Bu gün “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan qazaxlı şəhid Taleh Abdullayevin doğum günüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------- Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Böyük Qələbə xalqımızın yaddaşına və hərb tariximizə əbədi həkk olundu. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Rəşadətli Ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğulları qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar. Bu gün Azərbaycan qalib ölkə olaraq bütün dünyada
tanınırsa, ordumuzun gücü, qüdrəti sayəsində işğalda olan torpaqlarımız azad
edilibsə, buna görə bir vətəndaş olaraq hər birimiz Ali Baş Komandana,
torpaqlarımız uğrunda canını fəda edən əsgər və zabitlərimizə, sağlamlığını
itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin
ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan
qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları
tanımalı və tanıtmalıyıq. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı
uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları
tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq
borcudur. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də əsgər Abdullayev Taleh Temraz oğludur. Bu gün Vətən müharibəsi şəhidi Taleh Abdullayevin
doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 29 yaşı tamam olacaqdı... GOYEZEN.AZ saytı
olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz
xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək
Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Taleh Abdullayev də hər
zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Taleh kimi
oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi
igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq.
Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək. Məkanın cənnət,
ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Şəhid Abdullayev
Taleh Temraz oğlu 8 fevral 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1999-cu ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi
xidmətə çağırılmış, 2012-ci ildə hərbi
xidməti başa vurmuşdur. 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimixidmətə başlamışdır. ”N” saylı hərbi hissənin heyət nəfəri-atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Taleh Abdullayev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Vətən uğrunda canından keçən şəhidimiz 15.10.2020-ci il tarixdə Qazax rayonunun Yuxarı
Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. Vətən naminə canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Taleh Abdullayev də medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə
fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş