Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiya davam edir
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan
və cəmi 44 gün sonra Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən
müharibəsi xalqımızın yaddaşına əbədi həkk olundu. Müzəffər ordumuzun qazandığı
tarixi Qələbədən artıq 1 il ötür. Xalqımız ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il 8 noyabrı Zəfər Günü
kimi qeyd edəcək. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur. Vətən müharibəsinin birinci ildönümünün
keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax
Tarix-Diyarşünaslıq Muzeyində "Açıq qapı" aksiyası təşkil edilib. Oktyabrın
28-dən "Tariximizi öyrənək" adı altında start götürən "Açıq
qapı” aksiyasının əsas məqsədi tariximizi, Vətən uğrunda canlarını fəda edən
igid qəhrəmanlarımızı tanıtmaqdır. Bugünkü aksiyanın iştirakçıları Qazax
şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə
məktəb-liseyin 10-11-ci sinif şagirdləri olub. Məktəblilər muzeylə, eləcə də Qazax Rayon
İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 44 günlük Vətən müharibəsi və
Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə yaxından
tanış olublar. Muzeyin ikinci mərtəbəsində 338 nəfər Qazaxın igid, qəhrəman
oğlunun xatirəsinə yaradılan bu guşənin şəhidlərimizə olan ehtiramı özündə əks
etdirdiyi diqqətə çatdırılıb. Qazaxın tarixi, dünəni, bu günü barədə ətraflı
məlumat verilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,
rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş
Komandan İlham Əliyevə, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borclu
olduğumuz bildirilib. Şəhidlərimizi yaxından tanımaq üçün bu cür ziyarətlərin böyük
əhəmiyyət daşıdığı vurğulanıb. Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər
səsləndirərək ehtiramlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş