Bu gün “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynovun cənnətdəki doğum günüdür
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- 2020-ci
ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bir daha sübut etdi ki, ölkə
Prezidenti İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan
milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə
qadir olan bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun gücü və
qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ
bilər. "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan və 30 illik həsrətə
son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə uzun illər
yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları
bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması
üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi
birləşdilər. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək hərb
tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə zəfərini yazdılar. Torpaqlarımızın
qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik
zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq
borcudur. Azərbaycanın
müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca
zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də baş leytenant Hüseynov Nəbi Hacıbala oğludur. Bu gün döyüş
meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Qarabağ”
ordeni, "Vətən
uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”,
"Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Nəbi Hüseynovun cənnətdəki
növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 30 yaşı tamam
olacaqdı... GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq
qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini
ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ
uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Nəbi Hüseynov da hər zaman yad
olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Nəbi kimi oğullarımız daim
qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər
zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər
hər zaman Nəbi tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad
olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə
Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov
adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı
ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin il Cəmşid
Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil
almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi
bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM)
olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da
artırmışdır. Xüsusi Təyinatlı Qüvvələrin "N” saylı hərbi
hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant
Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində
gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid
olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə
yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha
sonra iki medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin
azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə", 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi
məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin
adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə "Qarabağ” ordenli şəhidimizin adı verilib.
Facebook-da paylaş