm bu lövhəni ən uca bir yerdən asım, elə bir yerdən asım ki, hər tərəfdən görünsün. Bir dəfə isə "Qaraca qız" hekayəsinin oxusu üzrə iş aparırdım. Hekayənin ən təsirli yerində şagirdlərin buna necə reaksiya verdiklərini öyrənmək üçün sinifə göz gəzdirdim. Ön cərgədə oturmuş Qismət göz yaşlarını saxlaya bilmir, bunu hamıdan gizlətməyə çalışırdı. Qismət haqsızlıqla barışmayan, yalanı sevməyən bir insan idi".
2006-cı ildə orta təhsilini yüksək səviyyədə başa vuran Qismət ali təhsil almağı qarşısına məqsəd qoydu. Elə bu arzu ilə Gəncə Dövlət Universitetinə qəbul oldu, 2011-ci ildə isə oranı bitirdi. Gənc yaşlarından vətənpərvər olan Qismət Həməşəyev ali təhsilini başa vurduqdan sonra Bakıda Silahlı Qüvvələrin Təlim və Tədris Məktəbində (TTM) oxuyaraq leytenant rütbəsi aldı.
2011-ci ildə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılan gənc leytenant öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirərək 2013-cü ildə evlərinə döndü.
Sonra... sonra 13 yaşından atasız böyüyən Qismət ailənin əsas ağırlığını öz üzərinə götürdü, gəncliyindən ömür yükünü çəkməyə başladı, anasına kömək oldu. İşləmək üçün bir neçə yerə müraciət etdikdən sonra 2019-cu ildə "AccessBank"ın Qazax filialında əməliyyatçı-kassir vəzifəsinə işə düzəldi. Qismətin qisməti üzünə gülsə də, bu sevinc çox sürmədi...
Yenicə Allaha şükür eləmişdi, həyatı təzəcə öz axarına düşmüşdü Tamara xanımın. Övladlarını yetimliklə böyütmüş ana hər səhər işə gedən oğluna baxıb fəxr edir, sevinirdi. Elə bu sevinclə, min bir arzu ilə oğluna toy da elədi, gəlin gətirdi. Ömrünün rahat günlərini yaşamağa başladı. Amma atalar deyib: "Sən saydığını say, gör bir fələk nə sayır".
2020-ci ilin iyul ayında ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra Qismətin düşüncələri dəyişməyə başladı. Ürəyindən gənc zabit kimi döyüşmək, düşməndən intiqam, qisas almaq istəyi keçirdi. Bir gün hərbi komissarlığa gedərək adını qeydiyyata aldırdı. Çox keçmədi ki, ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olundu. Bir müddət hərbi təlimlərdə olduqdan, hərbi biliyini və təcrübəsini daha da artırdıqdan sonra döyüş bölgəsinə yola düşdü.
Oktyabrın 10-dan gənc leytenant Qismət Həməşəyev Qarabağın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməyə başlayıb, "N" saylı hərbi hissəsinin 1-ci motoatıcı taborunun motoatıcı tağımının komandiri kimi mərdlik, qəhrəmanlıq göstərib. Kəlbəcər istiqamətində ilk hərbi əməliyyatlara qatıldıqdan sonra onun döyüş yolu Füzulidən keçib. Qismət Həməşəyev çox vətənpərvər idi. Daşkəsəndən gələn zaman xəstə olmasına baxmayaraq, həkimə müraciət etməyib, döyüşə gedib. Oktyabrın 26-da Füzulinin Qaraxanbəyli kəndində sonuncu dəfə döyüşüb. Bir neçə yaralı əsgəri döyüş meydanından çıxaran zaman qəhrəmancasına şəhid olub. Gənc leytenant ömrünü canı qədər sevdiyi Vətənə bağışlayıb.
Qismət Həməşəyevin igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisindəki adsız olan küçələrdən birinə Qismət Həməşəyevin adı verilmişdir.
Facebook-da paylaş