• Təqvim

  • Maraq



Şəhidlər hər zaman bizim qürur yerimiz, fəxrimizdir

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan Şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğullarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən baş çavuş Alı Alıyevin, Şəmisdan Əmiraslanovun, Vidadi Göşşüyevin, Mehman Cürənovun, çavuş Səlamət Həsənovun, Söhrab Pirvəliyevin, Həmid Tağıyevin, baş çavuş Səməd Hacıyevin, Gündüz Sadıqovun, Məhəmməd Əsgərovun, Şiddət Məmmədovun, Məhəmməd Alisgəndərovun, Şahin Mustafayevin, İslam Nəsibovun, Mərdan Nuruyevin, Nüsrəddin Pirvəliyevin, çavuş Kamil Kərimovun əziz xatirəsini ehtiramla yad edirik.

Baş çavuş Alıyev Alı Hümbət oğlu


Alıyev Alı Hümbət oğlu 20 avqust 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Orta təhsillidir. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 26 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Əmiraslanov Şəmisdan Əmiraslan oğlu


Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 25 dekabr 1964-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1972-ci ildə Aşağı Əskipara kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 26 iyun 1992-ci ildə şəhid olmuşdur.

Göşşüyev Vidadi Mürsəl oğlu


Göşşüyev Vidadi Mürsəl oğlu 17 aprel 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1 nömrəli orta məktəbin 1-ci sinifinə daxil  olmuş, 1982-ci ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. 1991-ci ildə könüllü dəstəyə yazılmış, tank sürücüsü olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu 26 iyun 1992-ci ildə “Satılmış” adlanan ərazi ətrafında gedən döyüşlərdə tankı minaya düşmüş və qəhrəmancasına şəhid olmuşdur. Adını əbədləşdirmək məqsədilə Çaylı kəndində 1 nömrəli tam orta məktəbə və bir bulağa şəhidimizin adı verilmişdir.

Cürənov Mehman Məcid oğlu


Cürənov Mehman Məcid oğlu 10 aprel 1966-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1984-1986-cı illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 27 iyun 1992-ci ildə Qızıl Hacılı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 

Çavuş Həsənov Səlamət Muxtar oğlu


Həsənov Səlamət Muxtar oğlu 22 may 1962-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1977-1979-cu illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. SSRİ silahlı  qüvvələrində hərbi xidmət keçmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Həsənov Səlamət Muxtar oğlu 27 iyun 1992-ci ildə Qızıl Hacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi. 4 övladı var. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Adını əbədiləşdirmək məqsədilə oxuduğu Bala Çaylı kənd tam orta məktəbə və bir bulağa şəhid Həsənov Səlamət Muxtar oğlunun adı verilmişdir.

Pirvəliyev Söhrab Aslan oğlu


Pirvəliyev Söhrab Aslan oğlu 11 fevral 1975-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1982-ci ildə Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 27 iyun 1995-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində şəhid olmuşdur. Subay idi. 

Tağıyev Həmid Bəhmən oğlu


Tağıyev Həmid Bəhmən oğlu 13 may 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1979-cu ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin orta məktəbi bitirmişdir. 1990-cı ildə SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Tağıyev Həmid Bəhmən oğlu 27 iyun 1992-ci ildə Qızıl Hacılı kəndi yaxınlığında Satılmış adlanan yerdə gedən döyüşlərdə şəhid olmuşdur. Adını əbədiləşdirmək məqsədilə evlərinin yaxınlığındakı bir bulağa onun adı verilmişdir.

Baş çavuş Hacıyev Səməd Məmməd oğlu


Hacıyev Səməd Məmməd oğlu 28 iyun 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1980-ci ildə Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə həqiqi hərbi xidmətə getmişdir. Baş çavuş Səməd Hacıyev 13 aprel 1993-cü ildə Ağdam rayonunun Xocavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1994-cü il mart ayının 1-dən Orta Salahlı kənd tam orta məktəbi şəhid Səməd Hacıyevin adını daşıyır. 1996-cı ildə dostu Qınnayev Nazim Camal oğlu tərəfindən xatirəsini əbədiləşdirən bulaq tikilib. 2019-cu ildə qardaşı Hacıyev Ramin Məmməd oğlu tərəfindən bulaqda yenidənqurma işləri aparılıb. 

