Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq hər birimizin borcudur
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
“VƏTƏN” bu müqəddəs söz hər birimiz üçün əziz və doğmadır. Çünki Vətən anadır. Hamının ayrı-ayrılıqda bir anası var, ancaq hamımızın birgə bir anası var. Bu, Vətəndir!. Biz bu həyatda necə ki, Allaha və valideynlərimizə borcluyuq, həmçinin, Vətənə də borcumuz var. O borcu qaytarmaq üçün hər birimiz Vətən qarşısında müsəlləh əsgərlərik. Özümüzü dərk etdiyimiz andan etibarən doğma vətənimiz olan Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunması yolunda Şəhidlik adlı zirvəni fəth etməyi gözə almalıyıq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Minlərlə oğullarımız Vətən uğrunda canlarından keçərək Şəhidliyin ən uca zirvə olduğunu hər an sübut ediblər. Vətənini sevən hər bir insan da bu torpaq uğrunda canından keçmiş şəhidlərini, Milli Qəhrəmanlarını unutmamalı, onların əziz xatirəsini daim yad etməlidir. Vətənə olan sonsuz sevgi sayəsində Şəhidlik adlı zirvəni fəth edən, 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcu olmalıdır.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.
Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Araz Məmmədovun, Vüsalə Nuruyevanın, leytenant Əşrəf Axundovun, Ruhiyyə Bənnayevanın, çavuş Mərdan Əsgərovun, Qaratel Hacımahmudovanın, Dadaş İsmayılovun, Şərif Namazovun, Məhəmməd Alisgəndərovun, Mahmud Mahmudovun, Qorxmaz Nağıyevin, Mürsəl Qocayevin, çavuş Natiq Məmmədovun, İlqar Həsənqarayevin əziz xatirəsini ehtiramla yad edirik.
Məmmədov Araz Misir oğlu
Məmmədov Araz Misir oğlu 15 sentyabr 1980-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1987-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1998-ci ildə məktəbi bitirərək hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra Məzəm kəndinə qayıtmışdır. 12 iyun 2001-ci ildə Məzəm kəndinin ərazisində Coğazçay su anbarında balıq tutarkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Subay idi.
Nuruyeva Vüsalə Nuru qızı
Nuruyeva Vüsalə Nuru qızı 9 dekabr 1981-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 13 iyun 1992-ci ildə Xanlıqlar kəndində ermənilərin atdığı top mərmisinin qəlpəsindən şəhid olmuşdur.
Leytenant Axundov Əşrəf Bəhram oğlu
Axundov Əşrəf Bəhram oğlu 29 may 1964-cü ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1979-1981-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Hərbi xidmətdən gəldikdən sonra Qazax rayon Hərbi Komissarlığında gizir vəzifəsində çalışmışdır. Döyüşlərə könüllü getmiş və komandir vəzifəsində çalışmışdır. Leytenant rütbəsi alan Əşrəf Axundov 14 iyun 1994-cü ildə şəhid olmuşdur.
Bənnayeva Ruhiyyə Mustafa qızı
Bənnayeva Ruhiyyə Mustafa qızı 14 yanvar 1977-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1984-cü ildə Kommuna (indiki Bala Çaylı) kənd 8 illik məktəbin 1-ci sinifinə daxil olmuşdur. 14 iyun 1992-ci ildə ermənilərin Kommuna kəndini atəşə tutması nəticəsində evlərinə düşən qrat mərmisindən şəhid olmuşdur.
Çavuş Əsgərov Mərdan Məhəmmədəli oğlu
Əsgərov Mərdan Məhəmmədəli oğlu 22 iyun 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd orta məktəbin 1-ci sinifinə getmişdir. 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci ildə şəhid olmuşdur. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Hacımahmudova Qaratel Şəmi qızı
Hacımahmudova Qaratel Şəmsi qızı 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Bakı şəhərində Ticarət Texnikomunu, Xalq Təsərrüfatı İnsitutunu qurtarmışdır. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Qazax şəhər ümumi orta məktəb qəhrəman şəhidin adını daşıyır. Rayon rəhbərliyi tərəfindən şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilib.
İsmayılov Dadaş İsmayıl oğlu
İsmayılov Dadaş İsmayıl oğlu 17 may 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına getmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda çalışmışdır. İsmayılov Dadaş İsmayıl oğlu 14 iyun 1992-ci ildə Kommuna (indiki Bala Çaylı) kəndində ermənilər tərəfindən atılan top mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.
Namazov Şərif Yolçu oğlu
Namazov Şərif Yolçu oğlu 18 sentyabr 1948-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1955-ci ildə Quşçu Ayrım səkkiz illik məktəbin 1-ci sinifinə daxil olmuş, daha sonra Aşağı Əskipara kənd tam orta məktəbində oxumuşdur. 1965-ci ildə orta məktəbi bitirərək sovet ordusunda hərbi xidmət keçmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. 14 iyun 1992-ci ildə erməni silahlı qüvvələrinin Quşçu Ayrım kəndinə silahlı basqını zamanı şəhid olmuşdur. Ailəliydi. 2 övladı var.
Alisgəndərov Məhəmməd Mahmud oğlu
Alisgəndərov Məhəmməd Mahmud oğlu 1 iyul 1933-cü ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Mahmudov Mahmud Abdulla oğlu
Mahmudov Mahmud Abdulla oğlu 23 iyul 1971-ci ildə Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildə Milli Orduya xidmətə çağırılmışdır. 15 iyun 1993-cü ildə Məzəm kəndində gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir.
Nağıyev Qorxmaz Nadir oğlu
Nağıyev Qorxmaz Nadir oğlu 17 iyun 1965-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Bala Çaylı kənd 8 illik məktəbin 1-ci sinifinə daxil olub, 1980-ci ildə həmin məktəbi bitirib. 1981-82-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra sovet ordusunda xidmət edib. Qayıtdıqdan sonra kənddə fərdi təsərrüfatla məşğul olub. 14 iyun 1992-ci ildə Bala Çaylı kəndində düşmən tərəfindən atılan qrat mərmisi nəticəsində şəhid olmuşdur. 15 iyun 1992-ci ildə Çaylı kəndində Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Qocayev Mürsəl Məhəmməd oğlu
Qocayev Mürsəl Məhəmməd oğlu 1 mart 1958-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1965-ci ildə (Əli Bayramlı) hazırkı Aslanbəyli kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1975-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1977-79-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Ordudan qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.
Çavuş Məmmədov Natiq Məhəmməd oğlu
Məmmədov Natiq Məhəmməd oğlu 12 avqust 1967-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1974-cü ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1985-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra polis orqanlarında çalışmışdır. Məmmədov Natiq Məhəmməd oğlu 16 iyun 2005-ci ildə Məzəm kəndində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.
Həsənqarayev İlqar Həmid oğlu
Həsənqarayev İlqar Həmid oğlu 3 aprel 1972-ci ildə Kürdəmir rayonunun Xınışlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1989-cu ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 18 iyun 1994-cü ildə Biləcəri yolunda hərbi texnikanın qəzası nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Facebook-da paylaş