• Təqvim

  • Unutma

  • Maraq



Bu gün Vətən müharibəsi şəhidi çavuş Pərvin İsgəndərovun cənnətdəki doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Uzun illərdir mənfur düşmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də Vətən müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi.

Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır...

Müzəffər Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn oğullarımızdan biri də çavuş İsgəndərov Pərvin Pərviz oğludur.

Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş çavuş Pərvin İsgəndərovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 27 yaşı tamam olacaqdı... 

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Pərvin İsgəndərov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Pərvin kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Pərvin tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!

Şəhid Pərvin İsgəndərov 25 iyun 1995-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2015-ci ildə isə tərxis olunmuşdur. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. "N” saylı hərbi hissənin manqa komandiri MAHHXHQ çavuş Pərvin İsgəndərov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Çavuş Pərvin İsgəndərov 15.10.2020-ci ildə Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında atası şəhid İsgəndərov Pərviz Hacıməmməd oğlunun yanında dəfn edilmişdir. Ailəliydi. Şəhid babası Pərvizin adını daşıyan 1 azyaşlı oğlu yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin İsgəndərov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.






Facebook-da paylaş