Sadıqov Gündüz Əhəd oğlu


Sadıqov Gündüz Əhəd oğlu 29 iyun 1962-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1969-cu ildə Aşağı Əskipara kənd orta məktəbin 1-ci sinifinə getmişdir. 1979-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 yanvar 1994-cü ildə şəhid olmuşdur.

Əsgərov Məhəmməd İsmayıl oğlu


Əsgərov Məhəmməd İsmayıl oğlu 30 iyun 1941-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1965-ci ildə Ermənistanın Ayrım stansiya Konserv Zavodu yaşayış məntəqəsinə köçərək orda yaşamışdır. 1988-ci ildə yenidən Kəmərliyə qayıtmış, kənddə müxtəlif işlərdə fəhlə işləmişdir. 1994-cü ildə avqustun 3-də minaya düşərək şəhid olmuşdur.

Məmmədov Şiddət Məmməd oğlu


Məmmədov Şiddət Məmməd oğlu 5 yanvar 1972-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Məmmədov Şiddət Məmməd oğlu 30 iyun 2000-ci ildə Quşçu Ayrım kəndi ərazisində ot gətirən zaman düşmənin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi. 

Alisgəndərov Məhəmməd Mahmud oğlu


Alisgəndərov Məhəmməd Mahmud oğlu 1 iyul 1933-cü ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Mustafayev Şahin Cəmşid oğlu


Mustafayev Şahin Cəmşid oğlu 1 iyul 1975-ci ildə İcevan rayonunun Mirteyl kəndində anadan olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına çağrılan Şahin 888-ci briqadada hərbi xidmətə başlamışdır. 703 saylı hərbi hissənin tərkibində Tərtər su anbarı və “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə daha inamla döyüşərək yoldaşları ilə birlikdə məkrli niyyətləri olan erməniləri torpaqlarımızdan uzaqlaşdırmağa can atır. İgid əsgər 1994-cü il aprel ayının 25-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olaraq əbədiyyətə qovuşur.

Nəsibov İslam Yusif oğlu


Nəsibov İslam Yusif oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1964-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1974-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1975-ci ildə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 noyabr 1991-ci ildə şəhid olmuşdur. Aşağı Əskipara kənd tam orta məktəb şəhid İslam Nəsibovun adını daşıyır. 

Nuruyev Mərdan Məmməd oğlu


Nuruyev Mərdan Məmməd oğlu 1 iyul 1970-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1977-ci ildə Yavər Mirzəyev adına Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına çağrılmışdır. Mərdan Nuruyev daha sonra Milli Ordu sıralarında xidmət etmişdir. 8 mart 1992-ci ildə Məzəm kəndində düşmən tərəfin açdığı atəş nəticəsində şəhid olmuşdur. 

Pirvəliyev Nüsrəddin Hüseyn oğlu


Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1975-ci ildə məktəbi bitirmiş və sovet ordusu sıralarına yollanmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 17 sentyabr 2010-cu ildə Kəmərli kəndində hərbi hissə tikintisində çalışan zaman erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. 

Çavuş Kərimov Kamil Ələddin oğlu


Şəhid çavuş Kərimov Kamil Ələddin oğlu 2 iyul 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2002-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olmuş, 2017-ci ildə həmin Akademiyanı bitirmişdir. 2017-cı ilin iyul ayından 2018-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. Ürəyində hərbi sahəyə böyük istək olduğu üçün həyatını bu peşəyə həsr etmək qərarına gəlmişdi. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində kəşfiyyat bölüyündə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. Kamil Kərimov çavuş rütbəsində manqa komandiri kimi xidmət etmişdir. O, qətiyyətli, təcrübəli və cəsur kəşfiyyatçı idi, verilən tapşırıqları peşəkarlıqla yerinə yetirirdi. İkinci Qarabağ müharibəsi başlayanda Toğana kəndində hərbi xidmətdə idi Kamil. Sentyabrın 27-də düşmənə qarşı həmin istiqamətdən ilk döyüşə girib. Murovdağ yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Sentyabrın 29-da isə Kamil Kərimovun sonuncu döyüşü olub. Snayper silahından atılan güllə ilə düz ürəyindən vurulan Kamil Kərimov döyüş meydanında qəhrəmancasına şəhid olub. İgid Vətən oğlu 17 dekabr 2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. 

Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan çavuş Kamil Kərimovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.



Facebook-da paylaş