• Təqvim

  • Unutma

  • Maraq



Bu gün doğum günü olan, 1 orden, 7 medalla təltif olunmuş Vətən müharibəsi şəhidi əsgər Sakit Allahverdiyevin əziz xatirəsini ehtiramla anırıq...

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbə və tarixi Azərbaycan ərazisi olan Qarabağın, eləcə də ətraf rayonlarımızın işğaldan azad olunması ilə 2020-ci il Zəfər salnaməsinin yazıldığı il kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində Zəfər sevincini yaşayan Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq həmin günləri bu gün də qürurla xatırlayır. O günlər ki, Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.

Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağın erməni hərbi birləşmələrindən təmizlənməsinə görə Ali Baş Komandana, torpaqlarımız uğrunda canını fəda edən əsgər və zabitlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Vətən, torpaq, yurd naminə canını fəda edərək 19 yaşında Şəhidlik zirvəsinə ucalan, şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullardan biri də ölümündən sonra 1 orden, 7 medalla təltif olunmuş əsgər Allahverdiyev Sakit Şahin oğludur.

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 20 yaşı tamam olacaqdı...

Vətən müharibəsində igidlik göstərərək Şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Sakit Allahverdiyev də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.

Əsgər Allahverdiyev Sakit Şahin oğlu

Şəhid Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş "N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı” ordeni, "Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.










Facebook-da paylaş