• Təqvim

  • Unutma

  • Maraq



Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiyanın bugünkü iştirakçıları da məktəblilər olub


Vətən müharibəsində qazandığımız Böyük Zəfərdən bir il ötür. Bu Zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev siyasətinin, şanlı Ordumuzun gücünün, qüdrətinin nəticəsidir. Bu o Zəfərdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə xalqımızın yaddaşına əbədi həkk olundu.

Bu gün xalqımız həmin tarixi Qələbəni qürurla xatırlayır və Zəfər bayramı olaraq qeyd edəcək. Ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən bu il 8 noyabrın Zəfər Günü kimi qeyd olunması da bunun bariz nümunəsidir.  

Respublikamızın hər yerində olduğu kimi,  8 Noyabr – Zəfər Günü Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq artıq bir neçə gündür ki, Qazax Tarix-Diyarşünaslıq Muzeyində "Açıq qapı" aksiyası təşkil edilir. "Tariximizi öyrənək" adı altında start götürən "Açıq qapı” aksiyasının əsas məqsədi tariximizi öyrənmək, Vətən uğrunda canlarını fəda edən igid qəhrəmanlarımızı tanıtmaqdır.

 

Bugünkü aksiyanın iştirakçıları Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri olub.

Məktəblilər muzeylə, eləcə də Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 44 günlük Vətən müharibəsi və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə yaxından tanış olublar. Muzeyin ikinci mərtəbəsində 338 nəfər Qazaxın igid, qəhrəman oğlunun xatirəsinə yaradılan bu guşənin şəhidlərimizə olan ehtiramı özündə əks etdirdiyi diqqətə çatdırılıb. Qazaxın tarixi, dünəni, bu günü barədə ətraflı məlumat verilib.

44 günlük Vətən müharibəsində xeyrin şər üzərində qalib gəldiyi qeyd edilib. 8 Noyabr - Zəfər Gününün əsrlər keçsə, nəsillər bir-birini əvəz etsə belə tariximizin qəhrəmanlıq səhifəsinə yazılan şanlı bayram kimi hər zaman qürur və fəxrlə qeyd olunacağı bildirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə görə Ali Baş Komandana, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuz bildirilib. Şəhidlərimizi yaxından tanımaq üçün bu cür ziyarətlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndirərək ehtiramlarını bildiriblər.


GOYEZEN.AZ



Facebook-da paylaş